Paşinyandan etiraf: “Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”
Ölçü:

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan torpaqlarının işğal olunması faktını etiraf edib.

Koordinat.az xəbər verir ki, işğalçı Ermənistanın baş naziri bununla bağlı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün səfərdə olduğu Almaniyada danışıb. “Vestnik Kavkaza” portalının yaydığı məlumata görə, konfrans çərçivəsində keçirilən görüşdə tədbirin iştirakçılarından olan azərbaycanlı məcburi köçkün Gülnar Qurbanova Paşinyana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sual verib. O bildirib ki, Ermənistan tərəfindən işğal olunan Cəbrayıl rayonunda doğulub və hələ də doğma torpaqlarına geri qayıda bilmir.

Bu suala cavab verən Nikol Paşinyan etiraf etməli olub: “Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”.

Ancaq o, işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına nə vaxt və necə qayıda biləcəkləri barədə sualı cavabsız qoyub.

Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışarkən daha bir etiraf edib. O deyib ki, konstruktiv addımlar atmaqdan çəkinir, çünki bu, onun Ermənistanda hakimiyyətini itirməsinə səbəb ola bilər.

Sualları cavablandıran Nikol Paşinyan həm tarixi faktlar, həm də Dağlıq Qarabağ münaqişəsi zonasındakı mövcud vəziyyət barədə, həmişə olduğu kimi, yenə yalan söyləyib. Belə ki, o, faktiki olaraq Ermənistanın törətdiklərinə görə Azərbaycanı ittiham edib.

Paşinyan sələflərinin - Qarabağ uğrunda müharibənin təşəbbüskarı olan Serj Sarkisyan və Robert Köçəryanın dediyi kimi, işğal edilmiş Azərbaycan ərazilərini “təhlükəsizlik kəmər” adlandırıb. Beləliklə, o, alman ictimaiyyətini inandırmağa çalışıb ki, guya münaqişədə təcavüz nümayiş etdirən Yerevan yox, Bakıdır.

Qeyd edək ki, Paşinyana verilən sualların əksəriyyəti konkret olaraq Dağlıq Qarabağ münaqişəsi, daha sonra Ermənistanın Rusiya ilə münasibətlərinə həsr olunub. Baş nazir ilk növbədə respublikanın iqtisadi və sosial uğurları barədə danışacağını gözləsə də, bu mövzu iclasdakı alman iştirakçıları üçün maraqlı olmayıb.
14.02.2020 18:59:00
Oxuma sayı: 75