Qolu sınan uşaq xəstəxanaya aparıldı, əməliyyat zamanı öldü
Ölçü:


Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.

Koordinat.az xəbər verir ki, APA-nın yaydığı məlumata görə, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.

Xəstəxananın baş həkimi Nuri Nuriyev məlumatı təsdiqləyib. O, bildirib ki, 9 yaşlı uşağın ölümünə anafilaktik şok səbəb olub: "2008-ci il təvəllüdlü Qəbələ rayon Qaradeyin kənd sakini Mehralıyev Seymur Qoşqar oğlu dünən saat 17:04 radələrində sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Cərrahiyə əməliyyatına başlamazdan öncə metilin iynəsi vurularkən xəstə anafilaktik şok keçirib. Ölümünə səbəb anafilaktik şok olub. Ürək dayanıb”.

Nuri Nuriyev bildirib ki, bütün lazımi tədbirlər görülməsinə baxmayaraq, xəstə dünyasını dəyişib: “Hər bir əməliyyatda anafilaktik şok baş verə bilər. Düzdür, nadir hallarda baş verir və xəstəni vəziyyətdən çıxarmaq olur. Amma təəssüf ki, bu xəstənin həyatını xilas etmək mümkün olmadı. Hazırda uşağın meyit yarılıb və ekspertiza təyin edilib. Patoloji anatomik müayinədən sonra xəstənin ölüm səbəbi dəqiq bilinəcək”.
11.07.2017 10:36:00
Oxuma sayı: 172