Koronavirusa görə məktəblərdə davamiyyət aşağı düşüb
Ölçü:



Koronavirus səbəbindən Azərbaycanın orta məktəblərində davamiyyətin aşağı düşdüyü söylənilir.

Hətta Astara, Biləsuvar, Lerik, Cəlilabad və Yardımlı məktəblərinin təhsil şöbələrindən əldə etdiyimiz məlumata görə, cənub bölgəsində yerləşən orta məktəblərdə davamiyyət koronavirus səbəbindən aşağı düşüb. Şagirdlər məktəbə getmir.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov Koordinat.az-a açıqlamasında dərsə getməyən şagirdlərlə bağlı məsələyə münasibət bildirib:

"Daha yaxşı olar ki, valideynlər övladlarında hər hansı narahatlıq hiss etdikdə, halsızlıq, xəstəlik əlamətləri gördükdə ev şəraitində və ambulator müayinə altında saxlasınlar. Hesab edirik ki, bu, məqsədəuyğundur".

Təhsil Nazirliyi də koronavirus təhlükəsinə reaksiya verib. Nazirlik mövcud qanunvericilik aktları ilə məsələnin tənzimlənəcəyi vurğulanıb.

"Bildiyiniz kimi Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Nazirlər Kabinetinin 24.02.2020-ci il tarixli 66 nömrəli Qərarına görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı əsasında həyata keçirilir".
28.02.2020 15:10:00
Oxuma sayı: 33