Prezident İrəvanı Ermənistana verən cümhuriyyətçiləri qınadı: "Bunu heç vaxt bağışlamaq olmaz"
Ölçü:

"Bu gün Respublika Günüdür. Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı, Azərbaycan xalqı bunun təşəbbüskarı olub. Eyni zamanda, biz bu gün də tarixdən ibrət götürməliyik. Nə üçün Respublika iki ildən də az yaşadı? Nə üçün süqut etdi? Nə üçün müstəqilliyi qoruya bilmədi? Bu suallardır. Biz düzgün nəticə çıxarmaq üçün tarixi bilməliyik".

Koordinat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılış mərasimindəki çıxışında deyib. Dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi barədə fikirlərini davam etdirərək bildirib: "Burada heç bir mifologiyadan söhbət gedə bilməz. Hansısa hadisələri şişirtməklə biz özümüzü aldatmamalıyıq. Nə üçün? Çünki o hadisələr təkrarlanmasın. Nə üçün? Çünki müstəqilliyimiz əbədi olsun. Azərbaycan Xalq Cümhuriyyəti rus imperiyasının dağılması nəticəsində yaranmışdır. Ancaq cəmi iki ilə yaxın yaşadı. Çox önəmli addımlar atılmışdır. Müstəqillik elan olundu, dövlət atributları təsis edildi. Milli Ordu, Bakı Dövlət Universiteti yaradıldı, mütərəqqi qanunlar qəbul edildi. Amma, eyni zamanda, biz bilməliyik ki, o müstəqillik şərti xarakter daşıyırdı. Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı. Respublika Azərbaycan ərazisinə tam nəzarət etmirdi. Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz. Ona görə biz bu həqiqətləri bilməliyik və gənc nəsil də bilməlidir. Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik. Həqiqəti bilməliyik ki, bu, təkrarlanmasın. Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın yaşadı, müstəqilliyi qoruya bilmədilər. Azərbaycanın başında duranların bir çoxu ölkəni tərk etdi, müstəqillik əldən getdi. Bilirsiniz, gözəl şüarlar demək olar. Amma bu şüarların arxasında gərək iradə, güc və əməl olsun.
29.05.2020 10:57:00
Oxuma sayı: 118