Kəlbəcər şəhidlərinə abidə qoyuldu - Gəncədə - FOTOLAR
Ölçü:


Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Kəlbəcər şəhidlərinin xatirəsi əbədiləşdirilib.

Koordinat.az
xəbər verir ki, Kəlbəcər rayonundan olan 1500 məcburi köçkün ailəsi üçün Gəncə şəhərində salınmış yeni qəsəbədə abidə kompleksinin açılışı olub. Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, şəhid ailələrinin üzvləri, müharibə veteranları, respublikanın müxtəlif bölgələrində məskunlaşan Kəlbəcər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi uğrunda, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna dualar oxunub. Abidə kompleksi önünə əklil qoyulub.

Bildirilib ki, Vətənin toxunulmazlığı və ərazi bütövlüyü uğrunda ən çox şəhid verən rayonlardan biri də Kəlbəcər olub. Mənfur düşmənin Dağlıq Qarabağa və ətrafdakı rayonlara hücumu zamanı 257 nəfəri mülki, 223 nəfəri isə hərbçi olmaqla, ümumilikdə 481 nəfər kəlbəcərli şəhid olub. Həmin şəhidlərdən ikisi - Sərdar Səfərov və Şahlar Şükürov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qeyd edək ki, Kəlbəcər Şəhidlərinin Abidə Kompleksi rayon icra hakimiyyətinin təşəbbüsü ilə yaradılıb. Kompleksin ümumi ərazisi 0,26 hektardır. Qırmızı mərmərdən hazırlanan kompleksin mərkəzi hissəsi oval tağ formasındadır. Kompleksin sağ və sol divarlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Kəlbəcər şəhidlərinin adları və soyadları, həmçinin Azərbaycanın milli qəhrəmanları Sərdar Səfərov və Şahlar Şükürovun qara mərmər üzərində şəkilləri həkk olunub. Kompleksin qarşısında iki fəvvarə qurulub, yaşıllıq salınıb, ətraf ərazidə abadlıq işləri görülüb.

20.01.2018 23:33:20
Oxuma sayı: 1793