Qubad İbadoğlunun qızını döyən qadın hələ saxlanılmayb - atası xüsusi istintaq qrupunun yaradılmasını istəyir
Ölçü:

Daxili İşlər Nazirliyi iqtisadçı ekspert Qubad İbadoğlunun qızı Jalə Bayramovanın 76 saylı Lənkəran-Astara Dairə Seçki Komissiyasının məntəqələrindən birində səsvermə zamanı bir qadın tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan video görüntülər haqda açıqlama verib.

Koordinat.az xəbər verir ki, DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev "Qafqazinfo"ya açıqlamasında hadisə ilə bağlı zərərçəkəndən izahat alındığını deyib: "Jalə Bayramova fevralın 10-da Lənkəran Şəhər Polis Şöbəsinə dəvət olunub və şöbənin rəhbərliyi tərəfindən qəbul edilib. Bundan sonra xəsarətlərinin dərəcəsinin təyin olunması üçün ekspertiza müayinəsindən keçirilməsi təmin olunub. Hazırda araşdırma davam etdirilir. Tibbi ekspertizanın rəyindən və bununla bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Mətbuat xidmətindən bildirilib ki, bu hadisə ilə bağlı hazırda saxlanılan yoxdur.

Zərərçəkənin atası Qubad İbadoğlu isə qızı Lənkəranda polisin müəyyən etdiyi həkim tərəfindən tibbi ekspertizadan keçirilən zaman səthi yoxalamadan keçirilib, hətta vizual olaraq onun yanağındakı çırmaqlar, başındakı şişlər barədə məlumatlar rəsmiləşdirilməyib: "Odur ki, biz Jaləni Bakıda təkrar həkim müayinəsindən keçirmişik. Həkimlər ilkin müayinədən sonra müalicə kursu yazıblar".

İqtisadçı alim Jalənin döyülməsi, boğulması, sürüdülməsi kadrlarının mövcudluğunu xatırladaraq qeyd edib ki, həmin videokadrlar qızına qarşı olan vəhşiliyi bütövlükdə əks etdirməsə də, hadisənin iştirakçılarını, sifarişçilərini və icraçılarını müəyyənləşdirməyə imkan verir: "DİN-in açıqlamasında qeyd olunur ki, araşdırma davam edir. Nədən yalnız zərərçəkən Jalədən izahat alınıb, bu cinayətdə əli olanlar niyə dindirilməyib, onların izahatları barədə niyə məlumat verilmir. Nəhayət, əgər indiyə qədər heç kim saxlanılmayıbsa və dindirilməyibsə deməli, polisin də, yerli icra orqanlarının da bu işdə əli var, Kərimova Azadənin polislə və yerli hakimiyyətlə əlbir fəaliyyəti barədə məlumatlar daxil olmaqdadır. Hesab edirəm ki, DİN xüsusi istintaq qrupu yaratmalı və hadisənin bütün təfərrüatları, eləcə də Kərimova Azadənin polislə və yerli hakimiyyətlə əlaqələri, eləcə də Mübariz Əmirovun təşkilatçı kimi rolu da araşdırılmalıdır".

"Belə getsə hətta bu işə görə Jaləyə və mənə də şər atıb, bizə qarşı da cinayət iş aça bilərlər"- deyə, Qubad İbadoğlu əlavə edib.
15.02.2020 10:50:00
Oxuma sayı: 51