Fuad Muradov icmaların və dini qurumların rəhbərləri ilə videokonfrans keçirdi - FOTO
Ölçü:

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Azərbaycanda fəaliyyət göstərən müxtəlif icmaların və dini qurumların rəhbərləri ilə "Müxtəlif olsaq da – Birlikdə güclüyük!" mövzusunda videokonfrans təşkil edilib.

Koordinat.az xəbər verir ki, tədbirdə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin xarici məsələlər üzrə müavini Rəşad Əliyarlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev və digər icma nümayəndələri iştirak ediblər.

Konfransda yerli xalqların nümayəndələrinə və millətlərə münasibətdən danışılıb, Azərbaycanda multikultural dəyərlərə önəm verildiyi, etnik azlıqlara qarşılıqlı hörmətin və dini tolerantlıq mühitinin hökm sürdüyü vurğulanıb. Qeyd olunub ki, müxtəlif xalqların sülh və sabitlik şəraitində yaşaması baxımından ölkəmiz nümunəyə çevrilib.

Videokonfransda müxtəlif dillərdə danışmağa imkan yaradılması da müsbət qiymətləndirilib, yerli və dini icmaların fəaliyyətinin əlaqələndirilməsinin diqqətdə saxlanılmasının əhəmiyyəti qeyd olunub.

İştirakçılar dövlətçilik tariximizə nəzər salıb, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, müasir Azərbaycanın inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.

Sonda tədbir iştirakçıları vətəndaş cəmiyyətinin azad və demokratik şəraitdə fəaliyyət göstərməsinə görə Azərbaycan dövlətinə və onun rəhbərliyinə, eləcə də bu siyasətin həyata keçirilməsində iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.

22.05.2020 19:44:00
Oxuma sayı: 43