Xəyal Məmmədxanlı Məzahir Pənahova müraciət etdi: "Xalqın önündə üzr istəyəcəksiniz"
Ölçü:

8 saylı Binəqədi birinci eçki dairəsindən deputatlığa bitərəf namizəd Xəyal Məmmədxanlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib.

Koordinat.az həmin müraciəti olduğu kimi dərc edir:

Məzahir müəllim!
Çox istəyərdim ki, hər zaman olduğu kimi, müraciətimə ‘’hörmətli’’ sözü ilə başlayım, amma təəssüf edirəm ki, bu sözü və ‘’müəllim’’ sözünü siz də başda olmaqla MSK-nın bütün üzvləri öz əməlləriniz ilə hörmətdən və xalqın gözündən salmısınız. Çünki siz 9 fevral tarixində etdiyiniz qanunazidd hərəkətlərinizlə xalqın hisləri ilə oynadınız, onların ümidlərini bir daha qırdınız. Saxtakarlığın ən yüksək səviyyəsinə imza ataraq həm seçicilərə, həm də namizədlərə hörmətsizlik nümayiş etdirdiniz. Növbədənkənar parlament seçkiləri elan olunandan sonra ölkədə gedən islahatlara qoşulmaq, öz zəhmətimlə aldığım yüksək təhsil və qazandığım təcrübəni dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə tətbiq etmək məqsədilə namizədliyimi irəli sürdüm. Dəfələrlə qulağıma ‘’MSK da, İcra hakimiyyəti də filankəsi keçirəcək, əziyyət çəkmə’’ mesajlarının çatmasına baxmayaraq, sona qədər ümid etdim ki, bəlkə 21-ci əsrdə olduğumuzu, şərqdə ilk demokratik cümhuriyyəti bizim qurduğumuzu xatırlayarsınız, bəlkə bu günədək etdiklərinizin xalqın içərisində yaratdığı inamsızlığı və qəzəbi nəzərə alaraq davranışlarınızı dəyişəsiniz. Amma əfsus olsun ki, tam əksinə 9 fevralda saxtakarlıq mövzusunda sözün əsl mənasında ‘’master-klass’’ keçdiniz.

Bütün KİV-lərə baxsanız, Binəqədi 8 saylı birinci seçki dairəsində ən güclü təşviqat aparan namizədin mənim olduğumu görə bilərsiniz. Bütün təşviqat dövründə seçki qanunvericiliyinə ciddi əməl etdim, yaratdığım bir-birindən gözəl layihələrlə seçicilərin sevgi və rəğbətini qazandım. Lakin, rəqibimin yol verdiyi qüsurlarla bağlı sizə ünvanladığım məktuba verdiyiniz cavab olduqca gülməli oldu və aşkarcasına rəqibin səhvlərini malalamağa və onu himayə etməyə yönəlmişdi.

Seçkilərə start verilən gün ilk baxışdan hər şey normal görünürdü. Seçiçi aktivliyi çox zəif olsa da, insanlar bir-bir məntəqələrə gəlirdilər. Mən də 80 nəfərlik müşahidəçi heyətimlə məntəqələrdə seçki prosesini izləyir və neqativ halların qarşısını almağa çalışırdım. Gün ərzində dəfələlərlə ‘’karusel’’ əməliyyatının, qeydiyyatsız səsvermənin qarşısını alsaq da demək olar ki, seçki prosesi pis getmirdi. Lakin, saat 19:00 dan sonra bütün məntəqələrdə nəinki demokratiya və seçki, o cümlədən insanlıq adına yaraşmayan işlərə start verildi. Demək olar ki, 39 məntəqənin hamısında qutuların açılması və səslərin sayılması müxtəlif bəhanələrlə gecikdirildi. Hətta 10 saylı və 24 saylı məntəqələrdə qutuların açılması üçün gecə saat 12 də MSK-nın qaynar xəttinə müraciət etdim və yalnız saat 00:10 da qutuları açdırmağa nail oldum. Bütün müşahidəçi heyəti ilə birlikdə çox təkidlərdən sonra səsləri saydırdıq və müxtəlif vasitələrlə nəticələri qeydə aldıq. Lakin, 40 cı məntəqə (11 saylı cəzaçəkmə müəssisəsi), 4, 16 və 30 cu məntəqələr istisna olmaqla, qalan heç bir məntəqə bizə yekun protokolları vermədi.

