Maskalar və dizinfeksiya məhlulları niyə yoxa çıxır? - mütəxəssis rəyi
Ölçü:


Koronavirusun epidemiyaya çevrilməsi nəhayət, Azərbaycan hökumətini də hərəkətə keçirdi. Virusun geniş yayıldığı İranla sərhədlər bağlandı, Nazirlər Kabinetinin qərarı ilə bütün tədris müəssisələrində dərslər dayandırıldı. Habelə mübarizə tədbirləri üçün Baş nazir Əli Əsədovun sərəncamı ilə 10 milyon manat vəsait ayrılıb. Hökumət bu məbləğə xaricdən tibbi ləvazimat və dərman vasitələrinin alınmasını planlaşdırır.

Koronavirusla bağlı xəbərlərin yayılması Azərbaycanda qısa müddətdə qoruyucu tibbi maskaların, dezinfeksiya üçün istifadə olunan tibbii spirtin bahalaşmasına və satışdan yoxa çıxmasına səbəb oldu. Mediada bu ləvazimatların tapılmadığı və ya olduqca baha olduğu barədə təsdiqlənmiş xəbərlər, fotolar, videogörüntülər yayılsa da, aidiyyatı qurumlar reaksiya vermir.

Halbuki, müşahidələr göstərir ki, paytaxtda tibbi maskalardan, spirtdən istifadə edənlərin sayı, etməyənlərlə müqayisədə kəskin azdır. İctimai yerlərdə, metroda, ticarət mərkəzlərinə və əhalinin gur olduğu başqa məkanlarda tibbi maska taxan tək-tük insanlara rast gəlmək olur. Bunun əsas səbəblərindən biri bəlkə də əhalinin koronavirusla bağlı xəbərlərə skeptik yanaşmasıdır. Ancaq eyni zamanda tibbi maskaların qıt və baha olması da vətəndaşların ondan uzaq durmasına təsir edən amillərdən biridir.

Qeyd edək ki, şirkətlər tibbi maskaları baha satmalarını onu xaricdən idxal etmələri, aldıqları yerdə qiymətin artması ilə izah edirlər?

Belədə sual olunur: Azərbaycanda niyə tibbi maskalar istehsal edən müəssisə açılmır? Eləcə də tibbi spirt istehsal edən müəssisənin ölkədə yaradılmamasını nə ilə izah etmək olar?

Bu suallara Nazirlər Kabinetindən cavab almaq istəsək də, gün ərzində əlaqə qura bilmədik. Müharibə vəziyyətində olan ölkədə elementar tibbi vasitələrin istehsal edilməməsi əlbəttə, ciddi problemdir və bu mövzunu gündəmdə saxlayacağıq.

Bəs iki həftə önəcəyə qədər apteklərdə 10 qəpiyə satılan, kifayət qədər bol olan tibbi maskalar, eləcə də tibbi spirt niyə yoxa çıxıb?

Məlumdur ki, Azərbaycanda xeyli sayda dərman şirkətləri, habelə xarici firmaların nümayəndəlikləri var. Onların ölkəyə böyük həcmdə dərman preparatları, tibbi ləvazimatlar idxal edirlər. Bazarda böyük paya sahib olan şirkətlərdən “Avromed”in, “Riyad farm”ın, “Azerimed”in adlarını qeyd etmək olar.

“Avromed” şirkətindən AzPolitika.info-nun sorğusuna cavab verilərkən bildirdilər ki, onlar tibbi maskaların satışda niyə olmadığı, yaxud bahalaşdığı barədə informasiya vermək niyyətində deyillər.

Xatırladaq ki, tibbi maskaların və spirtin bahalaşadığı, qıtlaşdığı ilk ünvanlardan biri bu şirkətə məxsus apteklərdi.

“Zeytun pharmaceuticals” şirkətindən Elçin Qardaşəliyev bildirdi ki, onların apteklərində maska və spirt qıtlığı yoxdur: “Koronavirus təhlükəsi artdığı ilk gündən şirkətimiz əhalinin tibbi ləvazimatlara və dərman preparatlarına olan ehtiyacını qarşılamaq üçün yorulmadan çalışır. Bakıda və bütün bölgələrə, o cümlədən İranla sərhəd olan rayonlardakı apteklərimizi fasiləsiz olaraq qoruyucu vasitələrlə təmin edirik. Hər hansı çatışmazlıq yoxdur, kifayət qədər ehtiyatlara malikik, həmçinin ölkəyə idxal edirik”.

Şirkətin təmsilçisi bununla belə qoruyucu maskaların sayla verildiyini təsdiqləyib: “Biz satışda müəyyən limitlər tətbiq edirik ki, daha çox insan faydalana bilsin. Bəzən, insanlar informasiyazsızlıqdan, təlaşdan ehtiyacından qat-qat  çox maska, spirt almağa çalışır. Buna lüzum yoxdur. Mən bütün vətəndaşlarımızdan, mediadan xahiş edirəm ki, bizim şəbəkələrdə hər hansı qıtlıq olarsa, dərhal məlumat versinlər, bizdə tədbirlər görək, aradan qaldıraq”.

Tibb üzrə professor Adil Qebulla bildirib ki, Nazirlər Kabinetinin koronavirusa qarşı mübarizə üçün ayırdığı vəsait bütövlükdə karantin tədbirlərini əhatə edir: “Hökumətin addımları infeksiyanın lokallaşdırılmasına və bu durumdan mümkün qədər az itkilərlə çıxılmasına hesablanıb. Xoşbəxtlikdən infeksiya artıq sönən xətt üzrə getməkdədir. Çünki hava getdikcə isinəcək və bu virus da tədricən yoxa çıxacaq. Buna baxmayaraq, yoluxma olan ölkələrdə ölüm halları davam edir. Məsələn, Çindəki təcrübə göstərir ki, əvvəlki günlərlə müqayisədə gündəlik ölüm halları azalıb, bu, təbii ki, yaxşı haldır”.

Ekspertin sözlərinə görə, Azərbaycan virusun yayıldığı İran, Rusiya, Gürcüstanla qonşu olduğundan maksimum ehtiyatlı olmalıdır: “Fikrimcə ilk növbədə televiziya və başqa media kanalları vasitəsilə geniş maarifləndirmə tədbirləri aparmalıyıq. Proflaktik tədbirlər necə həyata keçirilir, insanlar virusdan özlərini necə qorumalıdır, gigeyinik qaydalara necə riayət etməlidirlər və s. İnsanlar diskomfort hiss edərkən yataq rejiminə keçməli, çoxlu maye qəbul etməli və həkimə müraciət etməlidirlər. Bununla yanaşı xüsusi xəstəxananın ayrılması vacibdir. Çünki epidemoloji yayılma olarsa, virus daşıyıcı olan insanların nəzarətə götürülməsi, intensiv müalicəsi tez bir zamanda mümkün ola bilsin. Bu vəsait də karantin tədbirlərinin görülməsi üçün ayrılıb”.

Adil Qeybulla vurğulayır ki, işə ciddi nəzartə olmalıdır: “Əhali qoryucu maskalar, dizinfeksiya məhlulları ilə tam təmin edilməlidir. Süni qıtlıq yaradanlara, situasiyadan istifadə edənlərə qarşı da sərt tədbirlər həyata keçirilməlidir” (AzPolitika.info )

03.03.2020 19:52:00
Oxuma sayı: 146