Cəbhəyanı kəndlərdə işıq və qaz təchizatı yaxşılaşdırılacaq
Ölçü:

“Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi Ağdam rayonu ərazisində elektrik enerjisi  və qaz təchizatı şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması üzrə birgə layihənin icrasına başlayıblar.

"Azərişıq"dan Koordinat.az-a verilən məlumata görə, layihənin işlənməsi üçün hər iki qurumun birgə apardığı monitorinqlər nəticəsində rayonun yaşayış məntəqələrində mövcud problemlərin həllini nəzərdə tutan tədbirlər planı hazırlanıb.

İlkin mərhələdə Quzanlı qəsəbəsi yaxınlığında və Soltanbud meşə massivi boyunca yerləşən 230 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrində  paylayıcı elektrik şəbəkəsi tamamilə yenidən qurulacaq, o cümlədən açıq naqillər kabel xətləri ilə əvəzlənəcək, yeni güc mərkəzləri yaradılacaq. Yaşayış ərazisinin təbii qazla təmin olunması üçün daşıyıcı və paylayıcı boru xətlərinin çəkilməsi, müasir qaz tənzimləyici şkafların quraşdırılması, hər bir fərdi yaşayış evinin mətbəxindəki qaz işlədici cihaza qədər olan daxili qaz xətlərinin çəkilməsi, eləcə də məişət qaz sayğacının və fərdi qaz tənzimləyicinin quraşdırılması nəzərdə tutulub. Görüləcək işlər əhalinin kommunal xidmətlərə tələbatının daha keyfiyyətli və dayanıqlı şəkildə ödənilməsinə, eləcə də enerji itkisinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək.

“Azərişıq” ASC və “Azəriqaz” İB tərəfindən nəzərdə tutulan tədbirlərin icrası üçün ayrılan avadanlıq və materiallar martın 10-da Ağdam rayonuna gətirilib.
10.03.2020 17:57:00
Oxuma sayı: 103