Putinin geopolitik revanşı: Moskvanın yeni gedişləri Azərbaycana nə vəd edir?
Ölçü:


Son  zamanlar Moskvanın xarici siyasəti ilə bağlı müşahidə olunan bəzi məqamlar Rusiyanın taktiki dəyişikliklərə  hazırlaşdığından xəbər verir. Moska yeni təşəbbüslərlə ABŞ başda olmaqla Qərb ölkələrinin geosiyası təzyiqini neytrallaşdırmağa və öz mövqelərini möhkəmləndirmək üçün yeni perspektivlər açmağa çalışır.

Rusiyanın yeni planlarında və taktiki gedişlərində Azərbaycanın adı da yer alır. Şübhəsiz ki, bu təşəbbüslər Azərbaycan üçün yeni fürsətlər vəd etməklə yanaşı, risklər də yaradır.

Moskvanın çox çək-çevir etmədən Türkiyə ilə münasibətləri normallaşdırmağa razılıq verməsi və dərhal iqtisadi əlaqələrin bərpasına “yox” deməməsi, haqlı olaraq analitiklərin diqqətini çəkmişdi. Çünki Moskvanın Tükiyənin barışıq mesajına çox çevik reaksiyası son illərin Kremlinin və prezident Putinin üslubu ilə ziddiyyət təşkil edirdi.

Bu məsələlərdə çox həssas davranan rusların asanlıqla barışığa getməsi, həqiqətən, düşündürücü idi. Rusiyanın Türkiyə ilə əlaqələri bərpa etməsi üçün çox fundamental səbəbləri vardı və bunu hamı aydın dərk edirdi. Amma hətta bu səbəblər də Putinin Ərdoğanla belə asanlıqla barışmağa razı olmasını izah etməyə imkan vermirdi. Kremlin daha çox “naz edəcəyi” gözlənilirdi.

Moskvanın belə üzüyola davranmasının əsas motivini  isə bütövlükdə son vaxtlar Rusiyanın xarici siyasət təşəbbüslərini təhlil etməklə anlamaq olar.

Bir çox məqamlar Rusiyanın 2013-2015 illərdə sərgilədiyi aqqresiv siyasətə düzəliş etməyə hazırlaşdığını söyləməyə imkan verir.  Moskva 5 illik fasilədən sonra yenidən Qarabağ münaqişəsində əsas vasitəçi rolunu üzərinə götürüb və Bakı ilə Yerevanın uzalaşmasına çalışır. Prezident Putin şəxsən vasitəçi kimi çıxış edir.

Rusiya 11 ildən sonra Azərbaycanın əsas həlqələrdən biri kimi çıxış etdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizinin işə düşməsi üçün  səy göstərməyə başlayıb.

Moskva Moldova ilə iqtisadi əlaqələri bərpa etmək üçün Kişinyova “Yol xəritəsi” təklif edib. “Kommersant” qəzetinin məlumatına görə, sənəddə iqtisadi və geosiyasi məsələlərdə əməkdaşlıqla bağlı konkret təkliflər var.

Rusiya Gürcüstandakı hadisələri də diqqətlə izləyir və Kreml Tbilisi ilə daha yaxşı münasibətlər qurmağa çalışır. Rusiya 1-5 iyul tarixlərində Tbilisidə keçirilən ATƏT Parlament Assambleyasının yay sessiyasında Gürcüstanın ana müxalifət partiyasının nümayəndəsi Qiqi Seretelinin qurumun prezidenti postuna namizədləyini dəstəkləməsi də bundan irəli gəlirdi.

Digər tərəfdən, ölkələr arasında iqtisadi münasibətlər də tədricən inkişaf edir. Bu il aprel ayına olan məlumata görə, Rusiya Gürcüstanın ikinci ticarət tərəfdaşı olub. Şübhəsiz ki, bu, Kremlin xeyr-duası ilə baş verir.

Gözləmək olar ki, Rusiya son vaxtlar  münasibətlərdə “soyuqluq” müşahidə olunan Belarusla da əvvəlki etimadlı münasbətləri bərpa etməyə çalışacaq.

Bütün bunlarla yanaşı, Kreml çox həvəslə ABŞ-ın vasitəçiliyi ilə Ukrayna ilə münasibətlərin normallaşdırılması üçün danışıqlarda iştirak edir. Ukraynaya münasibətdə Kremlin ritorikasının yumşalması da nəzərdən qaçmır…

Rusiya Suriyada da Türkiyə ilə kompomislər axtarırdı. Təhlilçilər ehtimal edirlər ki, 15 iyul hərbi qiyamından əvvəl Türkiyənin Suriyada Bəşər Əsəd rejimi ilə müzakirələrə başlana biləcəyi ilə bağlı mesajlarının səslənməsində Rusiya ilə barışıq rol oynayıb. Ankara Moskvanın vasitəçiliyindən yararlanmaq niyyətində olub. Yaxud rusların müsbət reaksiyasından sonra Türkiyə bu təşəbbüslərə başlamaq istəyib.

