XİN: “Diplomatlarımız xüsusi rejimdə işləyirlər”
Koronavirusun yayıldığı xarici ölkələrdə vətəndaşlarımız təxliyyə və digər məsələlərlə bağlı diplomatik nümayəndəliklərimizə müraciət edir, onlardan kömək alır.
Bəs maraqlıdır, xarici ölkələrdə olan diplomatik nümayəndəliklərimiz necə fəaliyyət göstərir? Onlardan Azərbaycana qayıdan varmı?
Məsələ ilə bağlı Koordinat.az-a danışan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva hələ ki, heç bir ölkədən diplomatik nümayəndəmizin geri qayıtmadığını bildirib:
“Bu gün qlobal müstəvidə koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın həm Xarici İşlər Nazirliyi həm də Azərbaycan hökuməti tərəfindən çox ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu müstəvidə xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz xüsusi gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər. İlk növbədə onu qeyd etmək istərdim ki, hansı ölkədə olmasından aslı olmayaraq koronavirusun geniş yayıldığı ölkələrdə, hazırda vəziyyətin kritik olduğu ərazilərdə belə səfirlərimiz də daxil olmaqla diplomatik heyət öz ailə üzvləri ilə birgə orda fəaliyyətini davam etdirir. Yəni heç bir diplomatımız Azərbaycana geri qayıtmayıb. Onlar işlədikləri ölkələrin müəyyən etdiyi karantin rejiminə, qaydalara əməl edərək fəaliyyət göstərirlər. Həmin ölkələrin müəyyən etdikləri qaydalar əsasında, əgər beynəlaxlq təşkilatlar fəaliyyətini dayandırıbsa diplomatlarımız işlərini ev şəraitində həyata keçirirlər”.
L.Abdullayeva digər ölkələrdə fəaliyyət göstərən konsulluqlarda xüsusi rejimin tətbiq edildiyini qeyd edib:
“Konsulluq qəbulu ilə bağlı da xüsusi rejim tətbiq olunub. İnsanların təbii olaraq kütləvi şəkildə qəbul olunmasına məhdudiyyətlər qoyulur. Bütün bu məsələrlə bağlı bütün məlumatlar mütəmadi olaraq bizim diplomatik nümayəndəliklərimiz tərəfindən yayılır. Bu həm onların internet səhifələrində həm də sosial media hesablarından paylaşılır. Biz də öz vətəndaşlarımıza tövsiyə edirik ki, olduqları ölkədə Azərbaycan səfirliyinin və baş konsulluğun məlumatlarını izləsinlər. Bu gün vətəndaşlarımız pandemiya problemi və digər məsəslərlə bağlı ilk olaraq Azərbaycanın diplomatik nümayəndəliyinə üz tutmalıdır. Belə məsələlərlə əlaqəli olaraq diplomatik nümayəndəliklərimizin 24 saat fasiləsiz işləyən qaynar xətti fəaliyyət göstərir. Başlıca tövsiyyəmiz isə harda olmalarında aslı olmayaraq vətəndaşlarımızın Ümumdünya Səhiyyət Təşkilatınını və yaşadıqları ölkənin tətbiq etdiyi karantin qaydalarına əməl etməsidir”.
20.03.2020 12:41:00
Oxuma sayı: 163