Qərbi Azərbaycan (İrəvan) Respublikası elan olundu - BƏYANNAMƏ
Ölçü:

Mayın 18-də Qərbi Azərbaycandan olan bir qrup alim və ziyalılar, ictimai fəal Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldığını elan edib.

Koordinat.az xəbər verir ki, Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs Qrupunun BAO-nun (Bütöv Azərbaycan Ocaqları) təşkilatçılığı ilə keçirilən video-konfransda elan edilib. 

"Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızın bir hissəsini 30 ildir işğal altında saxlayan Ermənistandan dədə- baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatıb.  Biz bir qrup Qərbi Azərbaycan kökənli ziyalılar bu məqsədləri reallaşdırmaq və həmin bölgədən olan insanlarının haqq və hüquqlarının müdafiə etmək üçün Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan)  Respublikasını elan etdik" - deyə,
Qafar Çaxmaqlı vurğulayıb.

Artıq Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması haqqında bəyannamə də hazırlanaraq ictimaiyyətə təqdim olunub. Həmin bəyannaməni olduğu kimi təqdim edirik: 


Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması haqqında

                                                         B Ə Y A N N A M Ə


Qərbi Azərbaycan (İrəvan) Respublikasının Təsisçilər Şurası indiki Ermənistan

ərazisindən kütləvi qovularaq çıxarılmış miyonlarla Azərbaycan Türkünün suveren dövlət qurmaq hüququnu rəhbər tutaraq,

Tarixin önəmli bir dönəmində İrəvan xanlıgının (1747-1828-ci illər) mövcud olmasını və  müstəqil dövlət kimi tanınaraq fəaliyyət gostərməsini əsas gostərərək,

Xalqların hüquq bərabərliyi və oz müqəddəratını təyin etməsinə dair beynəlxalq hüququn prinsipinə, habelə, hamılıqla təsdiq olunmuş digər beynəlxalq müqavilələrə əsaslanaraq,

Qərbi Azərbaycan türklərinin müstəqil və demokratik dovlət qurmaq istəyinin reallaşması və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək,

milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq Qərbi Azərbaycandan qovulmuş bütün insanların beynəlxalq aktlarda nəzərdə tutulmuş insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək,

Qərbi Azərbaycandan didərgin salınaraq dünyanın əksər ölkələrinə deportasiya olunmuş Qərbi Azərbaycan türklərinin assimlyasiya olunaraq yox olmaq, milli-mənəvi dəyərlərinin itirilməsi təhlükəni önləməyə çalışaraq,

Qərbi Azərbaycan türklərinin Rusiyanın himayəsilə köçürülmüş ermənilər tərəfindən zəbt olunan tarixi vətənlərinə qayıtmaq haqqını rəhbər tutaraq,

Qərbi Azərbaycan türklərinin hüquq və mənafeyini  qoruyan hüquqi və fiziki şəxslərin bir araya gəlməsi və birgə fəaliyyət göstərməsi  zəruriliyini qeyd edərək,

Qərbi Azərbaycan türklərinin milli mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və digər sənədləri qəbul edərək,

Dünya ölkələri və sülhpərvər  xalqlarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək,

beynəlxalq birliyin üzvü olan dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlər yaratmağa və əməkdaşlıq etməyə hazır olduğunu bildirərək,

Qərbi Azərbaycan (İrəvan) Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək

Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldıgını elan edir.

 Qərbi Azərbaycan (İrəvan)  Respublikasının

yaradılması üzrə Təsisçilər Şurası

9 may 2020-ci il .

10.05.2020 17:39:00
Oxuma sayı: 34721