Koronavirus distant təhsilə ehtiyac yaradıb
Ölçü:


Koronavirus epidemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər çərçivəsində təhsil müəssisələrində dərslərin dayandırılması müddəti martın 10-dan 20-nə qədər uzadılıb. Bu da şagird və tələbələrin 10 gün daha dərslərdən geri qalmasına səbəb olub.

Koordinat.az xəbər verir ki, Nazirlər Kabinetinin məlum qərarından sonra Azərbaycanda alternativ təhsil metodlarından istifadə məsələsini yenidən gündəmə gəlib. Ekspertlər də hesab edirlər ki, yaranan boşluğu doldurmaq üçün distant təhsilə ehtiyac var. Tanınmış təhsil eksperi Kamran Əsədov Modern.az-a bildirib ki, "Təhsil haqqında" qanuna görə, tətil müddətlərinin yeri dəyişdirilə, bir tətil digər tətillə əvəz edilə bilər, ancaq bu, öncədən elan edilməlidir: "Amma Baş Nazirin imzaladığı qərarda bu öz əksini tapmayıb. Yəni, Nazirlər Kabinetinin qərarında tətillərin yerinin dəyişdirilməsi məsələsi yox idi. Ancaq mən bunu təklif etmişdim. Səbəb də odur ki, pedaqoji təcrübəyə görə, dərs günlərinin müddətinə 15 gündən artıq tətil əlavə edilərsə, yay tətili günlərində həmin tətil dərslərlə əvəz edilməlidir. Ancaq burada məqam fərqlidir. Elan edilən tətil müddəti 15 gündən azdır, yəni cəmi dördgünlükdür. Düşünürəm ki, aprel ayında heç bir tətil və bayram günü yoxdur. Bu səbəbdən həftəsonu üçün məktəblərdə dərs günü elan edilə bilər. Belə ki, 5 günlük məktəblərdə 4 həftə ardıcıl olaraq 6-cı gün dərs günü etməklə tətil elan olunmuş 4 günü əvəz etmək mümkündür. Başqa bir versiya isə dərslərin birləşdirilməsidir. Yəni, yalnız 4 dəfə olmaqla ardıcıl olan dərslər birləşdirilir. Bu da elə ciddi və təhlükəli bir məqam deyil. Elan edilmiş tətil 15 gündən artıq olsaydı, dərslər 14 iyun tarixində bitməyəcək və əlavə 15 gün də dərslər davam edəcəkdi. Bu o deməkdir ki, əlavə təhlükə olmasa, əlavə tətil gününə ehtiyac olmasa, dərslər öncədən planlaşdırılmış vaxtda, 14 iyunda başa çatacaq”.

Tətildən qayıtdıqdan sonra şagirdlərin əlavə yüklənməyə məruz qalacağını da vurğulayan K.Əsədov müəllimlərin keçirilməyən bəzi dərsləri internet üzərindən onlara çatdırmasını məqsədəuyğun hesab edir: “Dərslərə 4 gün ara verilməsi və eyni zamanda, bayramlar səbəbindən mart ayında 10 günə qədər dərslərin olmaması müəyyən qədər şagirdlərin sonradan əlavə yüklənməsinə gətirib çıxaracaq. Belə ki, qeyd etdiyimiz kimi dərs keçirilməyən günlər növbəti həftələrdə, ya şənbə-bazar günləri hesabına, ya da dərslərin birləşdirilməsi üsulu ilə tənzimlənəcək ki, hər iki halda şagirdlər əlavə dərs yükü ilə yüklənəcəklər. Ona görə də bu, artıq ölkədə distant təhsili qaçılmaz edir. Yəni, hər hansı fövqaladə hadisə baş verəndə şagirdlər texnoloji vasitələrdən istifadə edərək, tədrisin axını pozulmadan dərslərə davam edə bilər. Yaxşı olardı ki, müəllimlər internet və sosial şəbəkə imkanlarından, resurslarından istifadə edərək, keçirilməyən dərslərin bir neçəsini şagirdlərin nəzrinə çatdırsınlar. Belə olan halda dərs başlayanda şagirdlər əlavə yüklənməyə məruz qalmayacaq”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov da məktəblərdə distant təhsilə başlanmasına ehtiyac yarandığını deyir: “Martn 27-dək dərslərdə fasilə yaranması böyük zaman müddətidir. Bu boşluğu doldurmaq lazımdır. Bu haqda ilk növbədə Təhsil Nazirliyi, daha sonra cəmiyyətimiz fikirləşməlidir. Mən bir vətəndaş, ziyalı kimi distant təhsilin tətbiq olunmasına üstünlük verərdim. İmkan olan yerlərdə, xüsusilə Bakıda bu işi həyata keçirmək olar. Qoy koronavirus distant təhsili öyrənməyimizə səbəb olsun. Bir də koronavirus qeydə alınmayan rayonlarımızda  təhsilin dayandırılmasını normal hal hesab etmirəm”.

09.03.2020 15:08:00
Oxuma sayı: 50