Karantin rejiminin yumşaldılması əks effekt verib
Ölçü:


Mayın 4-dən karantin rejiminin daha da yumşaldılması koronavirusa yoluxanların sayının sağalanların sayından əhəmiyyətli dərəcədə artımına səbəb olub. Əgər aprelin 27-dən mayın 4-dək sağalanlar xəstələnənlərdən 15 nəfər çox idisə, hazırda ikinci mərhələ yumşalmadan ötən 3 gün ərzində xəstələnənlərin sayı sağalananların sayından 100 nəfər çoxdur. Mayın 4-dən 7-dək 195 nəfərdə virusa yoluxma faktı qeydə alınıb, 95 nəfər isə sağalaraq evə buraxılıb.

Koordinat.az xəbər verir ki, bu barədə tanınmış alim Qubad İbadoğlu "Facebook" statusunda bildirib. O, virusa yoluxanların sayının kəskin artmasını hökumətin son günlər atdığı tələsik addımların acı nəticələri kimi dəyərləndirib: "Hesab edirəm ki, bunun başlıca səbəbi yumşalma mərhələsinə qaydalarsız, təlimatsız və izahatsız başlamağımızla əlaqədardır. Bununla əlaqədar olaraq vaxtında professor Adil Qeybulla da narahatlığını bölüşsə də təəssüf ki diqqətə götürülmədi. Hazırda Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev də son zamanlar yoluxanların sayının artma səbəbinin karantin rejiminin yumşaldılması ilə bağlı olduğunu deyir: "Qoruyucu vasitələrdən əvvəlki kimi istifadə edilmir. Sosial məsafəyə ilk günlərdə olduğu kimi diqqət edilmir. Bu da yoluxanların sayını artırır".

Qubad İbadoğlu bildirib ki, artıq gecdir, bu tendensiyanı əvvəlcədən görmək və ikinci mərhələ yumşalma qərarını ertələmək olardı: "Görünür ki, bu tendensiya davam edərsə yenidən sərtləşdirmə tətbiq oluna bilər. Bu isə iqtisadi və sosial həyata daha mənfi təsirlər yarada bilər. Çünki, iqtisadiyyatı açmaq da, bağlamaq da əlavə xərc yaradır. Odur ki, yumşalma qərarını verəndə şəxsi və korporativ maraqlardan deyil, ictimai təhlükəsizlik mənafeyindən çıxış etmək lazımdır. Bu da onu göstərir ki, Azərbaycanda idarəetmə problemi var, xüsusilə də böhran menecmenti işləmir".
07.05.2020 10:12:00
Oxuma sayı: 74