Məscidlərin fəaliyyəti məhdudlaşdırılıb
Ölçü:


“İki aydan çoxdur dövlətlər, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla mübarizəyə kifayət qədər böyük vəsait ayırıb, əməkdaşlığı genişləndirib. Azərbaycanda da koronavirus yayıldığı andan etibarən xəstəliklə mübarizədə bir çox tədbirlər həyata keçirilib. Bunlardan biri də ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsidir”.

Koordinat.az xəbər verir ki, bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə deyib. Onun sözlərinə görə, martın 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimlərinin iştirakı ilə müşavirə keçirilib: “Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli şəxsləri ilə yanaşı ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də müşavirədə iştirak edib. Müşavirədə məscid, kilsə, sinaqoq və digər ibadət ocaqlarının insanların kütləvi toplaşdıqları məkanlar olması nəzərə alınaraq insanların diqqətli olmaları, bu məsələyə həssas yanaşmalarına dair çağırışlar edilib. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin xüsusi tövsiyələri kütləvi informasiya vasitələri tərəfindən ölkə ictimaiyyətinə çatdırılıb. QMİ-nin tabeliyində olan din xadimlərinə bildirilib ki, məscidlərə gələn insanlara sanitariya-epidemioloji qaydalara riayət etmələri tövsiyə olunsun”.

Şöbə müdiri bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar mümkün qədər kütləvi ibadətlərə fasilə verilməsi, ibadətlərin evlərdə və daha təhlükəsiz yerlərdə keçirilməsi ilə bağlı tövsiyələr verilib: “Səhhətində problem olan insanların ümumiyyətlə məscidə gəlməmələri, ibadət zamanı şəxsi möhür, səccadə və təsbehlərdən istifadə edilməsi, dəstəmazın evdə alınması tövsiyə olunub. Martın 6-da ölkədə cümə namazları qılınanda din xadimlərinin iştirakı ilə sadalanan tövsiyələr məscidlərə gələn şəxslərin diqqətinə çatdırılıb, müəyyən izahatlar verilib. Ancaq sosial şəbəkələrdə QMİ tərəfindən atılan bu addıma müəyyən mənada kölgə salmaq istəyən, cəmiyyətdə yersiz ajiotaj yaratmağa çalışan şəxslər var. Onlar belə bir ifadə işlədirlər ki, guya koronavirusla bağlı məscidlərin bağlanmasına qərar verilib. Ümumiyyətlə qeyd olunan müşavirədə koronavirusa görə məscidlərin bağlanması müzakirə edilməyib”.

C. Əlifzadə qeyd edib ki, QMİ-nin din xadimləri məscidlərdə öz fəaliyyətlərini davam etdirəcəklər: “Sadəcə yenə xatırladıram ki, koronavirus təhlükəsi ilə əlaqədar insanlara zərurət olmadığı təqdirdə məscidlərə, ibadət yerlərinə getməmək tövsiyə edilib. Bu, təbii ki, qadağa deyil, sadəcə tövsiyədir. Düşünürük ki, bu tövsiyə din xadimlərinin dilindən səsləndirildikdə daha effektiv olur, çünki onların hər bir ifadəsi daha böyük təsirə malikdir. Bu gün də Azərbaycan din xadimləri bu sahədə öz fəaliyyətlərini davam etdirirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq Qafqaz Müsəlmanları İdarəsinin bu tövsiyəsini təqdirəlayiq hal hesab edirik və dəstəkləyirik”.

Şöbə müdiri fevralın 21-də Dövlət Komitəsində müqəddəs yerlərə ziyarət təşkil edən turizm şirkətləri ilə görüşün keçirildiyini də xatırladıb: “Həmin görüşdə turizm şirkətlərinə tövsiyə olunub ki, koronavirus təhlükəsi ilə əlaqədar müqəddəs yerlərə ziyarətləri Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Səhiyyə Nazirliyinin təlimatına uyğun şəkildə təşkil etsinlər. Eyni zamanda onlara bu dövr ərzində səfərləri, ziyarətlərin təşkilini təxirə salmaları tövsiyə olunub. Bu görüş turizm şirkətləri tərəfindən də müsbət qarşılanıb. Bu gün bizdə olan məlumata görə, hazırda heç bir turizm şirkəti İran və digər ölkələrdə olan ziyarətgahlara səfərlər təşkil etmirlər”.
07.03.2020 16:58:00
Oxuma sayı: 173