Sabiq sovet kəşfiyyatçısı: "Oyun bitdi, SSRİ-ni bərpa etmək mümkün olmayacaq" - TƏHLİL
Ölçü:


Dirçəldilmiş “Müdafiəçi-Avropa 20” təlimi sadəcə təlim deyil, ABŞ və NATO-nun strategiyasının köklü dəyişdirilməsidir. Bu, o zaman Avropada yerləşdirilmiş taktiki nüvə silahından önləyici istifadəni nəzərdə tutan soyuq müharibə dövrünün strategiyasına qayıdışdır. Putin uzun müddət ərzində bundan yayınmaq, qaçmaq istəyib.

İndi hər şey təkrar olunur. Ötən ilin dekabr ayında ABŞ “Ohayo” sinfinə aid strateji sualtı qayıqlarını kiçik gücə malik “W76-2” nüvə başlıqları ilə təchiz etdi. Bu, hər sualtı qayıqda standart formada olan 24 ədəd ballistik “Traydent-2” raketinə əlavə idi. Bu barədə həmkarım Andrey Piontkovski yaxınlarda detallı olaraq məlumat vermişdi.

Putinin silahdaşları ilə birgə oynadığı oyun bitdi. İndi soyuq sülh soyuq müharibəyə çevrilir, müharibədə də qalib və məğlub olmalıdır.

Maliyyə-iqtisadi sanksiyalar Putin Rusiyası ilə sərt hərbi qarşıdurma ilə tamamlanır. Hesab da odur ki, rejim özü ölkəni, Reyqan dövründə SSRİ-də olduğu kimi, içəridən bitirəcək. Obama onların, təlxəklərin xoşuna gəlmədi. İndi “Trampnaş”dan hədiyyənizi alın.

“Müdafiəçi-Avropa 20” təlimi Putin Rusiyasının “potensial düşmən”ə çevrilməsi deməkdir. Bu, “W76-2” nüvə başlıqları ilə birlikdə, tamamilə aydın siqnaldır.

Putinin uydurma yalanları, Xruşşovdan Brejnevədək sovet liderlərinin uydurmalarısayaq, növbəti dəfə əks nəticəyə gətirib çıxarıb və Kremlin uşaq təhdidlərinə Vaşinqton böyük kimi cavab verir.

Və elə məhz bu anda informasiya məkanında müəlliflərinin missioner kompleksi ilə ortaya çıxmış SSRİ-nin bərpa olunması haqqında hərbi planlarla bağlı hekayə ilə birlikdə, cənab Solovey peyda olur. Professorun sözlərinə görə, yeni peyda olmuş “məsihlər”in motivasiyası belədir: bəli, biz anlayırıq ki, bu, ağılsızlıq və intihardır, lakin biz buna gedirik, çünki dəli olmuşuq.

Burada biz yenə də dezinformasiya ilə qarşılaşırıq. Cənab Soloveyin translyasiya etdiyi aktiv tədbirin müəllifləri, təqribən, bir il ərzində Putini dəyişmək istəyən varisləridir. Bunlar xüsusi xidmət orqanlarının yüksək çinli məmurları, Putinin FTX direktoru təyin olunmasında sonra Moskvada peyda olanlardır. Buna qədər onlar DTK-nın Leninqrad idarəsində, sonra da FTX-nin Sankt-Peterburq idarəsində birlikdə işləyiblər.

Onların əksəriyyəti andlı cinayətkarlardır. Onlar 1991-ci ildə həqiqi xidmətdə idilər və SSRİ-ni müdafiə etmək üçün “qanlarını və canlarını əsirgəməyəcəklərinə” and içmişdilər. SSRİ-nin saxlanması uğrunda gedən ölümcül mübarizədə onların heç biri gözə dəyməyib. Bunun yerinə, onlar nizami sıralarla, faktiki, SSRİ-nin qəbirqazanı olan  Yeltsin rejiminin xidmətinə keçdilər. Lakin yeni ölkənin – Rusiyanın təhlükəsizliyi və çiçəklənməsi üçün də xüsusi tər tökmədilər. Onlar bu ölkəni amansızcasına taladılar. 1990-cı illərin əvvəllərində ərzaqla mübadilə edilməsi üçün şəhərə verilən neft məhsullarını oğurlayaraq, Peterburqu aclığa məhkum edən onlar idi. Və bunu Blokada vaxtı (II Dünya Müharibəsi dövründə – tərc.) aclıq yaşayan bir şəhərdə etdilər.

