Jurnalistin evi əlindən alınıb
Ölçü:

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Qaraşoğlu qeydiyyatda olduğu mənzilin “Akkord” Sənaye Tikinti Korporasiyası ASC-nin əməkdaşları tərəfindən zəbt edildiyini bildirib.

Jurnalist deyib ki, “Akkord”un işçiləri Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 7-ci km-də yerləşən 1 saylı binada 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan, qardaşı Anar Orucova məxsus mənzilin qapısını dəmir alətlə qıraraq kilidini dəyişmiş və mənzili qanunsuz olaraq zəbt etmişlər. Ə.Qaraşoğlu bu əməlin sabiq baş prokuror Zakir Qaralovun sifarişi ilə törədildiyini düşünür:

“Qardaşım Anar Orucov 2007-ci ildə “Akkord” Sənaye Tikintisi İnvestisiya Korporasiyası ASC-dən ümumi dəyəri 27.000 manat olan mənzili 20 illik kreditlə alıb. Ötən dönəmdə mənzilin ümumi dəyərinin əsas hissəsi ödənilib, daha doğrusu, 21.560 manat vəsait şirkətin hesabına köçürülüb. Bu illər ərzində isə həmin mənzildə mən yaşamışam, təmir elətdirmişəm, rəsmi şəkildə bu ünvana qeydiyyata düşmüşəm. Qeydiyyatı “Akkord” şirkətinin özü təsdiqləyib. Pandemiya zamanında kənddə qaldığımızdan, evdə heç kim olmayıb. Bütün məişət, şəxsi əşyalarımız evin içində ola-ola şirkət əməkdaşları ling vasitəsilə kilidi qıraraq, yenisi ilə əvəz ediblər. Bu gün mən öz mənzilimə girə bilmirəm, əşyalarımın taleyindən bixəbərəm. Kreditin yerdə qalan 5440 manatı ilə bağlı şirkətlə dəfələrlə müzakirələrimiz olub, yaxın zamanda məbləğin tam ödəniləcəyi bildirilib. Lakin bütün bu proseslərdən sonra evimin vəhşicəsinə zəbt edilməsinin səbəbi nədir? Əgər bu siyasi sifariş deyilsə, bəs, nədir?!”

Ə.Qaraşoğlunun fikrincə, “Akkord” şirkətində heç kim Zakir Qaralovun iradəsinə zidd gedə bilməzdi: “Pandemiya dönəmində cuzi kredit borcuna görə ölkənin tanınmış baş redaktorunun evi niyə bu şəkildə zəbt edilir? Bunun hüquqi və siyasi məsuiliyyətini kim daşıyır? Təkcə bu faktın özü ölkədə nə qədər böyük özbaşınalıqların olduğunu göstərir. Mən hələ sizə başqa faktları da deyəcəm. 2007-ci ildə Anar Orucovla “Akkord” şirkəti arasında Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 7-ci km-də, 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan mənzilin alınması ilə bağlı müqavilə imzalanır. Şirkət bizi məhkəməyə verir və məhkəmə sənədində 2 otaqlı, 69 kv.m-lik mənzil qeyd olunur. Sual ortaya çıxır: axı biz 1otaqlı, 45 kv.m-lik mənzildə qalırıq, qərarda qeyd olunan 2 otaqlı mənzil kimindir? Digər qanunsuzluq isə sözün əsl mənasında nonsensdir. Deməli, bizim 2007-ci ildə bağladığımız müqavilənin nömrəsi 4228-dir, hakimin qərarında isə 4287 kimi qeyd olunur. Hesab edirəm ki, bu, sırf əvvəlcədən düşünülmüş, bir sıra şəxslərdən ibarət mütəşəkkil dəstənin cinayəti və özbaşınalığıdır. Bu adamlar ya Zakir Qaralovdan sifariş alaraq biz jurnalistləri ölkə başçısına qarşı etiraza sövq edirlər, ya da məhkəmə üzərində olan güclərindən istifadə edib, insanların mənzillərini zorla zəbt etməyə çalışırlar. İstənilən halda haqqın, ədalətin bərqərar olmasına çalışacaq, məsələ ilə bağlı prezidenti məlumatlandırmaq üçün bütün gücümüzü səfərbər edəcəyik”.

“Akkord” ASC-nin hüquqşünası Zamil Abdullayev isə “Ayna” qəzetinə açıqlamasında şirkətin qanunsuz iş görmədiyini deyib: “Məhkəmə qərarı əsasında hərəkət etdiyimiz üçün addımlarımız tam qanunidir. Borcun ödənilməsində gecikmə olduğuna görə müqavilənin ləğvi tələbi ilə iddia qaldırdıq və məhkəmə bizim tələbimizi qəbul etdi.”

Z.Abdullayev Orucovların ipoteka krediti üçün ödədikləri məbləği geri qaytarmağa hazır olduqlarını da söyləyib.

28.05.2020 15:07:00
Oxuma sayı: 66