Türkiyəyə olarsa, Azərbaycana niyə olmasın?
Ölçü:


Türkiyə sərhədi pozan Rusiya hərbi təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər gərginləşdi. O zaman rusiyalı rəsmilər və hərbçilər deyirdilər: “Türkiyənin cəsarəti varsa hərbi təyyarəsi və hərbi texnikası Suriya sərhədini pozsun”.

Koordinat.az
xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ankara o günlərdə həqiqətən Suriya sərhədində suyu üfürə-üfürə içirdi, bilirdi ki, Rusiya Türkiyə təyyarəsini vurmaq və intiqam alaraq hesabı 1:1 etmək üçün məqam axtarır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurulan təyyarəyə görə rusiyalı həmkarından üzr istəməsi strateji baxımından doğru addım idi. Əgər iki ölkə arasında münasibətlər gərgin olsaydı, Türkiyə ordusu bu gün Suriya ərazisində əməliyyat keçirə bilərdimi? Əsla. İndi isə Rusiya Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına faktiki göz yumub, vəziyyətin bu həddə gəlib çatmasında Amerikanı ittiham edir, radikal kürdlər isə Moskvanı xəyanətdə ittiham edirlər. Yəni, tam Türkiyəyə uyğun bir durum”.

Elxan Şahinoğlu əlavə edib ki, Türkiyə ordusunun Suriya ərazisində ikinci hərbi əməliyyatı Fətullah Gülən tərəfdarlarının il yarım bundan əvvəl ordu içindəki təxribatını da unutdurdu: “Açıq demək lazımdır ki, 2016-cı ildə hərbi çevrilişə cəhd və həbslər Türkiyə ordusunun nüfuzuna zərbə vurdu. Türkiyə ordusunun Suriyadakı iki uğurlu hərbi əməliyyatı ordunun nüfuzunu yenidən özünə qaytardı. “Türkiyədə o qədər pilot həbs olunub ki, hərbi təyyarələri havaya qaldıra biləcək kimsə qalmayıb” mifinə də son hərbi əməliyyatla son qoyuldu. Türkiyədə hərbi tapşırığı uğurla yerinə yetirəcək kifayət qədər peşəkar pilot var.

Gələk Dağlıq Qarabağ probleminə. Bugünlərdə ən çox eşitdiyim tezis budur: “Türkiyə təhlükəsizliyini artırmaq üçün qonşu dövlət ərazisində hərbi əməliyyat həyata keçirdiyi halda biz niyə öz ərazimizdə eyni hərbi əməliyyat keçirib işğala qon qoymayaq?!” Məntiqli sualdır. Ancaq Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatdan əvvəl Ankara fəal diplomatik təmaslara baş vurdu, Moskvaya, Vaşinqtona, Tehrana və digər paytaxtlara hərbi əməliyyatın məqsədi izah edildi, razılıq alındı və düyməyə basıldı. Gələcəkdə elə etmək lazımdır ki, bizim qonşular da Azərbaycan ordusunun öz torpaqlarında hərbi əməliyyatına mane olmasınlar, 2016-cı ilin aprelində olduğu kimi Kremldən Bakıya “hücumu dayandırın” kimi mesaj göndərilməsin. Bunun üçün isə Türkiyənin təcrübəsi öyrənilməli, qardaş dövlətdə olduğu kimi Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi birgə çalışmalı, ortaq strategiya formalaşdırmalıdırlar”.
23.01.2018 21:16:00
Oxuma sayı: 866