Rusiyanın Gürcüstana 9 il əvvəlki hücumu: Münaqişə regionda enerji layihələri və təhlükəsizliyə necə təsir göstərdi? - TƏHLİL
Ölçü:


2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi çoxdan bəri bölgədə “dondurulmuş” münaqişələr haqqında elmi diskussiyaya predmetinə çevrilib. Postsovet məkanı, Qərb və Rusiya alimləri 2008-ci il hadisələrinin səbəb və nəticələrini, ayrı-ayrı aspektlərini və kənar aktorların bölgədə rolunu ətraflı təhlil edirlər. Bir sıra müəlliflər regional münaqişələrlə enerji təhlükəsizliyi məsələlərinin qarşılıqlı əlaqəsini xüsusi qeyd edirlər. Bəzi ekspertlər isə hesab edir ki, Rusiya-Gürcüstan müharibəsi və Rusiya-Ukrayna münasibətlərində sonrakı dövrdə dərinləşən böhran bir-biri ilə qarşılıqlı surətdə əlaqəlidir. Moskvanın məqsədi  Gürcüstanın, sonradan isə Ukraynanın NATO-ya üzv olmasına imkan verməmək, Rusiyadan yan keçməklə enerji ehtiyatlarının Avropaya nəqli layihələrinin həyata keçirilməsini əngəlləməkdir.

Rusiya-Gürcüstan qarşıdurmasının regionda energetika sahəsində vəziyyətə təsiri problemi Xəzər regionundan enerji ehtiyatlarının Gürcüstan ərazisi vasitəsilə nəqli müstəvisində nəzərdən keçirilməlidir.         

SSRİ-nin dağılması ilə bəzi keçmiş sovet respublikaları (Azərbaycan, Qazaxıstan, Türkmənistan) böyük enerji daşıyıcılarının müstəqil sahibləri kimi meydana çıxsa da, infrastrukturun zəifliyi və açıq dənizə çıxışın olmaması səbəbindən, faktiki olaraq, onları dünya bazarına ixrac etmək imkanından məhrum idilər. İlkin mərhələdə bu problemin yeganə həll yolu Rusiya ərazisindən tranzit idi. Xarici investisiyaların meydana gəlməsi  hesabına sonrakı dövrdə bütün bu problemlər həllini tapdı. Siyasi baxımdan aydındır ki, bu dövlətlərin sonrakı inkişafı və suverenliyini qorumaq qabiliyyəti onların enerji ehtiyatlarının dünya bazarlarına ixracının inkişafından asılı idi.

ABŞ Xəzəryanı və Mərkəzi Asiya ölkələrindən alternativ neft və qaz kəmərləri layihələrinə fəal dəstək verirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası Azərbaycan, Gürcüstan və Türkiyə arasında infrastruktur layihələrdə fəal əməkdaşlığa təkan verməklə, iqtisadi inkişaf üçün güclü zəmin yaratdı. Bu proses, eyni zamanda, enerji ehtiyatlarının Avropaya nəqli  və “Nabukko” layihəsinin inkişafı üçün zəruri imkanların formalaşmasını təmin etdi.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması və Türkmənistan və Azərbaycan qazının Gürcüstan və Türkiyə ərazisi vasitəsilə nəqli üçün  “Nabukko” kəmərinin inşası haqqında sazişin imzalanması Avropaya enerji ehtiyatlarının əsas ixracatçısı kimi Rusiyanın inhisarçı mövqeyini dəyişdi.

Bəzi ekspertlər qeyd edirlər ki, Rusiya onun ərazisindən yan keçən boru kəmərlərinin inşasını özünün geosiyasi iddialarına “meydan oxuma” kimi qiymətləndirdi. Hələ 2009-cu ildə bir çox müşahidəçilər Gürcüstan böhranı ilə Ukrayna-Rusiya qaz mübahisəsi arasında paralellər aparırdı. Qeyd olunurdu ki, son məqsəd Ukrayna və Gürcüstanın Avropaya və Avro-Atlantik məkanına inteqrasiyasına yol verməməkdən ibarətdir. Kremlin addımları, ilk növbədə, Avropa Birliyinə regionda kimin söz sahibi olduğunu nümayiş etdirmək məqsədi güdürdü. ABŞ isə bölgədə nə Avropa Birliyinin, nə də Rusiyanın rolunun güclənməsində maraqlı deyildi.

