Dünyanın qran-priyə layiq gördüyü sənətkar Əbülfəs Qarayevin diqqətindən yayınıb - biganəlik, yoxsa...?
Ölçü:

Son vaxtlar bir sıra  millət vəkillərinin, sənət adamlarının sabiq nazir Əbülfəs Qarayevlə bağlı verdiyi açıqlamalar, keçmiş mədəniyyət nazirinin ölkə mədəniyyətinə, incəsənət və mədəniyyət xadimlərinə  olan ögey münasibətini bir daha ortaya qoydu.

Koordinat.az xəbər verir ki, sabiq mədəniyyət nazirinin laqeydlik və biganəlik sərgilədiyi sənət adamlarından biri də tanınmış tarzən Ayaz İmranov olub. Maraqlıdır ki, Azərbaycan tarı və muğamını uzun illərdir dünyanın müxtəlif ölkələrində təbliğ edən, böyük uğurlara nail olan sənətkar ötən il Qazaxıstanda keçirilən beynəlxalq müsabiqənin ən ali mükafatına – qran-priyə layiq görülüb. Amma sabiq mədəniyyət naziri Əbülfəz Qarayev tanınmış tarzənə adi bir “sağ ol” da deməyi özünə borc bilməyib. Azərbaycan tarı adına qran-pri mükafatı qazanan tarzən Mədəniyyət Nazirliyinin adi bir telefon zəngi ilə də olsun, yada salınmayıb. 

Tarzən Ayaz İmranov Moderator.az-a açıqlamasında bu olayla bağlı fikirlərini bölüşüb: “Ötən il 26-28 aprel tarixlərində Qazaxıstanın Aktau şəhərində beynəlxalq musiqi festivalı təşkil olunmuşdu. Həmin festivalda müstəqil türk dövlətləri ilə yanaşı, Rusiya Federasiyasındakı türk respublikalarının, Uzaq Şərq ölkələrinin də təmsilçiləri iştirak edirdi. Bu festivalın sonunda müsabiqənin ən yaxşısı kimi qran-pri mükafatı ilə təltif olundum. Ölkəmizə qayıtdıqdan sonra Mədəniyyət Nazirliyindən bir kimsə Azərbaycan adına qazanılan bu uğurla maraqlanmadı. Bu yanaşma məndə təəssüf hissi doğursa da, dövlətimizi həmin müsabiqədə müvəffəqiyyətlə təmsil edə bildiyim üçün bu gün də qürur duyuram. İnanıram ki, bundan sonra Mədəniyyət Nazirliyində təmsil olunan rəsmilər mədəniyyətimizə və incəsənətimizə daha duyarlı münasibət ortaya qoyacaq, başqa dövlətlərin bizə layiq gördüyü qiyməti bizdən əsirgəməyəcəklər".

Ayaz İmranov Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın mədəniyyət və incəsənət xadimlərinə verdiyi mənəvi dəstəyi yüksək qiymətləndirib: "Bu əməyinə görə hörmətli millət vəkilimizə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, mədəniyyətimizi daha da inkişaf etdirmək üçün onun keşiyində məhz bu cür insanların dayanması vacibdir”.

Xatırladaq ki, DTX-nın Mədəniyyət Nazirliyində həyata keçirdiyi son əməliyyatdan sonra adıçəkilən qurumda çalışan bəzi səlahiyyət sahibləri yol verdikləri qanunsuzluğa görə məsuliyyətə cəlb edilib. Dünən isə  ölkə başçısının sərəncamı ilə mədəniyyət naziri Əbülfəs Qarayev də tutduğu vəzifədən azad edilib. Bütün bunlar Mədəniyyət Nazirliyində baş verən olayların miqyasından, bu olayların ali siyasi rəhbərlikdə doğurduğu təəssüratdan xəbər verir.

22.05.2020 18:32:00
Oxuma sayı: 33