Sonra qanadları altına girdikləri yerli quldurlarla birləşdilər. Və nə zaman ki, Lyudmila Narusovanın ciddi hesab etdiyi problemi yarandı, o, Putinə deyil, Kumarinə (Sankt-Peterburqdan olan Tambov mütəşəkkil cinayətkar dəstəsinin lideri Vladimir Barsukov – tərc.) şikayət etdi. Çünki şəhərdə real hakimiyyətin kimdə olduğunu bilirdi. Onlar yerli mütəşəkkil cinayətkar dəstələrlə və Kolumbiyanın ən böyük narkotik karteli olan Kali karteli ilə birlikdə kokainin Avropaya ötürülməsi üçün Peterburqu ötürmə bazasına çevirdilər.

Bu zəngin təcrübəni nəzərə alan Putin, Pavel Borodini Kremlə apardı. O, həmin dövrdə İsveçrənin “Mabateks” və “Merkata” şirkətlərilə çoxmilyonluq fırıldaqçı əməliyyatları yönləndirirdi. Bu fırıldaq əməliyyatlar tezliklə həm ölkə daxilində, həm də xaricdə heç də az olmayan səs-küy çıxardı. Putin aktiv şəkildə layihəyə girişdi və görünür, özünün Peterburq təcrübəsinin dəyərli olduğunu sübut etdi. Tezliklə o, FTX direktoru təyin edildi və “Kreml-“Mabateks”-“Merkata”” fırıldağının təhqiqatı gedişində Prezident Yeltsinin ailəsinədək gedib çıxan Baş prokuror Skuratovun vəzifədən kənarlaşdırılmasında həlledici rol oynadı.

Yeltsin FTX-dən oddan qorxan kimi qorxurdu və Putini məhz bu xüsusi xidmət orqanını neytrallaşdırmaq üçün təyin etdi. Gələcək milli duçe (Benito Mussolininin daşıdığı titul, “lider”, “rəhbər” – tərc.) bu tapşırığın öhdəsindən parlaq şəkildə gəldi. Bunun üçün o, Peterburqdan öz cinayət ortaqlarını çağırdı. Onlar, nəhayət, FTX-ni başlıca məqsədi Peterburqun mütəşəkkil cinayətkar dəstələrindən əxz etdikləri metod və vasitələrin köməyilə “xəmiri yoğurmaq” olan yarıcinayətkar bir korporasiyaya çevirdilər.

Putini prezident postuna irəli sürmək üçün bu uşaqlar Moskva, Buynaksk və Volqadonskda bir neçə evi partladaraq, terror aktları seriyası törətdilər. Onlar yalnız FTX-nin diversiya qrupu Ryazanda növbəti terror aktı hazırlığı zamanı yaxalananda dayandılar.

Putinin Kremldə taxta oturmasıyla hakim kleptokratiyanın fəaliyyətinin başlıca məzmunu ölkənin həmin dövrədək görünməmiş miqyasda talan edilməsi oldu. Bütün bunlar rejimin rəqiblərinin həm ölkə daxilində, həm də xaricdə öldürülməsi seriyası ilə müşayət olundu.

Hazırda bu “məsihçilik” xadimlərinin əksəriyyətinin yaşı çoxdan 60-ı keçibdir. Onların belində terrorçuluq, quldurluq, narkobiznes, qətl və sonsuz, arası kəsilməyən, patoloji oğurluq vardır. Eyni zamanda şuba depoları, yaxtaları, sarayları, təyyarələri, balıq vətəgələri, ofşor zonalarda milyardları və yüksəkgəlirli yerlərdə – “xırmanlar”da yerləşdirilən uşaqları vardır. Və indi onlar bizi inandırmağa çalışırlar ki, məşhur lətifədə olduğu kimi, bütün bunların hamısını atacaqlar və “qanlarını və canlarını əsirgəmədən” 1991-ci ildə veclərinə olmayan SSRİ-ni bərpa etməyə gedəcəklər. Əgər onlar normal adamların onlara inanacaqlarını düşünürlərsə, deməli, “Nağıllar ölkəsi”ndəki “məsihlər” də nağıldır.

