Sakinlərin "Nisyə dəftəri"ndəki borclarını ödədi - savab əməl
Ölçü:

Aztəminatlı ailələrə dəstək kampaniyalarının genişləndiyi indiki çətin vaxtda paytaxt sakinləri daha bir unikal xeyriyyəçilik aksiyasının şahidi olub. Belə ki, adının ictimaiyyətə açıqlanmamasını istəyən xeyirxah bir şəxs sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib.

Koordinat.az xəbər verir ki, bu xeyriyyəçi təşəbbüsünü müqəddəs Ramazan bayramı münasibətilə reallaşdıran həmin şəxs borcunu ödədiyi mağazalardakı “nisyə dəftər”lərini özü ilə aparıb və borcların tamamilə ödənildiyi barədə mağazanın qarşısına elan vurdurub.

Mağaza və aptek sahibləri bildiriblər ki, uzun illərdir nisyə mal versələr də, bu cür xeyriyyə təşəbbüsü ilə ilk dəfədir qarşılaşırlar. Hətta bağlanan borclar arasında illərdir üst-üstə yığılıb qalmış böyük məbləğlər də olub.

Bu təşəbbüs ictimaiyyət tərəfindən rəqbət və minnətdarlıq hissi ilə qarşılanır. Eyni zamanda bu hal həm də Azərbaycan xalqı hər zaman bir-birinə dəstək olduğunun bariz nümunəsi kimi təqdirəlayiqdir. Bu xeyriyyə aksiyasının unikallığı ondadır ki, tanımadığı insanların mağaza və apteklərə olan borclarını ödəyən bir Allah bəndəsi özünün kimliyini nəinki ictimaiyyətə, hətta borc sahiblərinə açıqlamır. Müqəddəs Ramazan bayramı ərəfəsində qazanılan ən böyük savab budur. Belə əməllər Allah tərəfindən bəyənilən və sevilən əməllərdir!
26.05.2020 13:29:00
Oxuma sayı: 135