Həns olunan icra başçıları harada saxlanılır?
Ölçü:

Həbs edilən məmurların harada saxlanması maddənin ağırlığından asılıdır. İçəridəki icra başçılarının hansı təcridxanada saxlanılmasını istintaq müəyyən edəcək.

Koordinat.az
xəbər verir ki, bu fikri hüquq müdafiəçisi Səidə Qocamanlı deyib: "Onlar elə bilirdilər ki, sadə adamları çapıb-talayacaqlar, istədiklərini edəcəklər, özlərinə mal-mülk alacaqlar və belə də davam edəcək. Ancaq bu həbslər göstərdi ki, əyalətlərdəki özbaşınalıqlara son qoyulacaq. Həmin məmurlar da bizim kimi sıravi adamlardır, sadəcə, dövlət rəhbərliyi onlara etibar etmişdi, idarəçiliyi tapşırmışdı, amma qiymətləndirmədilər, sui-istifadə etdilər, insanları narazı saldılar”.

S.Qocamanlı qeyd etdi ki, həbs edilən icra başçılarının Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında, yoxsa Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılması onlara qarşı irəli sürülən ittihamlardan, maddələrdən asılı olacaq: “Hələlik onları Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlayırlar. Məsələ burasındadır ki, həbs edilən vəzifəli şəxslər çoxdur. Sadəcə, onlara qarşı irəli sürülən ittihamlara əsasən kimisi Kürdəxanı təcridxanasında saxlanılır, kimisi DTX-da...”

Hüquq müdafiəçisi bildirdi ki, bölgələrdə həbslərin olacağını çoxu gözləyirdi: “Çünki əyalətlərdən şikayətlər çox idi. Prezidentə məktublar yazırdılar, mətbuatda şikayətlər çox idi, insanlar yerli idarəçilikdən narazılıq edirdilər.

Ona görə aparılan bu “təmizləmə”lər gələcəyə olan pozitiv siqnaldır. Məmurlara göstərmək lazımdır ki, siz “kiçik padşah”lar deyilsiniz, millət üçün işləməlisiniz, təkcə övladlarınızı, varidatınızı düşünməməlisiniz.

Ona görə son dövrlərdə nə qədər vəzifəli şəxs işdən çıxarıldı, yeni təyinatlar oldu. Bütün bunlar müsbət haldır, insanlar da pozitiv qarşılayırlar. Çox istərdim ki, boşalan kreslolara da xalqın dərdini çəkən kadrlar gətirilsin. Eyni zamanda digərləri “gözü çıxmış qardaş”dan nəticə çıxarmalıdırlar. İstənilən halda bu həbslər yerli idarəetmə sistemində dəyişikliklərə səbəb olacaq".

Qeyd edək ki, son 5 ayda beş icra başçısı həbs olunub. Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının rəhbərləri rüşvət və korrupsiya faktı ilə kabinetlərində qandallanıblar.

Prezident İlham Əliyev çıxışlarında daim məmurların xalqa xidmət etməli olduqlarını xüsusi vurğulayıb. İcra başçılarının həbsini korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı ciddi mübarizəyə başlandığının anonsu kimi dəyərləndirmək olar. Prezident İlham Əliyev qeyd etmişdi ki, həyata keçirilən islahatlarda mühüm hədəflərdən biri də ölkədə korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı mübarizədir. Adıçəkilən olaylarda həbs edilən icra başçıları ilə bağlı məqamda məhz bu iki amil qırmızı xətlə keçib. Belə görünür ki, proses İmişli ilə yekunlaşmaya bilər. Qarşıdakı günlərdə hansı rayon rəhbərinin həbs olunacağı maraqla gözlənilir. /Musavat.com
08.05.2020 10:19:00
Oxuma sayı: 157