Magistraturaya qiyabi təhsilin bərpası hansı üstünlüklər vəd edir?
Ölçü:

Artıq bir neçə ildir ölkəmizdə magistratura dərəcəsi üzrə ləğv olunan qiyabi təhsil yenidən bərpa olunub.

Koordinat.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov mövzunu şərh edərkən bakalvr və magistr təhsilinin “Part time” və “Full time” formada həyata keçiriləcəyini bildirib: “Nazirlər Kabinetinin qərarı ilə ali təhsil formalarına edilən dəyişikliyə əsasən əyani formada bakalavr və magistr təhsili “part time” və “full time” formada həyata keçiriləcək. İndiyə qədər isə yalnız əyani və qiyabi təhsil alma formaları var idi. Amma magistrlar daha çox qiyabi təhsil almaqda maraqlı idilər ki, bu da onların işləmək, gəlir əldə etmək istəkləri ilə bağlı idi. Qiyabi təhsilin plan yeri az olduğu üçün bir çox hallarda bakalavrlar təhsillərini növbəti pillədə davam etdirmək istəmirdilər.“Part-time” (tədrisə qismən cəlb olunma) əyani təhsilalma formasının bir növü olub, hər semestrdə iki fəndən az olmamaqla tədris qrafiki tələbənin özü tərəfindən planlaşdırılır. Bu təhsil formatı iki il ərzində çalışmamaq imkanına malik olan 23-30 yaşlı insanlara uyğundur.

Ekspert “Full time” və “Part-time” formalarının üstün və mənfi cəhətlərini də açıqlayıb. Onun fikrincə,  “Full time” təhsilin üstün cəhəti odur ki, bu proqramlara ən çox maliyyə dəstəyi ayrılır. Bütün təqaüd və qrantların 90%-ni full-time tələbələri alır. Əksər hallarda şirkətlər full-time məzunları arasında özlərinə potensial əməkdaşlar axtarırlar. Həmçinin, bu proqramlar bütün dünyadan ən yaxşı tələbələri cəlb edir. “Full time ” təhsilin çatışmayan cəhəti odur ki, bu proqramlar böyük əziyyət tələb edirlər. Nəzərə alsaq ki, tələbələr həm də iş axtarmalı olurlar, onların şəxsi həyata vaxtları qalmır. Part-time (qiyabi təhsil) təhsil isə biznes məktəblərinin əsas gəlir mənbələri hesab edilirlər. Qiyabi tələbələr bəzən özlərini “ögey uşaqlar” kimi hiss edirlər. Lakin onların proqramına daha çox vəsait yatırılır. Part-time təhsilin üstün cəhəti odur ki, bu təhsil formatı 24-35 yaşlı tələbələr üçün nəzərdə tutulub. Bu proqramlar full-time proqramları fakültələrinin əsasında təşkil olunublar. Bəzi müəllimlər axşamlar və yaxud istirahət günlərində dərs deməyə üstünlük verirlər. Beləliklə, onlar araşdırmalara daha çox vaxt ayırmış olurlar. Yalnız az sayda tələbələr təqaüd alırlar, lakin onlar işə götürənlər tərəfindən maliyyə dəstəyi alacaqlarına güvənə bilərlər. Part-time təhsilin çatışmayan cəhəti odur ki, cəmiyyətdə elə bir fikir formalaşıb ki, qiyabi oxuyan tələbələr bir o qədər rəqabətə layiq deyillər və full-time tələbələrindən fərqli olaraq, hərtərəfli deyillər. Bu fərq xüsusi ilə kiçik şəhərlərdə hiss olunur. Əksər hallarda əmək yarmarkalarının günorta vaxtında keçirildiyinə görə qiyabi proqramlar iş axtarmaq üçün bir o qədər də yaxşı şəraitlər yaratmırlar. Bundan savayı, qiyabi təhsil iki ildən çox davam edir və onun köməyi ilə nadir hallarda digər sahədə karyera qurmaq mümkün olur. Bütün hallarda edilmiş dəyişiklik təhsilin əlçatımlılığına və əhatə dairəsinin genişlənməsinə böyük imkan verəcək. Bu eyni zamanda bakalavrların magistr təhsili almasına marağını ciddi şəkildə artıracaq“.
11.03.2020 17:26:00
Oxuma sayı: 65