Cəbhəyanı rayonun icra başçısına sərt ittiham: naməlum əsgərlərin məzar daşları oğurlanıb - FOTOLAR
Ölçü:

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədo rayonun girişindəki qəbiristanlıqda uyuyan naməlum əsgərlərin məzarlarının dağıdılmasına, həmin məzarlarlar üzərindəki mərmər və qranit daşları oğurlanmasına göz yummaqda ittiham olunur.

Koordinat.az xəbər verir ki, bu barədə Tərtər özünümüdafiə batalyonunun əfsanəvi komandiri, Tərtər rayon İcra Hakimiyyətinin başçısı, mərhum Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə özünün "Facebook" səhifəsində məlumat yayıb. Onun sosial şəbəkə vasitəsilə yaydığı şəkillərdən də naməlum əsgərlərin məzarlarının dağıdıldığı görünür. Həmin məlumatı olduğu kimi oxuculara təqdim edirik:

"Bu məzarlar Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər rayonunun girişində yerləşən qəbirstanlıqda olan vətən uğrunda çarpışan, ana-bacı gözyaşlarına həsrət qalan qəhrəman şəhidlərimizin məzarlarıdır!

Tarixi:
Qarabağ müharibəsinin ən şiddətli vaxtlarında Vaquas, Vəng kəndləri ərazisində vətənimizin azadlığı uğrunda 67 əsgərimiz şəhid olur. Şəhidlərimizin 12 nəfəri yaxınları tərəfindən tanınmış və öz yurduna aparılıb dəfn edilmişdi. 55 nəfər şəhid əsgərimizin isə cəsədləri tanınmaz halda olduğu üçün sahibsiz qalmışdı. Həmin vaxtlarda atam Sərdar Həmidov Tərtər rayonu icra hakimiyyətinin başçısı idi. Sərdar Həmidovun göstərişinə əsasən, tanınmaz halda olan şəhidlərimizin başsız, qolsuz, ayaqsız parçaları dinimizin tələblərinə uyğun olaraq, yuyularaq kəfənlənib, tabuta qoyulub dəfn edilməsi, məzar daşlarının isə mərmər və qranit daşından götürülməsi üçün humanitar məsələlər üzrə müavini Oqtay Musayevin rəhbərliyi ilə komissiyası yaradılır. Həmin komissiyaya Sərdar Həmidovun müavini, rayonun axundu və bir çox rəsmilər daxil edilmişdi.

Naməlum şəhidlərimizin tanınması mümkün olmadığı, yaxınlarının tapılmadığı Sərdar Həmidova məruzə ediləndə bilirsiniz nə demişdi? "Azərbaycanın sahibsiz şəhidi yoxdur! O əsgərlər mənim övladlarımdır, Azərbaycanın övladlarıdır" söyləmişdi. (Müstəqim Məmmədov, əgər sənin övladın şəhid olsaydı, inan, öz oğlunu bundan artıq səviyyədə dəfn edə bilməzdin!) İndi həmin şəhidlərimizin məzarları bax, bu haldadır. Mərmər daşları oğurlanıb!!! Sənin başçılıq etdiyin rayonda, Tərtər rayonunun girişində yerləşən qəbirstanlıqdan, ey Müstəqim Məmmədov! Ey Tərtəri təmsil edən deputat Sahib Alıyev!

Paylaşmayacaqdım! Çünki ayıbıma gəlirdi. İllərdir bu məzarlar bu haldadır!

Azərbaycan Prezidenti sizlərə vəzifə verib, şans verib, deyib ki, gedin xalqa xidmət edin, dövlətçiliyə xidmət edin. Hanı xidmət?!

İndi məcbur qalıb paylaşıram. Çünki indi sən, Müstəqim Məmmədov, mənim babamın tikdiyi, İsgəndər, Sərdar, Zakir Həmidovların böyüdüyü evini, mənim yurdumu alıb quldurlara, reketlərə vermək istəyirsən!

Mən də sənə bir sual verirəm, Müstəqim Məmmədov: Bu məzar daşlarının sinə daşını, baş daşını satıb yeyib qutarmısan ki, indi mənim ata-baba yurdumu sot-sot satmaq eşqinə düşmüsən? Ey Azərbaycan, bu sübutu bircə sualla paylaşın: bu, vətənə xəyanət deyil?!

Bu, döyüş bölgəsində düşmənə xidmət etmək, əhalini ruhdan salmaq deyil? Bu, aprel döyüşləri ilə torpaqlarımızın bir hissəsinidə azad edən qəhrəman ordumuzun ALİ BAŞ KOMANDANINA xəyanət deyil?"

P.S. Tərtər rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq!

24.05.2020 18:09:00
Oxuma sayı: 49