Bu, çətin ki, baş tutsun. 68 yaşında Solğun Güvə (Putinin ləqəbi – tərc.) – qartala, Xlestakov – Napoleona, Şura Balaqanov – Makedoniyalı İsgəndərə, Svirid Petroviç Qoloxvostıy – Fateh Vilhelmə çevrilə bilməz. Bütün bunların hamısı – Putin də, Bortnikov da, Patruşev də, hətta onlara qoşulan Seçin də eyni zamanda və kütləvi surətdə dəyişə bilməz. Bu, Darvinə görə də, Allah hökmünə görə də, hətta nağılda da mümkün deyildir. Bəs nə üçün bu adamlar mifik messianizm tutması üzündən dünyanı məhvolma həddinə gətirməyə hazırlıq haqqındakı bütün bu cəfəngiyyatı ictimai fikirə ötürürlər?

Cavab verirəm. Hazırda onların başlıca vəzifəsi hakimiyyəti ələ keçirməkdir. Düşmən qüvvələrin mane olmaması üçün, Allah eləməsin, onlar özlərini dəliliyə vururlar ki, heç kim baş qoşmaq istəməsin.

Hakimiyyəti ələ keçirdikdən sonra isə bu adamlar dünyaya bəyan edəcəklər ki, dəhşətli müharibənin qarşısını almaq üçün bu ağır məsuliyyət yükünü öz üzərimizə götürdük. Və ümid edirlər ki, hamı sevinəcək və onlara hər şeyi bağışlayacaq. Daha həyasız davranaraq bütün günahları Putinin üzərinə də yıxa bilərlər. Deyə bilərlər ki, onu istefaya göndərməli olduq, çünki ağlını itirmişdi və III Dünya Müharibəsi çıxarmaq istəyirdi.

Putindən sonra hakimiyyətin konfiqurasiyası müxtəlif cür ola bilər. Məsələn, qara generalların triumviratı ola bilər. Ancaq bu, çətin ki, olsun. Yəqin ki, özlərindən birinin taxta oturması üçün timsahlar razılığa gələ bilməyəcəklər və taxta iplərini əldə tuta biləcəklərinə inamla, meydana yenicə çıxmış “Simeon Bekbulatoviç”i çıxaracaqlar. Beləliklə, cənab Medvedev aşağı start pozası ala bilər.

Qərb istiqamətində müharibə olmayacaq, beləliklə, yeni Yalta da olmayacaq. SSRİ-nin dağılması gedişində sovet elitasının təslim olmasına bənzər ssenariyə uyğun şəkildə, ABŞ qarşısnda təslimolma baş verəcəkdir. O zaman, 1991-ci ilin avqustunda FVDK-nın uğusuzluğundan sonra aydın oldu ki, rus elitası ən çox xalq üsyanından qorxur və onu öz xalqından qoruya biləcək yeganə güc Amerikadır. Cəmi iki il öncə Kreml öz raketlərilə ABŞ-la yarışırdı, lakin 1991-ci ilin payızında Pizadan (yəni, Moskvadan) yollanan üç çapar təzim etmək üçün gizlicə Vaşinqtona gəldi. Onların ikisi DTK-nın agenti idi. Biri, demək olar ki, sovet və postsovet dövrünün vətənpərvər dövlətçilərinin ikonasıdır. Digəri Yeltsinin yaxın köməkçisidir. Bu elçilər keçmiş və yeni rus elitası adından gizli tarixi anlaşma bağladılar. Bu anlaşmaya görə, Amerikaya tam itaət və SSRİ ərazisində nüvə silahına nəzarət vədi verildi. Bundan əlavə, DTK-nın ABŞ ərazisində gizli əməkdaşlığa cəlb etdiyi ən qiymətli agentura təhvil verildi. Əvəzində Vaşinqton rus elitasının təmsilçilərinə şəxsi təhlükəsizlik təminatı, həmçinin çox maraqlı bir əməliyyat keçirməyə icazə verdi.

