Tofiq Rüstəmov təmənnasızlığı...
Ölçü:

Müsəllim HƏSƏNOV


1980-ci ilin isti bir iyul günü...

O vaxt Azərbaycan Dövlət Universiteti adlanan indiki Bakı Dövlət Universitetinin idman zalı. Sənəd qəbulu gedir. Mən bir qədər həyəcanla sənədlərimi jurnalistika fakültəsinə vermək üçün masaya yaxınlaşıram...

O vaxt jurnalistika fakültəsinə sənəd verənlər mətbuatda dərc edilmiş yazılarının surətini də təqdim etməliydilər. Hərbi xidmətdən təzəcə qayıtmışdım. Sənədlərimə Rusiyada hərbi qəzetlərdə dərc edilmiş xeyli yazı da əlavə etmişdim.

Qovluğumu götürən Bəsirə xanım sənədləri diqqətlə gözdən keçirəndən sonra yazılarımı yanında sakitcə əyləşmiş tanımadığım kişiyə ötürdü. O da həmin yazıları atüstü gözdən keçirəndən sonra rus dilində yazılmış yazılardan birini götürüb dedi:
- Bu məqalənin məzmununu rus dilində danış.

Bu "imtahan" mənim üçün gözlənilməz olsa da, özümü itirmədim, danışmağa başladım. Sonra başqa bir məqaləni götürdü. Onun da qısa məzmununu danışandan sonra yazıları Bəsirə xanıma qaytardı və mənim sənədlərim jurnalistika fakültəsinə qəbul üçün götürüldü. "Sağ olun", - deyib zalı tərk etdim.

Amma narahat idim. Bu yazılara baxan kişi kim idi? Mənim rus dilində biliyimi nə məqsədlə yoxlayırdı? Axı hələ qarşıda iki yaradıcılıq imtahanı, dörd qəbul imtahanı var idi və mənə qiymət məhz həmin imtahanların nəticəsinə uyğun veriləcəkdi...

Sənədlərin qəbul edildiyi idman zalını tərk edib bir kənarda gözlədim. Sənəd qəbul edən xanımın yanında oturan tanımadığım adam durub harasa çıxanda Bəsirə xanıma yaxınlaşdım:
- Üzr istəyirəm, Bəsirə xanım, - deyə bir qədər narahatlıq və ehtiyatla soruşdum, -  burda əyləşən müəllim kim idi? Mənim rus dilində yazdığım yazılara niyə maraq göstərirdi?

Bəsirə xanım dedi ki, Tofiq Rüstəmovdur, bizim fakültənin dekanı...

Kənddən gələn bir abituryentin jurnalistika fakültəsinin dekanını tanımaması qəbahət deyildi. Hardan tanıya bilərdim ki?

Sonra Bəsirə xanım yavaşca əlavə etdi ki, bu günlərdə Mərkəzi Komitənin plenumu olub. Plenumda Heydər Əliyev ictimai-siyasi mətnlərin tərcüməsi sahəsində nöqsanlardan danışıb, tərcüməçi kadrların hazırlığına xüsusi diqqət yetirməyi tapşırıb. Ona görə sizin rus dilində biliklərinizi yoxlayırdı, bu, hər halda xeyrinizə olar...

Doğrusu, bu məlumat xoşuma gəldi. Amma yenə də düşündüm ki, nə xeyri ola bilər? Mən imtahandan "kəsilsəm", qarşısını alacaq? Əlbəttə, yox...

Hər halda universitetin binasını bu fikirlərlə tərk edib avtobus dayanacağına tərəf getdim. O vaxtlar indiki Elmlər Akademiyası metrosuna (onda metro yox idi) çatmamış yolun solunda kitab mağazası var idi. Mağazaya dönüb Mərkəzi Komitənin son plenumunun materiallarından ibarət balaca kitabçaya 20 qəpik verib götürdüm. Elə avtobusdaca Heydər Əliyevin məruzəsində Bəsirə xanım deyən hissəni tapdım. Doğrudan da məruzədə bir abzas ictimai-siyasi ədəbiyyat tərcüməsi sahəsində olan problemlərə həsr edilmiş, bu nöqsanların aradan qaldırılması barədə bir neçə quruma, o cümlədən, universitetə, xüsusən jurnalistika fakültəsinə bu cür kadrların hazırlanmasına xüsusi diqqət yetirmək tapşırılmışdı.

Bu, nədir?

Təsadüf?

Bilmirəm.

İşin düz gəlməyi?

Yenə də anlamıram. Amma onu bilirəm ki, iş stajım olmadığına görə iki il filologiya fakültəsinə sənəd vermişəm (o vaxt jurnaltikaya iki il iş stajı olmayanların sənədləri götürülmürdü).

