“Azərbaycan torpaqlarında Ermənistanla əməkdaşlıq edəcəksiniz?” – Heydər Əliyevin İrana tarixi etirazı
Ölçü:

Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı mübahisələrin getdiyi bir vaxtda tez-tez Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin rəsmi Tehrana mənfi cavabına istinad edilir.

Koordinat.az həmin cavabın verildiyi görüşün stenoqramını təqdim edir:

Heydər Əliyev:
Azərbaycana xoş gəlmisiniz. Bilirəm ki, siz burada çox işlər görmüsünüz. Birinci növbədə, nəhayət, Parsabad elektrik xəttini açmısınız. Bu çox uzun çəkdi. Sonra görüşlər keçirmisiniz. Sizin danışıqlarınız haqqında Baş nazir mənə məlumat verdi. Mən çox məmnunam.

Həbibullah Bitərəf: Mən də çox şadam ki, Azərbaycana səfər etdim və nəhayət, Sizinlə görüşmək mənə müyəssər oldu. Zati-aliləri, mən İran İslam Respublikasının prezidenti cənab Xatəminin hərarətli, səmimi, dost və qardaş salamlarını Sizə çatdırıram və Sizin İrana səfərinizi səbirsizliklə gözləyirlər. Dünən həm Azərbaycan, həm də İran üçün yaddaqalan və əhəmiyyətli bir gün oldu. Ona görə ki, dünən İmişli – Parsabad elektrik xəttinin istismarının rəsmi açılış mərasimini keçirdik. Beləliklə, keçmiş müqavilə, yəni İrandan Naxçıvana satılan elektrik enerjisi barədə müqavilə başa çatmışdır və indi yeni müqavilə əsasında Naxçıvana elektrik enerjisi çatdırılır. İndi İrandan Naxçıvana elektrik enerjisinin çatdırılması mübadilə və tranzit üsulu ilə həyata keçiriləcəkdir.

Beləliklə, iki ölkə arasında elektrik enerjisi mübadiləsi tərəflər üçün faydalı və əlverişlidir. Biz vaxt fərqini də nəzərə alıb, bundan faydalı istifadə edə bilərik. Biz tranzit dedikdə bunu nəzərdə tuturuq ki, Azərbaycanın öz elektrik enerjisi İran vasitəsilə Naxçıvana çatdırılır. Başqa təbirlə desək, bu xəttin istifadəyə verilməsi, eyni zamanda İranla Azərbaycan arasında əlaqə yaradıbdır. Digər tərəfdən isə, Azərbaycan və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan arasında əlaqə yaradıbdır.

Sevindirici hal ondan ibarətdir ki, cənab Abid Şərifovun böyük zəhməti nəticəsində «Azərenerji» Səhmdar Cəmiyyəti və «Təvanir» şirkəti çalışıblar və bu layihəni həyata keçiriblər. Deməliyəm ki, İran prezidenti Xatəmi bu layihənin tezliklə həyata keçirilməsinə böyük diqqət yetirirdi və bilavasitə göstəriş vermişdi ki, işlər mümkün qədər qısa müddətdə başa çatdırılsın. Bununla da biz, demək olar ki, energetika sahəsində gözəl bir əməkdaşlığa başladıq. Ancaq bu sahədə digər əməkdaşlıq formaları üzərində də işləyirik. Biz bu məsələlər barədə Abid Şərifovla ilkin danışıqlara başlamışıq.

Astarada iki ölkə arasında elektrik xətlərinin birləşdirilməsində də əməkdaşlıq edə bilərik və artıq danışıqlara başlamışıq. Digər tərəfdən, iki ölkə arasında yüksək gərginlikli xətlərin birləşməsi çox vacibdir. Beləliklə, Xəzər ətrafında yerləşən ölkələrin elektrik xətlərinin birləşdirilməsi, şəbəkə yaradılması üçün görülən və görüləcək işlər çox əhəmiyyətli ola bilər. Elektrik enerjisinin ötürülməsi üçün müştərək müəssisələrin yaradılması və sair sahələrdə birgə şirkətlər yaradıb müxtəlif işlərin həyata keçirilməsində uğurlu tədbirlər görə bilərik.

