“KASPİ” qəzeti fəaliyyətini davam etdirəcək - Əli Həsənovun xanımı kollektivi məlumatlandırıb
Ölçü:

Kütləvi İnformasiya Vasitələrində Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən maliyyəsi kəsilən “Kaspi” qəzeti nəşrini davam etdirir.

Koordinat.az xəbər verir ki, qəzetin əməkdaşlarının bildirdiyinə görə, hələlik əvvəlki qaydada davam edirlər. Qəzetin kollektvi ixtisar olunmayıb, maaşlar kəsilməyib, habelə dövrülüyü də azaldılmayıb.

Nəşrin təsisçisi və baş redaktoru Prezidentin sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva kollektivə fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

KİVDF fevralın əvvəlində dövlət yardımı ayrılacaq qəzetlərin adlarını elan edib və “Kaspi” və onun rusca əlavəsi olan “Kaspiy” qəzetlərin adları siyahıya salınmayıb. Qəzetin təsisçisi Sona Vəliyeva və Əli Həsənov Fondun qərarına etiraz edərək, ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıblar. Onlar israrla yardımın bərpa olunmasını xahiş ediblər. Əks halda kollektivi ixtisar etmək, hətta fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqları mesajını verirdilər.

Sona Vəliyeva və Əli Həsənovun maliyyə problemindən şikayətlənməsi təbii ki, ictimaiyyət tərəfindən təəccüblə qarşılanıb. Məlum səbələrdən bu bəyanatlar cəmiyyətdə böyük rezonans doğurub. Ola bilsin bu səbəbdən problemi böyütmədən qəzetlərin maliyyələşməsini bir müddət də davam etdirməyə qərar veriblər.

Xatırladaq ki, adıçəkilən hər iki qəzet Əli Həsənovun Prezidentin köməkçisi olduğu dövrdə Fondan aylıq 40 min manat almaqla birinci kateqoriya daxil edilib. Fevral ayında isə maliyyəsi dayandırılıb.
14.02.2020 14:08:00
Oxuma sayı: 43