“Space”də kəskin peşəkarlıq çatışmazlığı sindromu
Ölçü:


Elçin MİRZƏBƏYLİ

Azərbaycanda “Space” adlanan bir telekanal var. Əsasən hind filmlərinin yayımı ilə məşğul olur.
Arabir toyxana, çayxana, meyxana və digər “xana” tipli verilişlər də verir ki, hind filmlərinin nostaljisini yaşayanlar süni səs effektlərinin və bəsit hind romantikasının təsirindən ayılıb izlədiklərindən daha zövqsüz ekran nümunələri ilə tanış olmaq imkanı əldə edə bilsinlər və təsəlli tapsınlar.

“Space” telekanalının efiri bəşər tarixində mövcud olan bütün sivilizasiyalarının formalaşdırdığı mədəniyyətlərin, sövqün, estetik dünyagörüşünün, sivil və sağlam təfəkkürün bitdiyi yerdir. “Space” zövq anlayışının edam kötüyüdür. Burada Azərbaycan mədəniyyəti, Azərbaycan dili, xalqımızın adət-ənənəsi, mənəvi dəyərləri hər gün çarmıxa çəkilir. Burada efir mədəniyyətinə, jurnalist peşəkarlığına hər gün ağlasığmaz əzab verirlər, incidirlər, alçaldırlar, rəzil edirlər. Görünür bəzilərinin Azərbaycan xalqına aşırı ironik münasibəti, aşağılayıcı baxışı filmlərdən efirə transformasiya olunub. Həm də çox bəsit, zövqsüz, qeyri-peşəkar bir tərzdə... İndi keçək faktlara...

Bu telekanalda kəskin peşəkarlıq çatışmazlığı sindromu var. Əslində bu xəstəlik adıdır. Bəli, bəli xəstəlik. Çox təəssüf ki, “Space” televiziyasının “Xəbərlər” xidməti bu sindromun daşıyıcısıdır. Daşıyıcısı olduğu hava ilə evlərə daxil olaraq yoluxdurmağa çalışır. İki fakt haqqında danışacağam.

Birincisi, təxminən 10-15 gün bundan öncə “Space”-in xəbər aparıcısı qışqıra-qışqıra car çəkərək az sonra önəmli məsələnin baş verəcəyi anonsunu verdi. Təkrar-təkrar verilən bu anons qulaq deşirdi. Və nəhayət bu nə olsa yaxşıdır - “Space”-in ana xəbərlərinin qulaqcığı manipulyasiya aləti olaraq yalançı canlı yayım effekti yaratmaq istəyən müxbirinin Xınalıq hoqqabazlığı. Güya əsas xəbər başlığına çıxarılan alpinistlərin tapılması xəbərini bu dəqiqə elan edəcəkmiş. Xub.

Ağzı köpüklənə-köpüklənə yalançı effektlə Xınalıq sakinini danışdıran müxbir özünü qəhrəman hesab edirdi. Mənbə olaraq sakinin dediyi əsas götürülür, sanki bu qədər dövlət strukturlarının gecə-gündüz axtarış tədbirləri bir heç imiş. Hələ bu harasıdır. Bir az sonra digər müxbir əlinə mikrofonu alaraq birinci müxbiri yalanlayır və alpinistlərin tapılmadığını bildirirdi. Bu süjetə baxanda bir an elə bildim ki, ekranda iki televiziyadır, biri təsdir, digəri inkar edir. Ancaq görəndə ki, bu “Space” televiziyasının iki müxbiridir və eyni məkanda durub bir-birini təkzib edir, məəttəl qaldım.

Və dünya televiziya şəbəkəsində analoqu olmayan peşəkarlığa bərəkallah dedim. İkinci fakta isə dünən axşam “Space”-in xəbərlər buraxılışında rast gəldim. Deməli, xəbərlərin müxbiri qaçırıldığı deyilən müəllimin ardınca xəbərsiz-kəlamsız hücüm çəkir məktəbə. Şit dubl effektlərlə, yöndəmsiz və uyğunsuz kino planları ilə, aşağılayıcı tonla mövzunu qatır bir-birinə. Birincisi, bilmirsən, bu “müxbir”lər nəyi qoyub nəyi axtarırlar. Əgər məqsəd qaçırıldığı güman edilən müəllimdirsə, bunu məktəbdə niyə axtarırsınız?

Axı bu hadisə məktəbdə baş verməyib.

Deyilənə görə, camaat ailə qurur, toya hazırlaşır, televiziya isə köhnə xəbəri tirajlayır. İkincisi, əlinizə aldığınız kameranı pulemyot hesab edərək məktəbin müəllimini, binasını niyə nişəngaha çevirirsiniz? Verilən süjetin nə xəbər yükü vardı, nə də mövzu tutumu. Məqsəd ancaq ucuz şou effekti yaratmaq və diringi estetikası idi. Bütün bunların sonunda deyəcəyim bir söz var: kəskin peşəkarlıq çatışmazlığı sindromu.

P.S. Sonra da deyirlər ki, camaat niyə qonşu ölkələrin televiziya seriallarına baxır.

24.01.2018 12:49:20
Oxuma sayı: 873