Ölkələrimiz arasında əməkdaşlığın böyük üfüqləri və imkanları vardır. Odur ki, hər iki ölkənin rəhbərlərinin istəyini həyata keçirmək üçün məsul olan şəxslər daha çox çalışmalı, vaxtı itirməməlidirlər.

Heydər Əliyev: Təşəkkür edirəm. Əvvəlcə, İran İslam Cümhuriyyətinin prezidenti, mənim dostum, qardaşım cənab Xatəmidən çatdırdığınız salama görə təşəkkür edirəm və rica edirəm, mənim salamımı, səmimi dostluq münasibətimi və ən xoş arzularımı ona yetirəsiniz. Mən səbirsizliklə gözləyirəm ki, İrana səfərim nə vaxt mümkün olacaqdır. Ümid edirəm ki, bu səfər həm İran – Azərbaycan əlaqələrinin inkişafı üçün, həm də bizim başqa məsələlərin həlli üçün çox əhəmiyyətli olacaqdır.

Dünən sizin açdığınız İmişli–Parsabad elektrik xətti təbiidir ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafında böyük bir addımdır. Bu, Naxçıvanın elektrik enerjisi ilə təchizatı sahəsində indiyə qədər olan vəziyyəti tamamilə dəyişdirir və yaxşılaşdırır. Vaxtilə Naxçıvana elektrik enerjisinin verilməsi, elektrik xəttinin çəkilməsi – bunlar hamısı mənim xatirimdədir. Mən onlara görə bu gün də öz təşəkkürümü bildirirəm. Ancaq eyni zamanda İmişli – Parsabad xətti haqqında uzun illər həm danışıqlar gedirdi, həm də əməli işlər aparılırdı. Bu məsələ bir az gecikirdi.

Biz istəyirdik ki, bu, tez olsun. Hər halda, geciksə də, nəhayət, indi qurtarıbdır, həyata keçirilibdir. Dünən siz onu rəsmi olaraq açmısınız. Mən bu münasibətlə sizi təbrik edirəm. Mən sizin fikrinizlə tamamilə razıyam ki, bu, İran ilə Azərbaycan arasında elektrik enerjisi mübadiləsidir və çox vacibdir, əhəmiyyətlidir. Siz indiyə qədər Naxçıvana elektrik enerjisi verirdiniz. Biz də onun haqqını verirdik. Haqqı da bir az gecikdirəndə, elektrik enerjisini kəsirdiniz. Amma indi bizim elektrik xətləri bir-birinə qoşuldu. Biz buradan elektrik enerjisini sizin ölkəyə veririk, siz də oradan Naxçıvana verirsiniz.

Güman edirəm ki, bundan sonra işlər gərək yaxşı getsin. 123 Siz buyurdunuz ki, bu məsələ prezident cənab Xatəminin daim nəzarəti altında olmuşdur. O bu barədə qayğı göstərmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm. Xahiş edirəm, bu münasibətlə ona təşəkkürümü çatdırasınız. Mən sizin fikrinizlə razıyam ki, ümumiyyətlə, Astaradan o tərəfə Xəzər ətrafında elektrik şəbəkələrinin birləşməsi fikri doğrudan da çox diqqətəlayiqdir. Biz bundan imtina etmirik. Bunu çox məqsədəmüvafiq hesab edirik. Amma bu barədə işləmək lazımdır.

Güman edirəm, bizim Nazirlər Kabineti, Baş nazirimiz, Baş nazirin müavini Şərifov bu məsələlər barəsində sizinlə işləyəcəklər. Bizim ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün bundan sonra da müştərək işlər görməyə imkanlarımız var. Bilirsiniz ki, vaxtilə biz sizinlə Xudafərin Su Anbarı və Su Elektrik Stansiyası tikilməsi haqqında birgə sənədlər imzalamışdıq və bu işə başlamaq istəyirdik. Ancaq Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızı və həmin o sahəni də işğal etdiyinə görə, bu məsələ dayanıbdır. Ancaq güman edirəm ki, Ermənistan silahlı qüvvələri bu ərazidən çəkiləndən sonra, biz bu məsələyə yenidən qayıda bilərik. Amma indi mövcud olan imkanlar da var. Onlardan istifadə etmək lazımdır. Məsələn, bir çox il bundan öncə biz sizinlə razılaşmışdıq, yəni Azərbaycan hökuməti İran hökuməti ilə razılaşmışdı ki, Ordubadda su elektrik stansiyası tikilsin və su anbarı yaransın, ondan həm İran, həm də Naxçıvanın bir hissəsi bəhrələnsin. Burada heç bir maneçilik yoxdur. Hesab edirəm, əgər siz də bizim kimi, bu məsələyə müsbət münasibət göstərsəniz, bu işi başlaya bilərik. Xatırlayıram, hələ 1994-cü ildə mən Tehranda olarkən biz bu barədə gərək ki, hətta saziş də imzalamışdıq. Elədirmi?

