28 il əvvəl Şuşada baş verənlər - Laçın alayının qərargah rəisi yazır
Ölçü:

Rafiq Nağıyev,
Laçın alayının qərargah rəisi

1992 ci il mayın 7-də saat 19:00-da Şuşa şəhər İcra hakimiyyəti başçısının kabinetində müşavirə vaxtı Bakıdan Baş Əməliyyat İdarəsinin rəis müavini polkovnik- leytenant M.Beydullayev zəng edərək Ə.Orucova əmr edir: "Mayın 8-də səhər tezdən Qırmızı Xaç Cəmiyyətindən Şuşaya nümayəndə gələcək.Təcili olaraq yoldakı minaları çıxarıb, döyüş texnikalarının gizlədin". 

Əmr yerinə yetirilir. Mayın 7-də saat 23:00-da rabitəçi Zülfüqar Ismayılov ermənilərin səhər tezdən Şuşaya hücum edəcəkləri barədə danışığını tutur və aidiyyatı üzrə Orucova məruzə edir. Səhərə yaxın 3-4 radələrində Xankəndi istiqamətindən ermənilər Şuşaya artilleriya hazırlığı keçirlər. Yuxudan oyanan 777-nin komandiri E.Məmmədov deyir ki, axşam verilən əmrə görə hücum olacağına inanmadım. E.Orucov və Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi M.Cahangirov heç bir əhəmiyyət kəsb etməyən 25 km uzaqda yerləşən Kosalar kəndinə gedirlər.
Laçın Alayından gələn qüvvələr saat 09:30-da Daşaltı istiqamətdən bağlı olan Şuşa-Laçın yolunu ermənilərdən təmizləyərək yolu açırlar.

Mayın 8-də saat 11-dək Şuşa şəhərinin ətrafında nizamsız, idarə olunmayan mövqe döyüşləri aparılır. Saat 11:00-da komandanlıq şəhərə qayıdır və 13:00-dək ermənilər bir neçə dəfə cəhd etsələr də, itki verib geri çəkilirlər. Rabitəçi Zülfüqar ermənilərin danışığını tutur. Hücum edən qüvvələr mərkəzə xəbər verirlər ki, itkimiz çoxdur, Şuşaya girə bilmirik, geri çəkilirik. Mərkəzdən onlara deyilir ki, biraz da dayanın, sizlə döyüşən könüllülərdir, Azərbaycan hökuməti Şuşanı bizə satıb.

Batalyon komandiri T.Oğuz tar sexi ərazisində şəhid olur. Saat 13:00-dan sonra "Zapravka" ərazisində ancaq Laçın polisinin döyüşçüləri və Şamil Basayevin 4 nəfər döyüşçüsü döyüşür. Şəhərdə gedən döyüşlər idarə olunmur. Şəhər saat 17:00-dək könüllü döyüşənlərin qəhrəmanlığı sayəsində müdafiə edilir. Saat 17:00- da əmrə əsasən hərbi texnikalar şəhərdən çıxarılır və 19:00-da yenə də əmrə əsasən canlı qüvvələr şəhərdən çıxarılır. Əmrə tabe olmayan 80 nəfərə yaxın döyüşçü qalıb döyüşür, gecəyə qədər müqavimət göstərir və sonrakı taleləri naməlum qalaraq qəhrəmancasına şəhid olurlar.

P.S.Bu yazı 1994-1995-ci illərdə Şuşa və Laçının işğalı barədə keçirilən məhkəmə prosesində təsdiqini tapmış həqiqətlərin çox cüzi bir hissəsidir.
08.05.2020 14:04:00
Oxuma sayı: 70