Elə belə... Boş qalmamaq üçün. Və hər ikisində də müsabiqədən keçməyərək hərbi xidmətə getməli olmuşam.

Bu, üçüncü cəhddir. Və deyəsən, bu dəfə qarşımda ilk yaşıl işıq yanmağa başlayır...

Amma yenə də xüsusi arxayınçılıq yaranmır. Məni ilk dəfə görən, təxminən 10-15 dəqiqə söhbət edən dekanın mənə nə köməyi dəyə bilər ki?

O vaxt da sirr deyildi, indi də heç kimə sirr deyil ki, həmin illərdə ali məktəblərə qəbul zamanı, əsasən,  pul işləyirdi. Deyək ki, hüquq fakültəsinə (elə o biri fakültələrə də) qəbul edilən 25 nəfərdən azı 20 nəfəri pul və ya tanışlıq hesabına daxil olurdu. Qalan 5-6 nəfər, necə deyərlər, öz gücünə...

Mənim ali təhsil sistemində tanış və ya qohumum yox idi. Qəbul olunmaq üçün pul vermək imkanım isə heç yox idi...

Düzdü, valideynlərim iki il Bakıdan "əliboş" qayıtmağımdan narahat olub, borc-xərc nəsə eləmək barədə düşünmüşdülər, amma mən qəti etiraz etmişdim. Çünki əsas çətinlik arxada qalmışdı, hərbi xidməti başa vurmuşdum. Əmin idim ki, bu il də olmasa, növbəti il qəbul olunaram.

Bununla belə, dekanın mənə isti münasibəti ürəyimdə bir arxayınlıq işığı da yandırmışdı...

Qəbul imtahanlarından əvvəl keçirilən iki yaradıcılıq imtahanından uğurla keçdim. Yazılı imtahanda "Mənim ordu həyatım" adlı inşa yazmışdım...

Şifahi imtahana gələndə Tofiq müəllim yazdığım inşanı - ordu həyatımı bəyəndiyini hiss etdirmişdi. Şifahi imtahandan da keçdim və qəbul imtahanları başladı.

İlk iki imtahandan "dörd" almışdım. Artıq şansım var idi...

Amma üçüncü imtahan - ingilis dili bir az narahatlıq yaradırdı. Orta məktəbdə ingilis dilini fasilələrlə keçmişdim...

İmtahanı iki qadın müəllimə götürürdü. Bileti çəkdim, cavab verməyə... cəhd göstərdim. Alınmadı. Daha doğrusu, özüm də hiss etdim ki, müəllimləri qane edə bilmirəm. Onlardan biri soyuqqanlı şəkildə dilləndi:
- Bala, bilmirsən. Bu dəfə səni "kəsirik", hazırlaşıb gələn il gələrsən...

Mən nələrsə mızıldanmağa başladım. Amma neyləmək olardı ki? Bir halda ki, "iki" yazmaq istəyirlər, mənim, necə deyərlər, şələ-küləmi yığıb kəndə qayıtmaqdan başqa yolum yox idi.

Və elə bu vaxt...

İmtahan otağının qapısı açılır, Tofiq Rüstəmov içəri girir və müəllimlərdən biri imtahan kağızımı götürüb "iki"ni ora həkk eləmək istəyəndə dekanı görüb deyir?

- Tofiq müəllim, bu oğlanı "kəsirik". İngilis dilindən zəifdir. Gələn il gələr...

Cəmi bir dəfə 10-15 dəqiqə mənimlə söhbət eləmiş Tofiq müəllim nə desə yaxşıdır?

Özünəməxsus təbəssümlə stola yaxınlaşır, zalda oturan o biri abituriyentlərin eşitməməsi üçün yavaşca deyir:
- Niyə "kəsirsiniz"? Bu oğlan əsgərlikdə yaxşı qulluq edib...

Mənə olduqca xoş gələn bir jest olsa da, özüm də çaşdım. Bu nə deməkdir? Əsgərlikdə yaxşı qulluq edənə orden verərlər, jurnalistikaya, imtahana, xüsusən ingilis dilinə bunun nə dəxli?

Sonra Tofiq müəllim bir az da aşağı əyilib müəllimənin qulağına, mənim güclə eşitdiyim, səhv etmirəmsə, belə bir cümlə dedi: "Oğlanlar az qalıb, rektorun acığı tutub"...

Bu da mənim xeyrimə olan arqument idi.

Amma hələ gözləyirəm. İmtahan vərəqəm - taleyim müəllimənin əlindədir...

Bu vaxt həmin qadınlardan biri qabağıma bir kağız atıb çoxmənalı şəkildə dedi:
- Bir halda ki, dekan deyir... Al bunları köçür!