Abid Şərifov (Baş nazirin müavini): Bəli.

Heydər Əliyev: Ona görə fikirləşirəm ki, siz bunu unutmayacaqsınız. İran ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, şəxsən Azərbaycanın prezidenti İran-Azərbaycan əlaqələrinə xüsusi əhəmiyyət verir. Bu bizim üçün öncül sahədir və bundan sonra da biz bu əlaqələri inkişaf etdirəcəyik. İndi ola bilər, mənim səfərimin bir az gecikməsi bu məsələni bir az ləngidir. Cənab Bikdeli hələ burada olan zamanlardan bu iş gedir. Ancaq bunun müəyyən obyektiv səbəbləri var. O sizə məlumdur. Bu heç də İran-Azərbaycan münasibətləri ilə əlaqədar deyildir.

Sadəcə, bilirsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün bir çox tədbirlər keçirilir. Mən bu tədbirlərdə iştirak etməliyəm. Biz indi istəyirik ki, torpaqlarımız sülh yolu ilə işğaldan azad olsun. Ermənilər isə müqavimət göstərirlər. Çalışırıq. Bu yaxın zamanlarda biz yenə də görüşlər keçirəcəyik.

Doğrudur, siz onlarla dostluq edirsiniz, yaxşı ticarət aparırsınız. Amma biz də bu işğaldan xilas olmaq istəyirik. Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün bizim gördüyümüz işlərdə, təbiidir ki, İran İslam Cümhuriyyətinə də çox böyük ehtiyacımız var.

Ona görə də mən xahiş edirəm, prezident cənab Xatəmiyə mənim bu fikirlərimi çatdırasınız. Xahiş edirəm, İran bu barədə öz imkanlarından istifadə etsin ki, Ermənistan düzgün yola gəlsin və nəhayət, bu münaqişəyə son qoyaq. Ermənistanla Azərbaycan arasında sülh yaradaq. O şərtlə ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin. Bunlar da, ümumiyyətlə, bizim bu bölgədə əməkdaşlığımıza çox böyük imkanlar yaradacaqdır.

Həbibullah Bitərəf: Zati-aliləri, buyurduğunuz, söylədiyiniz fikirlərə görə dərin təşəkkürümü bildirirəm. İranda su bəndlərinin tikintisi, o cümlədən Xudafərinin tikintisinə dair fikirlərimi Sizə çatdırmaq istəyirəm. Zati-aliləri, yəqin eşitmisiniz. Bilirsiniz ki, İranda inqilabdan əvvəl yalnız 13 su bəndi tikilmişdir. Lakin son 22 il ərzində ölkədə 74 su bəndi tikilmiş və hazırda 87 su bəndindən istifadə olunur.

Biz ölkəmizdə suya böyük əhəmiyyət veririk və ona görə də sudan geniş istifadə etmək üçün müxtəlif layihələrin həyata keçirilməsinə həm dövlət, həm də parlament həmişə çox diqqətlə yanaşır. Hazırda ölkəmizdə su bəndlərinə aid 65 layihə hazırlanmaqdadır. Bu iş belə planlaşdırılır ki, hər bir regionda ən azı bir-iki su bəndi tikilsin. Beləliklə, su anbarlarından istər kənd təsərrüfatı, istərsə də sənayenin müxtəlif sahələri üçün çox səmərəli istifadə olunur.

Ərdəbil ostanının ərazisində yerləşən Xudafərin və Qızqalası layihələrinin həyata keçirilməsinə dövlət söz veribdir. Odur ki, ölkənin iqtisadi inkişaf proqramında müəyyən işlər nəzərdə tutulubdur. Həmin ostanın əhalisi və parlamentdə olan deputatları həm hökumətdən, həm də Energetika Nazirliyindən soruşurlar ki, layihələrin həyata keçirilməsinə nə vaxt başlanılacaqdır?

