Məcburi köçkünlər Milli Məclisin qarşısnda piket keçirəcək - Meriyaya müraciət
Ölçü:


İşğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardan olan bir qrup məcburi köçkün mayın 26-da saat 15:00-dan 16:00-dək Milli Məclisin qarşısında piket keçirtmək üçün Bakı şəhər icra hakimiyyətinə müraciət edib.

Koordinat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, piketin təşkilatları heç bir siyasi təşkilata bağlılığı olmayan məcburi köçkünlərdir. Onlar doğma yurd-yuvalarını işğal  altında saxlayan ermənilərin hədsiz özbaşınalığına, beynəlxalq hüquq və qanunları saymadan Şuşada, Laçında və digər ərazilərdə qanunsuz hərəkətlərinə etiraz edəcəklər. Həmçinin Azərbaycan Respublikasının Milli Məclisindən işğal olunmuş doğma torpaqlarımızda yaranmış təhlükəli vəziyyətlə bağlı ictimai dinləmələrin keçirilməsi tələb olunacaq. Etiraz aksiyasının sonunda məcburi köçkünlər adından hazırlanmış bəyanat Milli Məclisi rəhbərliyinə təqdim olunacaq.

Koronovirus pandemiyası ilə əlaqədar ölkədə mövcud olan karantin rejimi nəzərə alaraq piketdə 20-30 nəfərin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, artıq piketin təşkilatçıları həftənin 1-ci günü üçün Bakı Şəhər İcra Hakimiyyətinə dəvət olunub. 

23.05.2020 19:39:00
Oxuma sayı: 57