Tələsik sualların qabağında boş qoyduğum yerləri doldurmağa başladım, Tofiq müəllim isə otağı tərk elədi.

Mənə bir, necə deyərlər, "itaparan" "üç" yazdılar. İmtahan otağını qəribə hisslərlə tərk elədim.

Bu nə möcüzəydi?

Tofiq Rüstəmov auditoriyaya niyə məhz mən cavab verəndə, daha doğrusu, mən "kəsiləndə" daxil olmuşdu?

Təbii ki, o qapının arxasında məhz mənim cavab verəcəyim dəqiqəni gözləyib içəri girməmişdi.

Bu, bir təsadüf idi.

Amma bunun təsadüf olduğunu bircə mən bilirdim. Və bir də yəqin Tofiq müəllim...

İmtahan götürən müəllimlər isə ömründə bunun təsadüf olduğuna inana bilməzdilər!

Əgər bu söhbəti imtahan bileti çəkmək üçün auditoriyada qalan 8-9 nəfərdən (təxminən bu qədər uşaq qalmışdı) kimsə eşitmişdisə, onların da bunu təsadüf sayması qeyri-mümkün idi!

Bu təsadüf mənim yox, başqa bir abituriyentin bəxtinə çıxsaydı, təbii ki, mən də bunu təsadüf saymazdım!

1980-ci ilin yayıydı. Universitetə, elə o biri ali məktəblərə də müəyyən pul müqabilində tələbə qəbul etdirmək praktikası geniş yayılmışdı və bunu hamı bilirdi. Və məhz mən imtahan verəndə dekanın içəri girməsini və "əsgərlikdə yaxşı qulluq etdiyimi" əsas gətirməsini heç kim təsadüf hesab etməzdi! Və hamı da haqlı olardı...

Elə imtahan götürən müəllimələrdən birinin "Bir halda ki, dekan deyir..." replikası da bunun bariz təsdiqi idi. Yəni dekan deyir ki, səni "kəsməyək"!

Dekan tanımadığı bir kənd uşağına görə bunu niyə deyir?

Təbii ki, o kənd uşağının ödədiyi pula görə...

Bu mənzərənin başqa izahı yox idi!

Amma bir mən, bir Tofiq Rüstəmov və bir də Allah bilirdi ki, belə deyil!

Onun otağa girməsi təsadüfdür!

Bir də həmin anda mənim sadəcə bəxtimin gətirməsi...

Vəssalam.

Dödüncü imtahandan da "dörd" aldım. Qəbul olunmaq şansım yaranıb, amma hələ də məsələm sual altındadır.

Artıq qəbul edilənlərin siyahısının asılmaq vaxtı çatdığından yenə də qəbul komissiyasına gəldim. Tofiq müəllim də ordaydı. Dedi hələ siyahı təsdiq edilməyib. Və sonra da əlavə etdi ki, əgər sən əyani şöbəyə qəbul olunmasan da, narahat olma, biz səni qiyabiyə götürəcəyik...

Bu da yaxşı xəbərdir. Heç olmasa qiyabi şöbədə oxuya bilərəm.

Növbəti gün siyahı asıldı və mən adımı əyani şöbəyə qəbul olunanların siyahısında görə bildim...

Kəndə qayıtdım. Valideynlərimə, yaxın qohumlarıma başıma gələnləri detalına qədər danışdım.

Nə məsləhət versələr yaxşıdır?

O kişi sənə yaxşılıq edib, onun hörmətindən çıxmaq lazımdır!

Necə? Hansı formada?

Ona aparıb bir qədər pul vermək... Qəbul imtahanı üçün tələb edilən miqdarda olmasa da, yüngülvari hörmət etmək.

Dedim nə danışırsınız? Mən o boyda dekana pulu harda, necə verə bilərəm? Bu, mümkün deyil!

Onda növbəti təklif gəldi. Heç olmasa, bir qoyun kəsək, dərs başlayanda apar ver evinə.

Yenə də yaxın qoymadım. Mən o adamın evini necə tapım? Nə deyim? Necə deyim?

Beləcə sentyabrda dərsə gəlib oxumağa başladım.

İxtisaslar üzrə bölgü olanda Tofiq müəllim özü məni dərs dediyi tərcümə qrupuna yazdı.

Beş il müxtəlif təmaslarımız, söhbətlərimiz oldu. Amma  bir dəfə də olsun nə o, nə də mən həmin isti iyul günü baş verənlərə qayıtmadıq.

O, niyə qayıtmadı, bilmirəm, mən sadəcə, utandım. Nə deyim? Necə xatırladım?

