İnfarktın artması ilə bağlı həyəcan siqnalı - kardioloqdan çağırış
Ölçü:


"İnfarktın artmasının qarşısının alınmasında ən böyük rol Kütləvi İnformasiya Vasitələrinin(KİV) xüsusən də televiziyanın üzərinə düşür”.

Koordinat.az xəbər verir ki, bu barədə "Sherg.az”a kardioloq Günay Rəhimova bildirib.  O vurğulayıb ki, ürək-damar problemlərinin yaranma səbəbləri, əlamətləri dəfələrlə incələnib: "İnfarktın artması ilə bağlı bir neçə dəfə, həyəcan təbili çaldıq. Onun indiki həddə çatmaması üçün yollar axtardıq. Birinci növbədə gücü, diqqəti siqaretlə mübarizəyə yönəltmək lazımdır. Gənclər arasında siqaret alüdəçiliyi çox artıb. Mən yanıma gələn gənc pasientlərin hamısına bir misal çəkirəm: əgər miokard infarktı keçirmiş 10 xəstə ilə söhbət ediriksə, onlardan mütləq 7-8-i uzun illərin siqaret çəkənləridir. Həmin 7-8 xəstənin arasında infarkt keçirib, o ağrının dəhşətini yaşayanlardan azı 3-4-ü siqaretdən elə həmin an imtina edib. Ancaq bu, iş işdən keçdikdən sonra baş verib.

Xəstə infarkt keçirdikdən sonra əksər hallarda onun ürəyinin yığılma qüvvəsi çox aşağı düşür və bu, onun gündəlik həyatdakı tələbatlarının ödənilməsini çətinləşdirir. Buraya nəinki iş görmə qabiliyyəti, həmçinin sosial həyat, istirahət, xoş güzəran aiddir. Xəstə hər şeydən təcrid olur və belə vəziyyət onun psixoloji durumunun pozulmasına gətirib çıxarır. Gənclərə həmişə bir sual verirəm: Niyə sağlam, gözəl yaşamaq varkən, siqaret sizi özünün quluna çevirir? Bu mənə görə iradə zəifliyindən başqa bir şey deyil. O səbəbdən, gözəl çəkilmiş sosial çarxlar insanda qorxu hissi yarada bilər və bu, zərərli vərdişlərlə mübarizədə stimul ola bilər.

Bir müddət əvvəl hökumət qapalı yerlərdə siqaret çəkilməsinə qadağa qoydu. Hər kəs qaydalara riayət edərsə, bu, çox doğru addımdır. Qadınlarda siqaret çəkmə halları artıb. Əvvəllər xəstədən anamnez toplayanda qadına "siqaret çəkirsinizmi ?” sualını vermək ayıb, sayılırdı, amma indi soruşuram. Və gənc xanımların bəzilərindən "hə” cavabı alıram. Qadın vücudu özü qədər incə olduğundan təbii ki, siqaretin də ona ziyanı daha çoxdur. Bəzən deyirlər tütünü az, ya nazik siqaret istifadə edirik. Heç bir fərqi yoxdur. Nikotin varsa, zərər də var”.

Kardioloq onu da vurğulayıb ki, siqaretdən başqa alkoqol, narkomaniya da ürəyin ən ciddi düşmənlərindən sayılır: "Piylənmə ciddi şəkildə risk faktorudur. Bununla bağlı dəfələrlə danışıb, zərərlərini demişik. Piylənmə ilə mübarizənin iki yolu var: qidalanma tərzini dəyişmək və idman etmək. İdmana alışqanlıq məktəb yaşlarından başlanmalıdır. Sovet vaxtı buna çox ciddi riayət edilirdi. İndi uşaqların əksəriyyəti idman dərsinə getmir. Əvvəla ona görə ki, orada keyfiyyətli idman təlimi verilmir, ikincisi isə idmana sərf edəcəkləri zamana universitet hazırlıqlarına daha çox vaxt ayırarlar deyə düşünürlər. Halbuki, sağlam bədənin ruhu da, zehni də daha sağlam olar.

İdmanın bütün növləri ürəyə xeyirli deyil. İndi cavanlar bodibildinqə çox meyl edirlər. Unutmayaq ki, ürək də bir əzələdir və biz bədənimizi əzələlərimizi bərkitdiyimiz və qalınlaşdırdığımız zaman ona da bu təsiri vermiş oluruq. Nəticədə ürəyin daxili kiçilir. Orada bəzi aritmiyaların yaranması, nəbzin ciddi yavaşıması ola bilər. İdman zamanı qəbul edilən bəzi dərmanların infarkt yaratma ehtimalı çox böyükdür.

Qidalanma tərzini hər insan özü seçir. Burada da həm uşaq vaxtlardan qidalanma tərzinin normal olması valideyndən, məktəb və universitet müəllimlərindən və təbliğatdan (internet yazıları, sosial çarxlar) asılıdır. Stressdən qorunmaq qeyri-mümkündür, mütləq ki bu hal bizi işdə evdə, küçədə gözləyir. Ancaq bunun da öhdəsindən gəlmək olar. Mütaliə ilə məşğul olan, daxili fəlsəfəsi dərin insan az hallarda əsəbləşər. Həyatda hər şeyin keçici olduğunu düşünsək, nələrinsə uğrunda etdiyimiz çabalamalar bizə boş görünəcək. Daxilimizi, ruhumuzu, mənəviyyatımızı zənginləşdirsək, bədənimiz də buna müsbət cavab verəcək”.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən kardioloq cərrah, deputat Rəşad Mahmudov ötən il vəfat edənlərin 57.8 faizinin ürək çatışmazlığından öldüyünü deyib. O diqqətə çatdırıb ki, bu sahədə dinləmələr keçirmək, tədbirlər görmək lazımdır.


23.01.2018 17:47:06
Oxuma sayı: 2974