Moskva Rusiyaya qarşı tətbiq edilən sərt iqtisadi sanksiyaların müddətinin uzadılmasına baxmyaraq,  bu məsələni  arxa plana keçirməklə konkret Avropa İttifaqı ölkələri ilə kompomisə gəlməyə çalışır. Xüsusən də İtaliya, Almaniya və Fransa ilə münasibətdə Putin  komandası məxsusi jestlər edir.

Kreml Çindən gözlədiyi iqtisadi dəstəyi ala bilməsə də, Pekinlə siyasi əməkdaşlıq səviyyəsini saxlamağa çalışır. Bu yaxınlarda prezident Putinin Çinə səfəri rusların siyasi əməkdaşlığın saxlanılması naminə Pekinin iqtisadi əlaqələrdə laqeydlyinə göz yummağa razı olduğunu nümayiş etdirdi. Rusiya hətta Çinin Orta Asiya ölkələrində mövqeyinin möhkəmlənməsinə hesablanmış  “Yeni İpək yolu”  layihəsinə də dözümlü yanaşır və həyata keçirilməsində iştirak etməyə can atır.

Təhlilçilərə görə, Rusiya bu addımlarla hər vəhclə onu ətraf ölkələrlə konfrontasiyaya sürükləyən Qərb strategiyasına müqavimət göstərir və öz xarici siyasətini çevik şəkildə yeni reallıqlara uyğunlaşdırmağa çalışır.  Kreml gücünü nümayiş etdirməklə yanaşı konfrontasiyada maraqlı olmadığına inandırmağa səy göstərir.

Bu təşəbbüslər və Kremlin addımlarının müsbət qarşılanması və təsirləri əslində Putinin geosiyasi revanşı kimi də dəyərləndirilə bilər.

Digər tərəfdən, 15 iyulda Türkiyədə hərbi qiyama uğursuz cəhddən sonra Ankara-Moskva əməkdaşlığının dərinləşəcəyini istisna etmək olmaz.  Hazırda Türkiyənin ABŞ, Avropa İttifaqı ölkələri və NATO ilə münasibətlərində aşkar gərginlik yarandığı müşahidə olunur. 15 iyulda hərbi qiyama cəhdin əsas səbəblərindən biri kimi, məhz Ankaranın Moskva ilə barışığa getməsi versiyası göstərilir.

Türkiyədə baş verənlərə baxmayaraq, Ərdoğan komandası Putin hakimiyyəti ilə danışıqlara sadiq qaldığını hər vəhclə nümayiş etdirməyə çalışır. Bütün bu proseslər isə Putinin geosiyasi revanşı üçün əlavə zəminlər yaradır.

Sözsüz ki, Rusiyanın bu taktiki gedişləri Azərbaycan üçün yeni imkanlar açır. Xüsusən Qarabağ münaqişəsinin çözülməsində və Bakı üçün çox vacib olan beynəlxalq nəqliyyat dəhlizlərinin işə salınmasında Rusiyanın mövqeyi həlledici əhəmiyyətə malikdir. İndiki situasiyada isə Azərbaycanda rusların əvvəlki illərlə müqayisədə Bakının maraqlarına daha anlayışla yanaşacağına ümid yarana bilər.

Moskva-Ankara barışığı da bu məsələlərdə müsbət təsirə malikdir. Rusiyanın bu məsələlərdə gözləntiləri nə dərəcədə doğruldacağı isə yaxın perspektivdə anlaşılacaq.

Şübhəsiz ki, Moskvanın Bakı ilə çox yaxınlaşması risklər də doğurur. Söhbət ABŞ-ın mövqeyindən gedir və belə məsələlərdə çox həssas olan Vaşinqtonun Azərbaycana qarşı ənənəvi tolerant mövqeyini saxlaması çox mühümdür.

Azərbaycan üçün çox vacibdir ki, Vaşinqtonda Bakının ehtiyaclarını və bundan doğan zəruri addımları düzgün dəyərləndirsinlər. Azərbaycanın, son 10 ildə olduğu kimi, bunu nə dərəcədə uğurla bacaracağını isə yaxın zamanalarda müşahidə edə biləcəyik.

 Zaur İBRAHİMLİ
(Strateq.az)

21.07.2017 13:06:12
Oxuma sayı: 257