"Müharibə veteranı" statusu ala bilməyənlərə şad xəbər - məsələ Milli Məclisdə müzakirə olunub
Ölçü:


Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Koordinat.az xəbər verir ki, iclasda çıxış edən millət vəkilləri aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərlə çıxış ediblər. Millət vəkili Vüqar Bayramov "Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsinin zəruriliyindən bəhs edib.

Millət vəkili Arzu Nağıyev isə Qarabağ müharibəsində iştirak etmiş, lakin indiyədək müxtəlif səbəblərdən "Müharibə veteranı" statusu ala bilməyən vətəndaşların hüquqlarının bərpası məsələsinə toxunub. O, qeyd edib ki, ərazisi işğal olunmuş rayonlarda və cəbhəyanı ərazilərdə müharibədə iştirak etmiş, lakin "Müharibə veteranı" statusu almayanlar üstünlük təşkil edir: "Həmin vətəndaşların sosial hüquqları təmin olunmalıdır. Müharibə iştirakçısı olub, veteran statusu almayan şəxslərin məsələsi həll edilməlidir. Təkcə Gədəbəy zonasında təxminən 300 nəfərə, Tovuz zonasında isə 400 nəfərə yaxın müharibə veteranı statusu almayan şəxs var".

Millət vəkili İlham Məmmədov isə əlilliyin təyin olunması ilə bağlı ciddi problemlərin olduğunu bildirib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, əlillik meyarlarının müəyyənləşdirilməsi ilə bağlı təkmilləşdirmə işləri aparılır.Əlliliyin ilkin təyin olunması da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, ehtiyatda olan zabit və gizirlərin bir qrupu bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevə və Prezidentin Hərbi Məsələlər üzrə köməkçisi -Müdafiə məsələləri şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevə məktubla müraciət ünvanlamışdı. Müraciətdə
hərbçilərin statusu və sosial problemlərinin, o cümlədən "Müharibə veteranı" statusu ala bilməyən keçmiş döyüşçülərlə bağlı hüquqi məsələlərin həlli istiqamətində müvafiq addımların atılması xahiş olunurdu.
16.03.2020 21:04:00
Oxuma sayı: 86