"Kaspi" liseyinin mühasibləri bəraət istəyir
Ölçü:


"Kaspi" liseyinin baş mühasibi və mühasibi 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər.

Koordinat.az
-ın məlumatına görə, Cinayət Məcəlləsinin 179.4-cü (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə şərti cəza alan Məmmədov Tural Fəxrəddin oğlu və Möhbalıyev Fərahim Davud oğlunun məhkəmə prosesinə hakim Namiq Məmmədov sədrlik edir.  İttihama görə 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Onlar 2018-ci ilin oktyabrında “Kaspi”nin Bakıxanov qəsəbəsində yerləşən filialından təhsil haqqı kimi ödənilən məbləğdən 564 min manatı mənimsəməkdə ittiham olunurlar. Tural ilə Fərahim vəsaitin 565 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Xatırladaq ki, 2019-cu il oktyabr ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kaspi" liseyində 564 min manatın mənimsənilməsində ittiham olunan mühasiblər Tural Məmmədov və Fərahim Möhbalıyev barəsində hökm oxunub. Məhkəmə onları üç il dövlət orqanlarında vəzifə tutmaq qadağan olunmaqla, müvafiq olaraq 6 və 5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onlar cəza müddəti ərzində azadlıqda, amma probasiya xidmətinin nəzarəti altında qalacaqlar.

Tural Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır: “Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim”.

Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədovun sözlərinə görə, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da “Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib. Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.

08.05.2020 09:56:00
Oxuma sayı: 118