Təhlükəsizliyə gəlincə, bu sahədə başlıca problemlər postsovet məkanındakı “dondurulmuş” münaqişələr, separatçılıq meyllərinin fəallaşması, bölgədə nüfuz dairələrinin yenidən bölüşdürülməsi, hərbi əməliyyatların aparılması üçün üçüncü dövlətlərin ərazisindən istifadə imkanları idi.

Rusiya-Gürcüstan qarşıdurmasının başlanğıcı 1990-cı illərin ortalarına təsadüf edir. 2000-ci illərin əvvəllərində Moskva postsovet məkanına münasibətini üç amilə əsasən müəyyənləşdirirdi: NATO-nun şərqə doğru genişlənməsi, enerji təchizatının alternativ yollarının inkişafı, “rəngli” inqilablar. NATO-nun şərqə doğru genişlənməsi nə gəlincə, Alyansın 2008-ci ilin aprelində Buxarestdə keçirilən sammiti ərəfəsində RF rəhbərliyi dəfələrlə Ukrayna və Gürcüstanın Şimali Atlantika blokuna daxil olmasının Rusiyanın milli təhlükəsizliyinə birbaşa təhdid olduğunu və buna yol verməmək üçün bütün addımların atılacağını bildirmişdi. Bu tezis RF-nın 2008-ci ilin iyulunda açıqlanan Xarici siyasət konsepsiyasında da təsbitini tapmışdı.

2008-ci ilin fevralında Kosovonun müstəqilliyinin bəyan edilməsi Gürcüstanın və Moldovanın regionlarında müstəqillik hərəkatlarının fəallaşmasına rəvac verdi. Cənibi Qafqaz regionunda da “dondurulmuş” münaqişələrin nizamlanması üçün “Kosovo presedenti” ideyasından fəal istifadə olunurdu. Rusiya Kosovonun müstəqilliyinin tanınmasına qəti etiraz edirdi. Lakin 2008-ci ilin sentyabrında Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı.  Cənubi Qafqazın separatçı bölgələri “Kosovo presedenti”ndən ruhlanaraq, onların müstəqilliyinin tanınmasında təkid edirdilər.

Rusiya-Gürcüstan münaqişəsinin kəskinləşməsində Ukrayna və Gürcüstana NATO-nun tərəfdaşı statusunun verilməsinə dair danışıqlar da öz təsirini göstərdi. Rusiyanın diplomatik səyləri nəticəsində Alyansın 2008-ci il aprelin 2-4-də Buxarestdə keçirilən sammitində Ukrayna və Gürcüstana NATO-nun tərəfdaşı statusunun verilməsindən imtina olundu.      

2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi Qərbi olduqca çətin vəziyyətə saldı. Qərb dövlətləri sürətli və qəti qərar qəbul edərək Rusiya rəhbərliyinin hərəkətlərinə adekvat cavab verə bilmədilər.

Hələ 2008-ci il martın 6-da RF MDB-nin Abxaziya və Cənubi Osetiyaya qarşı iqtisadi sanksiyalar haqqında qərarına əhəmiyyət verməyərək, bu separatçı bölgələrlə əməkdaşlığın dərinləşdirilıməsi xəttini seçdi.2008-ci ilin mayından etibarən RF Şimali Qafqazda, o cümlədən Gürcüstanla sərhəddə “Qafqaz-2008” hərbi təlimlərinə və Qara dənizdə hərbi-dəniz manevrlərinə başladı.

Cənubi Osetiyanın seçilməsi təsadüfi deyildi. 2008-ci ilə qədər Abxaziyada vəziyyət daha gərgin idi. Lakin 2007-ci ildə Abxaziya yaxınlığında yerləşən Soçidə (Rusiya) 2014-cü il Qış olimpiya oyunlarının keçirilməsi haqqında qərar qəbul edildikdən sonra regionda vəziyyətin pisləşməsi təhlükəsizlik mülahizələrinə görə oyunların keçirilməsindən  imtina olunmasına səbəb ola bilərdi. Cənubi Osetiyada vəziyyəti gərginləşdirmıəklə RF tərkibindəki Şimali Osetiyanın da dəstəyini təmin etmək məqsədi güdülürdü.

