Zakir Sultanovun 5 min dollarlıq içkisi, Metropoliten rəisinin qalmaqallı ad günü və... - FOTOLAR
Ölçü:

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlı və bu günlərdə həbs olunan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov barəsində şok məlumatlar üzə çıxıb. Məlum olur ki, hədsiz dərəcədə varlanmış hər iki keçmiş məmur öz adlarına 1 şüşəsinin qiyməti 5 min dollardan baha olan içkilər sifariş verirmiş.

Koordinat.az xəbər verir ki, bu barədə "hurriyyet.org" məlumat yayıb. Məlumatda  “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun da xaricdə və ölkə daxilində böyük biznes şəbəkəsinə və milyonlarla dollar dəyərində sərvətə malik olduğu deyilir. Onun “Bakı Metropoliteni” QSC-də keçirdiyi qalmaqallı ad günündən bəhs olunur.

Məsələ ondadır ki, Baş Polis İdarəsinin “Bakı Metropoliteni”ndə Polis İdarəsinin bu günlərdə vəzifəsindən azad olunan rəisi, polkovnik Samir Hüseynov həm də yaxın qohumu olan (Sabiq rəisin Zaur Hüseynovun bibisi oğlu olduğu bildirilir.) Zaur Hüseynova onun ad günündə (sentyabrın 26-da) sürpriz hazırlayıb. O, tabeçiliyində olan polis əməkdaşlarını “Bakı Metropoliteni” QSC-nin binası qarşısında toplayaraq, onları dəfələrlə “Ad günün mübarək”, “Təbriklər, cənab sədr!” deyə qışqırmağa məcbur edib. Bundan sonra Zaur Hüseynov dövlət başçılarının qarşılanma mərasimlərində olduğu kimi, polis nəfərlərinin təbrik sədaları altında "fəxri qaravul"un  önündən keçib. Üstəlik, bu mərasim “Bakı Metropoliteni”nin operatoru tərəfindən video-lentə də alınıb. O cümlədən, bəzi əməkdaşlar tərəfindən gizli foto-çəkiliş də aparılıb. Tədbir Zaur Hüseynovun doğüm günü üçün sifariş olunan böyük tortun kəsilməsi ilə davam etdirilib" - deyə bildirilir.
 
Bildirilir ki, polislərin bir çoxu bu biabırçılığa etiraz etsə də, sonradan iş yerlərini itirəcəklərindən ehtiyatlanaraq polis rəisinin (keçmiş-red.) əmrinə tabe olub.

Xatırladaq ki, Samir Hüseynov bir neçə gün əvvəl daxili işlər naziri Vilayət Eyvazov əmri ilə vəzifəsindən azad olunub. Onun işdən kənarlaşdırılmasına səbəb kimi bu cür qanunusuz əməlləri göstərilir. Bildirilir ki, Metropoliten rəisi qohumu olan polis rəisinə hüdudsuz səlahiyyət veribmiş. Onun qanunsuz hərəkətlərindən şikayət edənlər müxtəlif yollarla cəzalandırlırmış…

23.05.2020 13:11:00
Oxuma sayı: 67