Zakir Qaralov prokurorları Bakıya topladı
Ölçü:


Fevralın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, iclasda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan və Bakının prokurorluq orqanlarının rəhbərləri, rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edib. Prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan kollegiya iclasında Baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2019-cu ilin müstəsna əhəmiyyəti olub: “Ötən il makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, investisiyaların yatırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun 3,5 faiz, kənd təsərrüfatının 7 faizdən çox artdığını vurğulayan Baş prokuror bildirmişdir ki, bu Azərbaycanda aparılan uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşdirilməsi siyasətinin nəticəsində mümkün olub. Xarici ticarət dövriyyəsi 33,6 milyard dollara çatıb, valyuta ehtiyatları 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollar səviyyəsinə çatıb, bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci pillədə qərarlaşıb.

Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin 120 üzv dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Sammitinin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Bakıda keçirilməklə bu beynəlxalq qurumlara sədrliyin Azərbaycana həvalə edilməsi, ən mötəbər tədbirlərə - humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi, biznes sahəsində dünyada ən vacib və etibarlı reytinq göstəricisi sayılan Dünya Bankının “Doing Business - 2020” hesabatında 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunması, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmizin 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə 5-ci yerdə qərarlaşması və s. uğurlar xüsusi vurğulanıb”.

Baş Prokuror bildirib ki, əldə edilmiş bu uğurların məntiqi nəticəsində 2020-ci ilin yanvar ayının 21-də Dövlət Başçısı cənab İlham Əliyevin iştirak etdiyi dünyada bir nömrəli və nüfuzlu beynəlxalq təşkilat Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində həmin Forumun prezidenti ilə görüşdə Dördüncü Sənaye İnqilabı üzrə Bakı regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmış və ölkəmiz Cənubi Qafqazda, eləcə də Orta Asiya regionunda mərkəz kimi seçilib.

Diqqətə çatdırılmışdır ki, ölkəmizdə sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifahının yüksəlməsində, sosial həssas əhali qruplarının problemlərinin aradan qaldırılmasında, dinlərarası və mədəniyyətlərarası münasibətlərin qurulmasında, idmanın və multikultural dəyərlərin, mərhəmətliliyin və humanistliyin təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi əhəmiyyətə malikdir.

14.02.2020 16:37:00
Oxuma sayı: 369