Bildiyiniz kimi, cənab Qəzai keçmişdə Ərdəbil ostanından parlamentə deputat seçilmişdi. Onlar həmişə bizdən soruşurdular ki, buna nə vaxt başlanılacaqdır. İstər həmin su bəndlərinin tikilməsi, istərsə də suvarma işləri üçün müəyyən vəsait ayrılıbdır. Hazırda biz üçüncü beşilliyin ikinci ilini yaşayırıq. Hətta üçüncü beşillik proqramda da həmin layihələr üçün müəyyən vəsait nəzərdə tutulubdur.

Məni narahat edən məsələdən biri ondan ibarətdir ki, əgər bizdən yuxarıda, yəni Türkiyə ərazisində, yaxud haradasa, başqa bir yerdə Araz çayından su götürülsə, su bəndi tikilsə, onda biz aşağılarda belə qurğuların tikilməsinə imkan tapa bilməyəcəyik. Bu layihələr çox əhəmiyyətlidir. Əvvəla, kənd təsərrüfatı, yəni suvarma 124 işləri üçün çox faydalıdır. Digər tərəfdən, bu qurğularda hər biri 140 meqavat gücündə iki elektrik stansiyası tikilə bilər. Zati-aliləri, dövlətimiz bizim nazirliyə həmişə göstəriş verir ki, ölkənin daxilində tikilən su bəndlərindən əlavə, sərhəd çayları üzərində də qurğular tikilsin.

Misal üçün deyə bilərik ki, keçən ay prezident Niyazovla bu barədə danışıqlar sona çatdı. Türkmənistanla İran arasında «Dostluq» su bəndi tikilməsi məsələsi artıq yekunlaşıbdır. Hesab edirik və inanırıq ki, zati-aliləri, Sizin göstərişiniz nəticəsində Araz çayının üzərində də belə bir qurğunun tikilməsinə yəqin, yaxın vaxtlarda başlamaq olar. Zati-aliləri, bir neçə il bundan əvvəl İran prezidentinin birinci müavini cənab doktor Həbibi ilə Sizin görüşünüz olubdur. Həmin görüş zamanı bu məsələ müzakirə edilibdir. İran onda da öz öhdəliyini bəyan etmişdi ki, bu layihə üçün lazım olan kreditin təminatını öz üzərinə götürür.
İndi əlavə olaraq deyirik ki, bu qurğunun tikilməsində 50 faiz işləri Azərbaycan mütəxəssisləri görəcəklər. Bu isə Azərbaycanda əhalinin işlə təmin olunmasına müsbət təsirini göstərəcəkdir.

Heydər Əliyev: Mən başa düşürəm. Amma indi Xudafərin mümkün deyildir. Ermənilər oranı, o torpaqları işğal ediblər. Mən məmnunam ki, bu sizin planınızda var, bunu edəcəksiniz. Ancaq indi, təbiidir ki, bizim işğal olunmuş torpaqlar erməni silahlı qüvvələrindən azad edilməyibdir. Orada hansısa bir tikinti aparmaq mümkün deyildir. Biz bununla razı ola bilmərik. Ancaq Ordubadda heç bir maneçilik yoxdur. Bunu etmək olar.

Həbibullah Bitərəf: Cənab Prezident, mən Ordubad Su Elektrik Stansiyasının tikilməsi məsələsinə bir qədər sonra toxunacağam. İndi onu demək istəyirəm ki, bəli, Araz çayının üzərində iki su elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Biri Ordubaddır, digəri isə başqası olacaqdır.

Heydər Əliyev: Hansı başqası, Xudafərin?

Həbibullah Bitərəf: Cənab Prezident, deməli, Ordubad Su Elektrik Stansiyası Azərbaycan tərəfdə tikilir. Onun müqabilində İran tərəfi ərazisində özü tikir.

Heydər Əliyev: Bəs sudan istifadə olunmur?

Həbibullah Bitərəf: Sudan istifadə olunur. Amma Azərbaycan öz vəsaiti hesabına özü tikir və elektrikin sahibi olur. İran tərəfi də…

Heydər Əliyev: Bəs bəndi kim tikir?

