Avropa Məhkəməsi Ramil Səfərov barədə yeni qərar çıxardı - Azərbaycandan 31 min 600 manat təzminat tələb olunur
Ölçü:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün Azərbaycanla bağlı növbəti qərarını elan edib.

Koordinat.az
xəbər verir ki, “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı" adlı iş üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş hərbçi Ramil Səfərovla bağlıdır. Qərar Azərbaycanın əleyhinə yönəlib.  AİHM hesab edir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının "yaşamaq hüququ" (2-ci maddə) və "etnik ayrı-seçkiliyin qadağan olunması" (14-cü maddə) maddələrini pozub.
Qərarın qısa əsaslandırılmasında deyilir ki, "Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasının icrasını əsassız icra etməyib".

Qərara görə, Azərbaycan tərəfi erməni milliyətindən olan ərizəçilərə - şikayətçilərə (Hayk Makuçyan və Samvel Minasyan) 15 min 143,33 funt sterlinq (31 min 600 manat) təzminat ödəməlidir.

Xatırladaq ki, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. O, kurs yoldaşı, əslən erməni olan Qurgen Markaryanı onu təhqir etdiyi üçün qətlə yetirib və 2006-ci il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Bakıya təhvil verib, o, Azərbaycanda əfv olunub.

Həmin vaxt ölmüş erməni hərbçinin ailəsi hüquqi prosedurları başladıb, yekunda AİHM-ə şikayət edib. Ərizəçilər iddia edirdi ki, hərbçi R.Səfərovun Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda AİHM qarşısında ayrı-seçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirmişdilər.

Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu iddia edirdilər.

Hazırda Azərbaycan Ordusunda polkovnik-leytenant rütbəsində xidmət edən zabit Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib.
Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası almışdı.  

31 avqust 2012-ci ildə R.Səfərov Azərbaycana ekstradisiya olunub. Elə həmin gün Ramil Səfərovla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam verib.

26.05.2020 14:21:00
Oxuma sayı: 60