Təbiidir ki, sizdən göstəriş gözləyirdilər ki, protokolları kimin xeyrinə saxtalaşdırsınlar. Bu gözlənti məntəqə sədrlərinin bütün əməllərində və sözlərində öz təsdiqini tapırdı. Saat 7 dən həbsxananın qarşısında gözləyən müşahidəçimin saat 09:23 də buraxıldığı və artıq qutunun yarıya qədər dolu olduğunu gördüyü 40 cı məntəqədə isə məhbuslar bir nəfər kimi ‘’sevimli deputatlarına’’ səs verdiklərinə görə, ordan protokolu dərhal əldə etdik. Ən çirkin iyrəncliklər isə yekun protokollar tərtib olunan zaman yaşandı. 3 məntəqə (4, 16 və 30) istisna olmaqla bütün məntəqə sədrləri gözümüzün içinə baxa-baxa digər namizədlərin səslərini saxlamaqla YAP - ın namizədi Kübra Əliyarlının və Azay Quliyevin səslərini həyasızcasına artırıb protokollara yazdılar. Siz isə bizim və seçicilərimizin haqqını tapdalamaqla yanaşı, saxta ‘’seçici fəallığı’’ yaratdınız. Bir - iki məntəqə istisna olmaqla, əksər məntəqələrimizdə 10-20 % arasında olan seçici fəallığını 50 % kimi göstərdiniz. Bunları sizə yazmaqda məqsədim sizdən cavab almaq deyil. Çünki yazacağınız cavabı öncədən bilirəm: ‘’dediyiniz faktlar araşdırıldı və təsdiqini tapmadı’’. Bilirəm ki, verəcək cavabınız da yoxdur!

Ona görə yazıram ki, sabah seçicilərim mənə ‘’niyə susdun, haqqımızı tələb etmədin, səsimizi qorumadın?’’ suallarını verməsinlər. Ona görə yazıram ki, hər kəs bu ölkədə seçki mədəniyyətini də, demokratik seçki anlayışını da sizin necə məhv etdiyinizi bilsin. Təşviqat prosesində döydüyüm bütün qapıların arxasından eşitdiyim ‘’bu ölkədə seçki var? kimi istəsələr, təyin edəcəklər, qutudan o çıxacaq, saxtalaşdıracaqlar və s.’’ deyənlərin əslində haqlı olduğunu nəzərinizə çatdırım. Nəzərinizə çatdırım ki, atdığınız ‘’analoqu olmayan’’ addımlar nəticəsində növbəti seçkilərə mən və ətrafım da daxil olmaqla, heç kəs getməyəcək. Hə, bu sizin üçün problem də deyil, onsuz da istədiyiniz rəqəmi yazacaqsınız. Siz öz qanunsuz əməllərinizlə Milli Şura tərəfindən seçkidən öncə yayılmış siyahının doğruluğuna haqq qazandırdınız.

3 qat ali hüquq təhsili almış, Londonda Sığorta İnstitutunu bitirmiş, Lordlar palatasında vəkillik etmiş, 4 dildə sərbəst danışan, beynəlxalq hüquq mütəxəssisi və ölkənin düşünən beyinlərindən biri kimi sizə deyirəm ki, ‘’mərdi qova-qova namərd etməkdən’’ əl çəkin. Mən bu dövlətin, xalqın xoşbəxt gələcəyi üçün çalışan, ölkədə gedən islahatlara kömək etmək istəyən , dövlətini, xalqını, rəhbərini sevən bitərəf gənc kimi sizə ‘’əfsuslar olsun’’ deyirəm!

Ümidlərini qırdığınız 10 minlərlə təhsilli gəncin, etdikləriniz sayəsində ölkəni tərk edən milyonlarla düşünən beyinlərimizin adından sizə deyirəm ki, vaxt gələcək bu xalq sizə layiq olduğunuz cavabı verəcəkdir. Ümid edirəm ki, bir gün bu törətdiklərinizin məsuliyyətini dərk edəcək, çıxıb xalqın önündə üzr istəyəcəksiniz!

Məktubun əlavəsində seçki qutuları açıldıqdan sonra müxtəlif məntəqələrdə sayılan səslərin nəticəsini göstərən foto və videoları, o cümlədən pozuntulara görə tərtib edilən aktları göndərirəm, xatirə kimi saxlayasınız deyə…"

Xatırladaq ki, MSK həmin dairədən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev növbəti dəfə qalib elan edib.
12.02.2020 17:41:00
Oxuma sayı: 74