Həbibullah Bitərəf:
Orada bənd yox, ancaq elektrik stansiyası olacaq, suvarma üçün yox.

Heydər Əliyev: Su elektrik stansiyası. Axı su elektrik stansiyası üçün su lazımdır.

Həbibullah Bitərəf: Əkin-səpin üçün deyildir.

Heydər Əliyev:
Onu başa düşürəm.

Həbibullah Bitərəf: Xudafərin həm suvarma, həm də enerji almaq üçündür.

Heydər Əliyev:
Bu aydındır. Bizə əkin-səpindən çox, elektrik enerjisi lazımdır.

Həbibullah Bitərəf: Cənab Prezident, Sizin tərəfdə Ordubad Su Elektrik Stansiyasının tikilməsi üçün layihələrin hazırlanması artıq başa çatıbdır. Amma biz isə bunu müzakirə edirik. Biz hələ birincini qurtarmamışıq. O qurtarandan sonra ikincisi başlanmalıdır, yəni onun layihəsi hazırlanır, tender keçirilir və bu, tikinti şirkətinə həvalə olunur. Biz hələ o mərhələyə gəlib çatmamışıq.

Heydər Əliyev: Adındır.

Həbibullah Bitərəf: Cənab Prezident, məlumat üçün bildirmək istəyirəm ki, İranın və Ermənistanın siyasi rəhbərliyi arasında «Xudafərin» su bəndinin tikilməsi üçün lazımi danışıqlar aparılmışdır. Ermənistan tərəfi təhlükəsizlik üçün təminata, öhdəlik götürməyə söz veribdir. Odur ki, biz bu üsulla yəqin, başlaya bilərik. Sözsüz ki, münaqişə nə vaxtsa qurtaracaq, sona çatacaqdır. Amma biz bilmirik, bu nə qədər çəkəcəkdir. Təbii, Sizin sülh danışıqlarınız nə vaxtsa bir nəticəyə gəlib çatacaqdır. Amma eyni zamanda bir şeyi nəzərə almalıyıq ki, əgər bu torpaqlar bir ildən sonra azad olunacaqsa, biz bir il gözləyə bilərik. Əgər daha çox, məsələn, bu, 10–15–20 il davam edəcəksə, onda biz vaxt itiririk.

Heydər Əliyev:
Bilirsiniz, mən deyə bilmərəm ki, bir ildə nə olacaq, iki ildə nə olacaqdır. Biz altı ildən çoxdur ki, atəşkəs rejimi yaratmışıq və sülh danışıqları aparırıq. Amma əgər o torpaqlar azad olunmasa, siz bunu kiminlə tikəcəksiniz? Ermənistanlamı? O torpaqlar Ermənistanınmı ixtiyarındadır? Bu, qətiyyən mümkün deyildir.
Ona görə mən bunu sizə bildirmək istəyirəm və xəbərdar edirəm ki, Ermənistanla sülh müqaviləsi əldə olunmayana qədər, o torpaqların azad olunması həll edilməyənə qədər orada «Xudafərin»in tikilməsi haqqında söhbət gedə bilməz. Biz buna qətiyyən yol verə bilmərik. Bu, Azərbaycanın torpağıdır. Ermənistanın işğalı altındadır.
Biz o vaxt sizinlə razılaşmışdıq ki, bunu müştərək tikək, sudan həm İran istifadə etsin, həm Azərbaycan istifadə etsin, həm də elektrik enerjisindən İran və Azərbaycan istifadə etsinlər. İndi o torpaqlar işğal altından qurtarmayıbsa, onda belə çıxır ki, bizim Azərbaycan torpaqlarında siz Ermənistanla əməkdaşlıq edəcəksiniz? Bu, mümkün deyildir. Yaxşı, sağ olun. Təşəkkür edirəm. Məndən bütün dostlarımıza, qardaşlarımıza bir daha salamlar. Ümid edirəm ki, tezliklə Tehranda görüşəcəyik. Sağ olun.

Həbibullah Bitərəf:
Cənab Prezident, çox sağ olun.

Prezident sarayı
28 mart 2001-ci il
(Strateq.az)
14.05.2020 16:09:00
Oxuma sayı: 721