"Azercell"in yeni fırıldaqları - balansdan pul çıxılır
Ölçü:


Son vaxtlar "Azercell" şirkətinin abonentlərə qarşı SMS fırıladaqlarının sayı artıb. Ən müxtəlif adlarla abonentin balansından pul çıxan şirkət indi də başqa bir fırıldağa əl atıb. Belə ki, internet xidməti adı ilə abonentlərin balansından hər həftə 1 manat silinir.

Koordinat.az xəbər verir ki, son vaxtlar bu barədə şikayətlərin sayı sürətlə artmaqdadır. Abonentlərdən biri BAKU.WS-ə şikayət edərək bildirib ki, "Azercell"in heç bir internet paketindən istifadə etmədiyi halda hər həftə balansından 1 manat silinir və ona əvəzində 200 MB internet verilir. Bildirilir ki, 200 MB internetdən 1 həftə ərzində istifadə olunmalıdır.

Abonent qeyd edir ki, o, yalnız wi-fi vasitəsilə internetə qoşulduğu halda "Azercell"dən mesaj gəlib ki, 200 MB hədiyyə internet paketi aktivləşdirildi: “Halbuki mən bunu istəmirdim. İcazəm olmadan paketi aktivləşdiriblər. Birinci həftə pulsuz internet paket təqdim olunur və həmin həftə bitdikdən sonra növbəti həftələrdə hər dəfə balansımdan bir manat çıxılır. 2525-ə STOP yazıb göndərsəm də paket ləğv olunmadı, mesajımın səhv olduğu barədə məlumat verildi”, - deyə abonent bildirib.

"Azercell" şirkətindən BAKU.WS-ə bildirilibi ki, bu Azercell müştəriləri üçün yeni kampaniyadır: “Birinci həftə pulsuz internet paketi təqdim olunur. Paket aktivləşdirilərkən necə dayandırılması barədə də mesaj göndərilir. Paketi deaktiv etmək üçün “7-” yazaraq 2525-ə göndərmək lazımdır”.

Şikayətçi abonent isə "Azercell"dən ona göndərilən mesajları təqdim edərək bildirdi ki, paketin dayandırılması barədə "Azercell"dən ona heç bir məlumat göndərilməyib.

22.01.2018 12:51:02
Oxuma sayı: 839