Şərhçi: "Türkiyə ilə Suriya arasında müharibə ehtimalı var"
Ölçü:

“Rusiya ilə Türkiyə arasında gərginlik ABŞ-ın planıdır”      

Ötən gün Suriyanın İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbçi şəhid olub, çoxlu sayda yaralı var.

Hücumdan sonra NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayaraq, Türkiyəyə qarşı hücumu pisləyib, Rusiya və Əsəd rejimini hücumlara son qoymağa çağırıb.

Maraqlıdır, bu hadisədən sonra Yaxın Şərqdə vəziyyət necə olacaq? Rusiya-Türkiyə münasibətləri necə dəyişəcək, hansı adekvat addımlar atılacaq?

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən siyasi şərhçi Tofiq Abbasov bildirib ki, Türkiyə ilə Suriya arasında müharibə ehtimalı var:

“Gərginliyin dərəcəsi durmadan artır. Bu yaxınlara qədər müttəfiq münasibətlərdə olan iki  dövlətin artıq məqsədləri haçalanır. Ona görə də belə başa düşürəm ki, bu ölkələrin ikisindən biri geri çəkilməlidir. Suriya meydanında artıq elə bir dilemma yaranıb ki, kompromislərə də cüzi bir məkan qalıb. Dünənki hadisələr, xüsusilə də bombardmanlarda 30-dan artıq Türkiyə hərbçisinin həlak olması vəziyyəti son dərəcə gərginləşdirir. Hətta artıq Türkiyə tərəfinin cavablarından biri də ola bilər ki, Türkiyə Böyük Millət Məclisi toplansın və Suriya dövlətinə müharibə elan edilsin. Ancaq bu ən arzuolunmaz gedişatdır”.

Tofiq Abbasov qeyd edib ki, terrorçu qruplaşmalara dəstək verilməsi müharibənin daha da qızışmasına səbəb olur:

“Əlbəttə ki, Suriya dövləti hələ ki mövcuddur, onun prezidenti Bəşər Əsəddir. Onun parlamenti var, həmin o parlamentin qərarı, Suriya dövlətinin məramı ilə bu ölkədə yalnız iki məmləkətin silahlı qüvvələrininin  mövcudluğu qanunauyğundur. Biri Rusiyadır, biri də İran. Digər ölkələrin hamısının orada olması qeyri-qanuni sayılır. Suriyanın da əsas məqsədlərində biri odur ki, özünün ərazi bütövlüyünü bərpa etsin. Xatırlayırsınızsa, həm Suriya hökuməti, həm rəsmi Moskva bəyan etdilər ki, artıq müharibə bitdi və ondan sonra həmin terror qruplaşmalarının qalıqları İdlibə sığındılar, orada yenidən mütəşəkkil qruplar yaratmağa başladılar. Astana prosesinin iştirakçıları Rusiya, Türkiyə, İran və eləcə də Soçidə keçirilmiş ilk görüşlər formatında belə bir qərara gəlindi ki, gərkinlikdən azad olunan 4 zona yaratsınlar və onları müəyyən koordinasiya olmaqla idarə etsinlər. Ancaq işlərin gedişatı, Qərbin bu məsələlərə qarışması, yenidən o terror qruplaşmalarına qida vermə strategiyası göstərdi ki, xüsusilə Amerika Birləşmiş Ştatları və onun bölgədə olan müttəfiqləri yenidən İslam dövləti hərəkatını bərpa etmək niyyətindədirlər. Ona görə də həm kürdlərin yaraqlılarını istifadə edirlər, həm də Türkiyəyə meyilli olan türkmənlərin qruplarından istifadə etmək istəyirlər ki, terrorun oradakı son ocağı məhv edilməsin, gərginlik qalsın”.

T.Abbasov ABŞ-ın da bu məsələdə xüsusi planının olduğunu vurğulayıb:

“Əlbəttə, burada ABŞ-ın özünün də planı var və o planın əsas məqsədlərindən biri ondan ibarətdir ki, Rusiya ilə Türkiyə arasında münasibətləri gərginləşdirsin, onların yaxınlaşmasına imkan verməsin, həm də iqtisadi zəmində onların ortaq layihələrinin  qarşısını alsın. Hal-hazırda görürük ki, müharibə davam edir və bu yaxınlara qədər müttəfiq olan dövlətlər bir-birinə qarşı hərəkətlərə geniş meydan verir. Səlis diplomatiya işə qatılmalıdır. Çünki bu olmasa, qarşıdurmalar, toqquşmalar həqiqətən də yeni müharibənin gəlməsinə imkan verəcək”.

28.02.2020 11:40:00
Oxuma sayı: 42