Qarabağ separatçıları “parlament”i Xankəndidən Şuşaya köçürür
Ölçü:

Qarabağ separatçılarının yeni lideri Araik Arutyunyan mayın 21-də “inauqurasiya” zamanı bildirib ki, parlamenti Şuşaya köçürmək istəyir. 

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. O, deyib ki, "parlament"in Şuşaya köçürülməsi istiqamətdə addımlar atılacaq: “Ümid edirəm ki, növbəti çağırış Milli Məclisin iclasları artıq Şuşada keçiriləcək. Milli Məclisi Şuşaya köçürmək istəyi var. Biz bu istiqamətdə addımlar atacağıq”.

O, Qarabağın tarixi mərkəzi kimi Şuşanın dirçəldilməsinə və əhalisinin artırımasına çalışcaqlarını əlavə edib. Bunun üçün Şuşada tikinti-bərpa işləri başlayacaq, yeni evlər inşa olunacaq.

Xatırladaq ki, qondarma rejimin “parlamenti” hazırda Xankəndi şəhərində yerləşir.

Şuşa 1992-ci ilin mayına qədər Dağlıq Qarabağın azərbaycanlı əhalinin yaşadığı ən böyük şəhəri olub. Erməni işğalına qədər şəhərdə 20 minə yaxın azərbaycanlı yaşayıb, Şuşanın işğalından sonra onların hamısı məcburi köçkün vəziyyətinə düşüb.
22.05.2020 18:43:00
Oxuma sayı: 31