2008-ci ilin martında Gürcüstan prezidenti M.Saakaşvili Abxaziya münaqişəsinin nizamlanmasına dair yeni sülh planı təklif etdi. Plan Abxaziyaya geniş muxtariyyətin verilməsini və azad iqtisadi zonanın yaradılmasını, habelə Konstitusiya dəyişikliklərinə veto qoyulmasını nəzərdə tuturdu. Lakin Suxumi bu planı qəbul etmədi.

2008-ci ilin iyulunda Cənubi Osetiya rəhbərliyi Almaniya xarici işlər naziri F.Ştaynmayerin danışıqlar prosesində beynəlxalq vasitəçilərin iştirakının genişləndirilməsi haqqında təklifindən imtina etdi. Faktiki olaraq, söhbət danışıqların əngəllənməsindən və Gürcüstan ərazisindəki “dondurulmuş” münaqişələrin nizamlanması yollarının axtarışından gedirdi.        

2008-ci ilin iyulunda Rusiyanın başladığı irimiqyaslı  “Qafqaz-2008” hərbi təlimləri rəsmən avqustun 2-də başa çatdı. Lakin qoşunlar daimi dislokasiya yerlərinə qaytarılmadı, Şimali Osetiyada qaldı. Gürcüstan və Cənubi Osetiya sərhədində atışma baş verdikdə prezident M.Saakaşvili Cənubi Osetiyaya qoşun yeritməyi qərara aldı. Avqustun 8-də Rusiya vətəndaşlarının müdafiəsi bəhanəsi altında qoşunlarını Cənubi Osetiya ərazisinə yeritdi. Bir neçə gündən sonra Rusiya qoşunları Abxaziyaya daxil oldu.

Bir həftəlik hərbi əməliyyatlar və Avropa Birliyinin vasitəçiliyi nəticəsində imzalanan “6 bənd” sazişi aşağıdakıları nəzərdə tuturdu: döyüş əməliyyatlarının dayandırılması, Gürcüstan ərazisində avropalı müşahidəçilərin və hər iki separatçı bölgənin ərazisində RF hərbi bazalarının yerləşdirilməsi. Müstəqilliyini bəyan edən Cənubi Osetiya və Abxaziya 2008-ci il avqustun 26-da Rusiya tərəfindən tanındı.  

2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsinin səbəblərinə dair üç əsas versiya irəli sürülür.

1.RF-nın NATO-nun şərqə doğru genişlənməsinə yol verməmək və postsovet məkanında təsirini qoruyub saxlamaq istəyi.
2.Xəzər regionundan neft və qaz tranziti ölkəsi kimi Gürcüstanın rolunu zəiflətmək və enerji ehtiyatlarının nəqlinin  alternativ marşrutlarının yaradılmasını əngəlləmək cəhdi. Bu yolla Rusiya Avropaya  və enerji ehtiyatları axınına təkbaşına nəzarət etməyə can atır.  
3.Tezliklə Şimali Atlantika alyansına daxil olmaq istəyən Gürcüstanın beynəlxalq birliyin, ilk növbədə, NATO və AB-n in diqqətini nizamlanmamış münaqişələrə və Rusiyanın qeyri-adekvat davranışına cəlb etmək istəyi.  

2008-ci il Rusiya-Gürcüstan böhranı ilə əlaqədar əsas təhlükələri və riskləri qiymətləndirərkən bu gün bütün region üçün mövcud olan riskləri qeyd edə bilərik. Bütövlükdə region üçün bu risklər Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyətin kəskinləşməsi, boru kəmərlərinin təhlükəsizliyinə təhdidlərin yaranması, Xəzər dənizi hövzəsindən enerji ehtiyatlarının dayandırılması ola bilər. RF enerji daşıyıcılarının etibarlı tranzit ölkəsi kimi Gürcüstanın əhəmiyyətini azaltmağa çalışır.

Rusiya-Gürcüstan münaqişəsi regionda enerji təhlükəsizliyi üçün bir sıra nəticələr doğurmuşdur. Rusiyanın atdığı addımlar Gürcüstan ərazisindən keçən nəqliyyat yollarının müdafiəsizliyini nümayiş etdirdi. Münaqişə nəticəsində bir sıra investorlar enerji ehtiyatlarının Xəzər regionundan nəqli layihələrindən kənarlaşdı, “Nabukko” layihəsinin reallaşması sual altında qaldı. Perspektivdə Qazaxıstan və Türkmənistanın ixracı Avropadan Çinə istiqamətləndirməsi istisna olunmur. Eyni zamanda, Avropa dövlətlərinin Rusiyanın enerji ehtiyatlarından asılılığı artmışdır.    

