Elman Rüstəmov əhalidən kömək istədi - neftin kəskin ucuzlaşması risk yaradıb
Ölçü:

“Bizim kifayət qədər strateji valyuta ehtiyatlarımız var”.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov neftin qiymətinin kəskin azalmasının manatın məzənnəsinə təsirlərilə bağlı sualları cavablandırarkən bildirib. O, qeyd edib  ki, Dövlət Neft Fondunun transferləri dəyişmir: “Mərkəzi Bankın öz ehtiyatları var. Eyni zamanda Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları var. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil. Əhaliyə çağırışımız ondan ibarətdir ki, öz hərəkətləri ilə bizə kömək etsinlər ki, biz bu problemi daha tez həll edək. Azərbaycan iqtisadiyyatı neftin hazırkı qiymətinə Rusiyadan daha çox tab gətirə bilər”.

Neftin kəskin ucuzlaşmasından sonra yaranmış vəziyyətdən bəhs edən Elman Rüstəmov milli valyutanın məzənnəsinin dəyişməyəcəyini düşünür: “Məzənnədə dəyişiklik olmasın deyə, tədbirlər görürük. Deməli, bu faktorun inflyasiyaya təsirini gözləmirik. Lakin obyektiv faktorları da bilirik. Koronavirusun yayılması ilə müəyyən təchizat problemləri ortaya çıxa, müəyyən fırıldaqçılar bundan istifadə edə bilər. Hökumət bu məsələni nəzarətdə saxlayacaq”.

11.03.2020 13:29:00
Oxuma sayı: 54