Oxuduğum beş il müddətində bu mövzunun üstünə gəlməyə heç vaxt imkan olmadı.

Sonralar mən "Azərnəşr"də işlədim, orda ilk kitabım çıxdı. Yadımdadır ki, kitabın siqnal nüsxəsi çıxanda birinci Tofiq müəllimə verdim. Kitabın içində təxminən belə bir cümlə ilə başlayan avtoqraf yazmışdım: "Jurnalistika fakültəsində mənə yaşıl işıq yandıran Tofiq müəllimə və s..."

Həmin iyul gününə görə təşəkkür mənasında...

Çox sonralar, mən "Azərnəşr"də redaktor olduğum günlərin birində görüşərkən nəşriyyatda bizim Əliş müəllim Nəbilinin kitabının çapının niyə ləngiməsi ilə maraqlandı. Təxminən belə cavab verdim ki, mən Əliş müəllimin kitabının çapını tezləşdirmək gücündə olan adam deyiləm axı... Sadə bir redaktoram...

Bax onda illərdən bəri narahat olduğum, onunla müzakirə etmək istədiyim mövzu açıldı. Özü də Tofiq müəllim açdı.

Dedi ki, qəbul imtahanın yadındadırmı?
Tofiq müəllim, necə yadımda olmaya bilər?

Və başladım o tarixçəni, ondan sonrakı düşüncələrimi, qohum-əqrəbanın ona hörmət etmək barədə məsləhətlərini danışmağa.

Diqqətlə dinlədi, arada özünəməxsus təbəssümlə nələrsə dedi və sonda:
- Müsəllim, o vaxt bəlkə daha cavan olubsan, anlamayıbsan. İmtahan götürən xanımın "bir halda ki, dekan deyir..." replikası yadındadır?
- Əlbəttə, yadımdadır, Tofiq müəllim.
- O replikanın nə demək olduğunu anladın?
- Yüz faiz, Tofiq müəllim. O demək idi ki, mən sizə pul vermişəm...
- Bəli. Amma sən bilirdin ki, belə söhbət yoxdur. Mən də bilirdim ki, yoxdur, o xanımın nə düşünməsindən asılı olmayaraq vicdanım təmizdir. Mən sadəcə, anlamışdım ki, sən jurnalistika fakültəsində oxumağa layiqsən, amma hər hansı xırda bir nüans səni kənarda qoya bilər. Ona görə mən sənə sadəcə, yaxşılıq etmək istədim...

Sonra əlavə elədi:
- Mən universiteti bitirəndən sonra işsiz-gücsüz evdə otururdum. Günlərin birində Abbas Zamanov məni çağırıb dedi ki, "Uçitelskaya qazeta"da iş var, səni tapşırmışam, get işə götürəcəklər. O vaxt Abbas Zamanov mənə təmənnasız bir yaxşılıq elədi. O yaxşılığı mən də sənə etdim. Sən də kiməsə edərsən...

Doğrusu, kövrəldim. Tofiq müəllim bu söhbəti indi haqq dünyasında olan Əliş Nəbilinin kitabına qayğı göstərmək kontekstində açmışdı.

Sonralar kimlərəsə gücüm çatan qədər yaxşılıq etməyə çalışdım...

Və Tofiq müəllimin yaxşılığı barədə yazmaq istədim. Hətta bir dəfə özünə də dedim ki, yazmaq istəyirəm. Onda Tofiq Rüstəmov "Kommunist" qəzetinin redaktoru idi.

Dedi ki, indi yazma, indi mənim vəzifəm var, kimlərsə səni qeyri-səmimilikdə qınaya bilər. Mən vəzifədən gedəndən, hətta bəlkə də, həyatdan gedəndən sonra yazsan, daha təbii olar...

Tofiq müəllim bu dünyadan vaxtsız getdi. 1998-ci ildə...

Dəfələrlə yazmaq istədim, niyəsə alınmadı. Gah əhvalım o əhval olmadı, gah yaza bilmədim. Olur belə şeylər.

Amma bu yazı illərdən bəri çiynimdə ağır bir yük kimi gəzdi. Bu günlərdə hörmətli müəllimim Akif  Rüstəmov Tofiq müəllimin ad günü ilə bağlı Feysbukda paylaşım edəndə oturub birnəfəsə bunları yaza bildim...

O rəhmətliyin ruhu qarşısında ehtiramımı bildirmək üçün. Gec də olsa...

Allah başda Tofiq Rüstəmov olmaqla bütün yaxşı adamlara rəhmət eləsin.

Həyat yaxşı adamlarla və yaxşılıqlarla gözəldir...

22.05.2020 10:31:00
Oxuma sayı: 30