Rusiyalı blogger kəlbəcərli girovlarla  dəyişdiriləcəkmi? - Lapşinin bic gedişi
Ölçü:


Azərbaycanda həbsdə olan rusiyalı blogger Aleksandr Lapşin esktradisiya olunmaq istəyi erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxalması məsələsini yenidən gündəmə gətirib.

Koordinat.az xəbər verir ki, hüquq müdafiəçiləri və politoloqlar da Lapşinin ekstradisiyasından sonra kəlbəcərli girovların azadlığa buraxılması üçün yaxşı şans yarandığını düşünürlər. Xüsusilə Rusiyanın Lapşini müdafiə etmək üçün hərəkətə keçməsi bu şansı daha da artırır. Belə ki, Vladimir Putin öz emissarlarına rəsmi Bakı ilə danışıqlar aparmağı tapşırıb. Artıq Rusiya səfirliyinin nümayəndələri ciddi-cəhdlə Lapşinin müdafiəsi ilə məşğul olmağa başlayıb.

Politoloq Elxan Şahinoğlu belə bir şəraitdə kəlbəcərli girovların azad edilməsinin real olduğunu bildirib: “Azərbaycanın iki vətəndaşı xeyli vaxtdır Dağlıq Qarabağ separatçıları tərəfindən girov saxlanılır. Rəsmi Bakının həmin iki şəxsi azad etmək üçün müraciət etmədiyi ünvan qalmayıb. Bu ünvanlar sırasında  ATƏT, BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi nüfuzlu təşkilatlarla yanaşı Rusiya da var. Girovlardan biri – Dilqəm Əsgərov həm də Rusiya vətəndaşıdır. Şahbaz Quliyevin isə həyat yoldaşının Rusiya pasportu var. Amma Rusiya Dağlıq Qarabağda qanunsuz saxlanılan vətəndaşını azad etmək üçün heç bir addım atmır, Bakıya gətirilən digər vətəndaşını isə müdafiə edir. Bunun özü ikili standartların bariz nümunəsidir”.

Elxan Şahinoğlu hesab edir ki, bu cür münasibət olduğu halda rəsmi Bakının Moskvanın istəyi ilə Lapşini vaxtından əvvəl həbsdən azad etməsi mümkün deyil. Onun sözlərinə görə, Rusiya Lapşini Dağlıq Qarabağda girov saxlanılan iki azərbaycanlıya dəyişmək istəyərsə, bunu reallaşdırmaq mümkündür: “Ancaq bu dəyişiklik olmadan Lapşinin məhkəmədən sonra hələ bir müddət həbsxanada yatacağı ehtimalı yüksəkdir. Ona görə də Lapşinin ekstradisyasının yalnız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması müqabilində mümkün ola bilər. Baxmayaraq ki, kəlbəcərli girovlar heç bir cinayət törətməyib, öz torpaqlarında qanunsuz olaraq saxlanılıblar və barələrində qondarma rekimin qondarma “məhkəmə”si tərəfindən saxta qərar çıxarılıb. Lapşin isə konkret cinayətdə ittiham olunur, o, Azərbaycanın dövlət sərhədlərini pozub, dövlətimizin ərazi bütövlüyü və suverenliyi əleyhinə çağırışlar edib. Ona görə də Rusiya Lapşini kəlbəcərli girovlarla dəyişməkdə maraqlı ola bilər”.

Bununla belə, Azərbaycan məhkəməsinin haqqında 3 illik həbs qərarı çıxardığı Lapşinin Rusiyaya deyil, İsrailə ekstradisiya olunmaq istəyi vəziyyəti bir qədər çətinləşdirir. Əslində Aleksandr Lapşin İsrailə ekstradisiya olunmaq üçün bu ölkənin Bakıdakı səfirliyinə ərizə ilə müraciət etməklə  onun Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi şanslarını azaldıb. Elə Elxan Şahinoğlu da bu cür düşünür: "Aleksandr Lapşin bic gediş edib. O Rusiya əvəzinə İsrailə ekstradisiya olunmaq istədiyini bildirib. Lapşin bilir ki, Bakı ilə Moskva arasında söz atışması mövcuddur və biz onu Dağlıq Qarabağda girov saxlanılan vətəndaşlarımızla dəyişmək istəyirik. Ona görə də Lapşin İsraili seçib. Rusiyadan fərqli olaraq, İsraillə əlaqələrimiz strateji tərəfdaşlıq mahiyyəti daşıyır və Bakının Təl-Əvivin xahişinə "yox" deməsi çətindir".
27.07.2017 11:52:52
Oxuma sayı: 489