ABŞ-ın sanksiyalarla sıxışdırdığı İran koronavirus təhdidi altında - TƏHLİL
Ölçü:


ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində yaranan acınacaqlı çətinliklər rəsmi Tehranın ölümcül karonavirusun öhdəsindən gəlmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. ABŞ prezidenti Donald Trump İrana qarşı  ən sərt sanksiyalar tətbiq etməklə humanitar fəlakətə yol açır. Bu, Covid-19 pandemiyası dövründə sadə iranlıların əsas dərmanlardan istifadə etməsini qeyri-mümkün edir. Halbuki İran karonavirusdan  ən çox ziyan çəkən  ölkələr arasındadır.  Belə ki, Covid-19  virusuna yoluxanların ümumi sayı 41,495 nəfərə, ölənlərin sayı 2,757-ə yüksəlib.

İranın səhiyyə naziri Səid Namaki martın 30-da bildirib ki, 61 milyon insandan təxminən  51 milyondan  çoxunun telefonla yoxlanılıb.  Yoxlanışdan keçənlərdən 218 min nəfərdən çoxu daha ətraflı müayinə üçün təyin edilib və 93,000 nəfər ev şəraitində müalicə alıb. 16 mindən çox adam xəstəxanalara  yerləşdirilib.

Bioloji müharibə sınağı azmış kimi,  ABŞ-ın sanksiyaları da İran iqtisadiyyatını zəiflədib. Vaşinqtonla gərginlik yüksək olaraq qalır və hökumət bu üzdən çətin durumdadır. Qeyri-humanist, insanlığa sığmayan  davranışın daha bir təzahürü isə  keçən həftə prezident Donald Trumpun sanksiyaları bir qədər də sərtləşdirərək, İranla birgə neft-kimya məhsullarında "əhəmiyyətli əməliyyatlar" etdiyinə görə dünyanın bir sıra şirkətlərini qara siyahıya salmasıdr. Belə ki, ABŞ İranı dəstəkləyənləri hədəfə almaqda dəvam edir, hətta bu dəstək sadəcə humanitar ticarət və İran xalqına kömək üçün nəzərdə tutulsa belə buna məhəl qoyulmur.

Bioloji silahın fəsadları ilə ölüm -dirim savaşı aparan  İran çətin vəziyyət səbəbindən  Beynəlxalq Valyuta Fonduna 5 milyard dollarlıq təcili maliyyə yardımı, əlcək və maskalar, həmçinin,  lazımlı avadanlıqların siyahısı ilə müraciət edib.

ABŞ-ın İrana qarşı sanksiyaları, ölkənin karonavirus xəstələrini müalicə etmək səylərini azaldır və ölümcül virusun daha geniş yayılmasına səbəb olur. Üstəlik, sanksiyalar beynəlxalq bankları İranla münasibətlərdən çəkinməyə vadar edir və Avropa tibb şirkətlərinə karonavirusa qarşı mübarizədə həyati önəm daşıyan  avadanlıqların satışına qadağa qoyur.

Ağ Ev İrana qarşı sanksiyaların qaldırılmasından inadla imtina edir və hətta son həftələrdə qadağaları  bir neçə dəfə sərtləşdirərək   İran əhalisinin dərmanlar və tibbi avadanlıqlardan istifadəsini demək olar ki, mümkünsüz edib.  Rəsmi Tehran ABŞ-ın ölkəyə tətbiq etdiyi birtərəfli sanksiyaların pandemiyaya  qarşı mübarizəyə ciddi şəkildə maneə törətdiyini bildirib.

Bəli!  Tətbiq etdiyi sanksiyalara görə Ağ Ev rəhbərliyi  İranda və ona qonşu ölkələrdə karonavirusun sürətlə yayılmasında  məsuliyyət daşıyır. Human Rights Watch hesabatı da bunu təsdiqləyir. Bu beynəlxalq təşkilat keçən il  sanksiyaların "ölkənin humanitar idxal, o cümlədən, dərman vasitələrini maliyyələşdirmə imkanlarını ciddi şəkildə məhdudlaşdırdığını" yazmışdı.

Trump administrasiyası "İran xalqına kömək etməyi" və tibbi ləvazimatların çatdırılmasını asanlaşdırmağı təklif etdiyini söyləsə də  təklifin bir çox şərtlərə sahib olduğu deyilir və idxalçılar hələ də ticarətin maliyyələşdirilməsi üçün coxlu uyğunlaşma proseslərin böyük bir problem yaratdığını söyləyirlər. Virusun heç bir sərhəd  tanımadığını  nəzərə alaraq demək olar ki, bu problemlə təkcə İran üzləşməyib. Həmçinin,  qonşu ölkələrdə də milyonlarla insan həyatı ciddi risk altında olarkən, sanksiyaların davam etdirilməsi  insan hüquqlarına ziddir və qeyri-insani davranışdır.

Bu gün beynəlxalq ictimaiyyət, xüsusilə dost və qonşu ölkələr humanitar dəstək və həmçinin, sanksiyaların qaldırılması üçun əlindən gələni etməlidir.  Hazırda iran  sanksiyalar səbəbindən,  tibbi avadanlıq və ləvazimat ala bilməyən yeganə ölkədir. Sanksiyaların və karonavirusun birləşməsi onu daha təhlükəli və dəhşətli bir komplikasiyaya çevirir. Sanksiyalar karonavirusu daha da möhkəmləndirir  və böhranı gücləndirir. 

Artıq qanunsuz sanksiyalara son qoymağın vaxtı çatıb. Beynəlxalq ictimaiyyət İran xalqına yönəlmiş  sanksiyaların dayandırılmasına kömək etməlidir.  Bununla əlaqədar artıq Rusiya Federasiyası, Çin, Türkiyə, Pakistan və BMT baş katibi də daxil olmaqla, bir çox dövlət başçıları ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qaldırılmasını tələb edib. Bu hökumətlərin artan səyləri etik, insanpərvər və təqdirəlayiqdir. Hüquqi baxımdan ABŞ-ın sanksiyaları təkcə İrana qarşı deyil, həm də insanlığa və beynəlxalq birliyə qarşı dəhşətli  cinayətdir.

İranın xarici işlər naziri Muhammad Cavad Zarifin  təbiricə desək, bu qlobal virus heç bir sərhəd tanımır və bəşəriyyətə amansızcasına hücum edir, buna görə də dünyada insanlar karona təhlükəsini görərək coğrafi, siyasi, irqi və etnik sərhədləri kənara qoyub, bu fəlakəti aradan qaldırmaq üçün kollektiv mübarizə aparmalıdır.

Bunu nəzərə almalıyıq kı, müharibə, aclıq və xəstəlik tarix boyu fəlakət yaratmaq üçün birləşıb. Bu gun karonavirus bölgəmizə addımlayır və onun fəsadları dağıdıcı ola bilər.

Mirzəağa Məmmədli

02.04.2020 11:12:00
Oxuma sayı: 276