Bu səfərin ardınca, 1992-ci ilin aprelinədək rus xüsusi xidmət orqanları Moskvadan gizli şəkildə təqribən 1 milyard dollar çıxardılar. Bu, praktiki, “Vətənin daxılı”nda olan, “partiyanın qızılı” adlandırılan bütün valyuta idi. Amerikalılar bundan xəbərdar idilər, lakin mane olmadılar. Bu, postsovet Rusiyasının öz “elitası” tərəfindən talan edilməsi üzrə belə miqyasda olan ilk əməliyyat idi.

Görünür, yaxın bir ildə və ya il yarımda buna bənzər bir şey olacaq. RF iqtisadiyyatı durğunluq keçirir. Daxili gərginlik artır. Ölkə getdikcə oyanmaqda olan vulkana bənzəyir. Xarici avantüralar artıq plebeyləri sevindirmir, əksinə, qıcıqlandırır. Və heç bir işıq ucu görünmür. Növbəti dəfə hakim klan Rusiyanı dalana dirəyib.

Professor Soloveyin iştirakı ilə keçirilən aktiv tədbir, demək olar ki, bir neçə əlamətdar hadisə ilə eyni zamanda baş verir. Bu hadisələr NATO ölkələrindən birinə hücum etdiyi halda, ABŞ-ın Putin Rusiyasına qarşı taktiki nüvə silahından önləyici məqsədlə istifadə strategiyasına dönüşü, ABŞ-ın RF sahilləri yaxınlığında patrul xidməti yerinə yetirən strateji sualtı qayıqlarının taktiki nüvə başlıqları ilə təchiz olunması, həmçinin RF siyasi həyatına tələsik şəkildə Konstitusiya dəyişikliklərinin və prezident hakimiyyətinin ötürülməsi haqqında dedi-qoduların atılmasıdır. Bu hadisələrin hər birini ayrılıqda müxtəlif cür şərh etmək olar. Lakin bir yerdə baxıldıqda, onlar tamamilə müəyyən bir istiqamət alırlar.

Putin və rejimi öz ehtiyatını bitirib. İş o yerə çatıb ki, bu yaxınlarda keçirilən Münhen təhlükəsizlik konfransının illik hesabatında Rusiya bölümü təhqiramiz şəkildə “Rusiya: Putemkin dövləti” adlandırılıb.  Və bu 20 il ərzində təbliğata böyük xərclərin çəkilməsindən, havanın qəzəbli bəyanatlarla və animasiya filmlərilə silkələndilməsindən sonra baş verir. Putin və yaratdığı rejim beynəlxalq səviyyədə gülüş obyektinə çevrilib. Bu yeganə tarixi nailiyyət bütün ölkənin “Potyomkin kəndi”nə, uydurmaya çevrilməsindən ibarətdir. O, tarixə belə də keçəcəkdir: “Putemkin torpağının nağılları”.

Klassikin yazdığı kimi, “Mavr öz işini gördü, mavr getməlidir”. Kremldəki qızları dəyişməyin vaxtı gəldi. İlk olaraq kim Vaşinqton “obkomu”na (Ağ Ev nəzərdə tutulur – tərc.) qaçıb çatacaqsa və 1991-ci ildə böyük yoldaşlarının etdiyi kimi, öz cinayət ortaqlarını satacaqsa, o, yaxşı yaşayacaq.

O ki qaldı Ukraynaya, görünür, o, yaxın aylarda RF ilə bağlı sonradan düzəldilməsi mümkün olmayan qərarlar verməsə yaxşıdır.

Ayrıca, prezidentin ətrafından Putin tərəfindən ona köməkçi kimi sırınmış adamları götürməyin vaxtı artıq çoxdan çatıb. Xoş niyyətlər haqqında nə qədər istəyirsən danışmaq olar, ancaq nə zaman ki, təcavüzkar təcavüz qurbanına yaxın köməkçilər təyin edir, bu, sadəcə təhqiramiz təslimçilik deyil. Bu, Çörçillin dediyi kimi, şərəfsizlikdir.


Yuri ŞVETS, sabiq sovet kəşfiyyatçısı
“Obozrevatel”, Ukrayna, 28 fevral 2019-cu il
Tərcümə Strateq.az-ındır

01.03.2020 11:38:00
Oxuma sayı: 268