Diqqətəlayiq haldır ki, MDB və ŞƏT üzvləri Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatlarını dəstəkləmədi, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etdi. KTMT üzvləri Gürcüstanın separatçı regionlarının müstəqilliyini tanımadı.

Mövcud vəziyyətdə Türkiyə çətin dilemma ilə üzləşdi. Bir tərəfdən, o, Gürcüstanla birgə neft və qaz kəmərləri layihələrini gerçəkləşdirir və ölkə iqtisadiyyatına əsas investorlardan biri kimi çıxış edir. Digər tərəfdən isə, Türkiyə RF ilə həm energetika sahəsində, həm də digər sahələrdə fəal əməkdaşlıq edir. 2008-ci ilin avqust hadisələrindən dərhal sonra Türkiyənin o vaxtkı baş naziri R.T.Ərdoğan həm Rusiya, həm də Gürcüstan rəhbərliyi ilə görüşərək münaqişənin tezliklə nizamlanmasına tərəfdar olduğunu ifadə etdi.

Gürcüstan böhranından sonra faktiki olaraq sülhpərvər dövlət rolunu itirmiş RF bölgənin digər “dondurulmuş” münaqişə zonalarında, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəallığını artırdı. Bununla Rusiya əyani surətdə nümayiş etdirdi ki, postsovet məkanında münaqişələrin nizamlanmasında mövqelərini qoruyub saxlamaq niyyətindədir. Heç bir real nəticə əldə olunmasa da, Rusiya bu prosesdə təkbaşına liderliyə can atır və digər iştirakçıları (ATƏT, Minsk qrupu və s.)  danışıqlardan kənarda saxlamağa çalışır.           

Rusiya-Gürcüstan münaqişəsi konteksində AB-nin mövqeyi maraq kəsb edir. Faktiki olaraq, Brüssel ilk dəfə məhz burada vasitəçi qismində çıxış edərək, münaqişənin nizamlanması prosesinə açıq surətdə qoşuldu. AB sədri kimi Fransanın fəal vasitəçilik səyləri göstərdi ki, AB ilk dəfə regiona münasibətdə vahid mövqe formalaşdırmağa nail olmuşdur. Lakin eyni zamanda, AB Rusiyaya ciddi güzəştlərə getdi. Brüssel Moskvaya münasibətdə ehtiyatlı mövqe tutmağa üstünlük verir. Təsadüfi deyil ki, RF sülh sazişinin şərtlərini faktiki olaraq yerinə yetirməsə də, ona qarşı ciddi sanksiya tətbiq olunmadı.           

Gürcüstan böhranı Cənubi Osetiya və Abxaziyada münaqişə tərəfləri qismində əslində Gürcüstan və Rusiyanın çıxış etdiyini əməli surətdə nümayiş etdirdi. AB-nin bütün danışıqları məhz Moskva ilə aparması buna əyani sübutdur. Bundan başqa, heç bir beynəlxalq sənəd olmadan bölgəyə nizami ordusunu yeritmiş Rusiya vasiutəçi deyil, münaqişə iştirakçısı olduğunu etiraf etdi.      
 
2008-ci ilin avqust hadisələri Rusiyanın postsovet dövlətlərinin Avro-Atlantik birliyinə inteqrasiyasına yol verməmək üçün hansı mexanizmləri tətbiq edə biləcəyini nümayiş etdiməklə müəyyən dərəcədə Ukrayna hadisələrinin müjdəçisi oldu. Moskva əyani surətdə göstərdi ki, bu məqsədlə ən sərt addımlar atmağa hazırdır. Gürcüstan böhranı həm də süburt etdi ki, Mərkəzi Asiyadan və Xəzər regionundan enerji ehtiyatlarının nəqli yolları uğrunda mübarizə yalnız iqtisadi, yaxud siyasi sahədə deyil, həm də hərbi müstəvidə aparıla bilər.

 Əlimusa İbrahimov,
Siyasi Elmlər üzrə fəlsəfə doktoru, politoloq  

03.08.2017 10:24:40
Oxuma sayı: 412