Çingiz Abdullayev: "Rüşvət verən adamları məcbur belə vəziyyətə salırlar"
Ölçü:

"Rüşvətin populyarlaşmasında cəmiyyəti günahlandıranlar var, mən bu fikirlərlə razı deyiləm.  Düzdür, mən özüm heç vaxt rüşvət verməmişəm, heç vaxt da almamışam. Artıq müəyyən bir yaşım var və 33 ildir Yazıçılar İttifaqının katibi vəzifəsindəyəm. Və mən bu vəzifəyə seçilirəm, təyin olunmuram. Bu illər ərzində bir adam deyə bilməz ki, bir qəpik kimdənsə nə isə almışam. Mən rüşvət verən adamları başa düşürəm, onları məcbur belə vəziyyətə salırlar, onlar da məcbur qalıb pul verir".

Koordinat.az xəbər verir ki, bunu Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Yenisabah.az-a müsahibəsində deyib. O, rüşvətin onu verənlərdən asılı olmadığını ASAN Xidmət Mərkəzlərinin nümunəsi ilə izah edib: "Mən insanlarla görüşürəm, yüzlərlə, minlərlə adamdan soruşmuşam ki, ASAN xidmət yaradılıb, kim orada rüşvət verib? İndiyə qədər neçə adamdan bunu soruşmuşam və inanın, bir nəfər belə mənə deməyib ki, “Mən Asan xidmətdə rüşvət vermişəm”. Milyonlarla adam var ki, oranın xidmətlərindən istifadə edir və rüşvət vermir. Görünür bu vəziyyətdən asılıdır".

Xalq yazıçısı rüşvətin aşağılardan asılı olmadığına dair daha bir misal çəkib: "Əvvəllər bir insanın xəstəsi vardısa və təcili xaricə getməli idisə, xarici pasportu tez almaq üçün pul tapıb verirdi. Sonra başa düşdülər ki, bu, belə olmaz, bir sistem yaratmaq lazımdır, kim pasportunu tez almaq istəyirsə pul verə bilər, amma qanuni yolla. ASAN xidmətə getsin, dövlət rüsumunu ödəsin və bir günə pasportunu alsın. Onları da  başa düşmək lazımdır, elə hər mövzuda cəmiyyət pisdir demək olmaz, cəmiyyət pis deyil, sadəcə insanlar məcbur qalıblar.  Ona görə elə bir sistem yaradılmalıdır ki, insanlar rüşvət verməyə məcbur olmasınlar. Bu baxımdan mən ASAN xidməti çox dəstəkləyirəm. Bir neçə il bundan öncə mənə desəydilər ki, bütün sənədləri, arayışları gedib belə bir yerdən rahat almaq mümkün olacaq inanmazdım. Hesab edirəm ki, bu sistem nümunədir və belə də olmalıdır. Belə olarsa, heç kəs rüşvət verməyəcək.

İnsanları qınamaq olmaz, ona görə ki, rüşvətxorlar qəsdlə insanları belə vəziyyətə salırlar. Ona görə sistem dəyişməlidir ki, insanlar rüşvət verməsinlər. Rüşvət insanı alçaldır, həm  verəni, həm də alanı. Rüşvəti alan da başa düşməlidir, o bilir ki, bu qanunsuzdur,  rüşvətxor özü öz yerini çox yaxşı bilir, bilir ki, Allahsız iş görür və vicdansızdır".
27.05.2020 10:44:00
Oxuma sayı: 40