Səməd Seyidov: “Ermənilər 300-400 il işləyib, biz də işləməliyik..."
Ölçü:

"Ermənilər Şuşada “andiçmə” şousu düzəltdilər... Bəlkə də qəribə səslənir, hesab edirəm ki, bu, onların gücsüzlüyüdür, gücü deyil. Bəziləri bizi təxribata çəkirlər ki, ay gördünüz, belə elədilər, elə elədilər. Şuşa işğaldadır... Əlbəttə, orda baş verənlər hamıya təsir göstərir. Amma bunlar çox hiyləgərliklə və qəsdən bizim hisslərimizlə oynayırlar".

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Yeni Müsavat”a müsahibəsində deyib. O, ermənilərin Şuşadakı "andiçmə" mərasiminin bu cür təntənəli şəkildə keçirməsini bir neçə səbəblə izah edib: "Səbəbləri araşdırmaq üçün əvvəlcə Avropa Parlamentinin 11 may, 19 may 2020-ci il qərarlarını oxumaq çox vacibdir. Hər ikisində, birincisi, Azərbaycanın ərazi bütövlüyü, ikincisi, Qarabağın özündən imtina, yəni danışıqlar prosesi formatının Azərbaycan-Ermənistan şəklində saxlanılması məsələsi vurğulanır. Təbii, bunlar əllərindən gələni edəcəklər. Birincisi, özlərini qabağa versinlər, “inauqurasiya”, “andiçmə” deyib, Qarabağdakı rejimi önə çəksinlər, ikincisi isə təbii ki, bizə növbəti dəfə mənəvi zərbə vurmaq cəhdini ortaya atacaqlar. Bu, heç də təsadüf deyil. Bunun kökü, əsası ondan ibarətdir ki, beynəlxalq aləmdə Azərbaycan prezidentinin apardığı siyasət artıq öz əksini, öz cizgilərini tapmağa başlayır. Konkret olaraq həm Avropa Birliyinin mövqeyinə, həm Trampın məktubuna, həm Lavrovun bəyanatına diqqət edin, bunların heç birində Dağlıq Qarabağ yoxdur. Hamısında Ermənistan və Azərbaycan var. Belə olan halda Qarabağ erməniləri neyləməlidir? Təbii ki, təxribat etməlidirlər. Təbii, biz azərbaycanlıları qıcıqlandırmalıdrılar ki, “biz varıq”, “biz bir qüvvəyik”, “bizim yeni prezidentimiz var”, “burda hansısa ”prosedur" keçiririk". Paşinyanı da, tula kimi, üzr istəyirəm, Ermənistandan ora çağırmalıdırlar. Ona görə ki, bizim hisslərimizə təsir göstərsinlər.

Ən faciəlisi budur ki, Azərbaycanda bəzi “icmalçılar və siyasətçilər” deyirlər ki, “bu gün bombalamaq, müharibəyə başlamaq lazımdır”. Ay qardaş, bu Şuşa dünən də işğalda idi, bu gün də işğaldadır. Dünən bizim diplomatik səylərimiz o qədər də çox deyildi, bu saat çoxalır. Qoyun, bu istiqamətdə bir balaca işləyək. Yox, görürlər ki, uğurlar əldə olunur, proses gedir, bu istiqamətdə məsələlər həll olunur, dərhal düşmənin dəyirmanına su tökürlər. Belə şey etmək olar?

Səməd Seyidov BMT-nin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə vağlı 4 qətnaməsinin 30 ildir kağız üzərində qalmasından sonra Azərbaycan cəmiyyətində müharibə çağırışlarının artmasına belə münasibət bildirib: "Fikirləşirsiniz ki, kimsə təyyarə ilə bomba atacaq ora, olacaq təpki? Bəzi şərhçilər deyirlər ki, bombalamaq, güllələmək, müharibəni başlamaq lazımdır. Bu, başqa söhbətdir. Ancaq bunun üçün hazırlıq aparılmalıdır. Hazırlıq aparıldığı, gücümüz artığı dövrdə... Ən əsası, biz həmişə nəyi arzulayırdıq: dünya ictimaiyyəti Azərbaycanın səsinə səs versin, mövqeyimizi müdafiə etsin. Bu başlayıb, dərhal erməni başa düşür ki, “yox, gərək bunun qarşısını alaq”. Necə alaq? Şuşada şou, konsert düzəldək, bunlar qıcıqlansınlar, müharibəyə başlasınlar və uduzsunlar. O halda dünyaya car çəksinlər ki, “bax, gördünüz, deyirdik bunlar barbardırlar, bizi qırmaq üçün üstümüzə gəldilər”. Burada məqsəd budur, başa düşmək çox çətindirmi?"

Səməd Seyidov Azərbaycan ictimaiyyətini səbrli olmağa çağırıb: "Səbirli olmalıyıq. Ermənilər 300-400 il işləyiblər. Biz də işləməliyik. Mən demirəm ki, 300 il dözək. Ancaq işləri əvvəlcə diplomatik nöqteyi-nəzərdən hazırlamaq, beynəlxalq səviyyədə yüksəltmək lazımdır".
26.05.2020 17:27:00
Oxuma sayı: 72