ATƏT və AŞPA müşahidəçiləri seçkilərdəki pozuntuları açıqladı
Ölçü:

“AŞPA-nın nümayəndəsi olaraq parlament assemblyasının 5 qrupunu təmsil edirik”.

Koordinat.az
-ın məlumatına görə, bunu AŞPA müşahidə Missiyasının rəhbəri Frank Şvabe deyib. Şvabe bildirib ki, seçkilərə hazırlıq prosesini qiymətləndiriblər: “Öncə seçkiləri izləmək üçün bizi dəvət etdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Seçkilərə hazırlıq prosesində müəyyən irəliləyişlərə baxmayaraq, səslərin hesablanmasında yol verilən pozuntular var”.

O vurğulayıb ki, səslərin hesablanması ilə bağlı prosesdə qanun pozuntuları müşahidə edilib: “Mən 30 Saylı Seçki Dairəsində 10 saylı məntəqədə bunu müşahidə etmişəm. Həmkarlarım da bəzi dairələrdə eyni halla üzləşiblər. Avropa Məhkəməsinin qərarlarının təmin olunmaması İlqar Məmmədov və digərlərinin seçkidə iştirakının qarşısını almışdı”.

ATƏT-in qısamüddətli seçki müşahidə missiyasının xüsusi koordinatou Artur Gerasimov isə bildirib ki, ATƏT DHTİB və AŞPA-nın uzunmüddətli müşahidə missiyası və 300-dən çox müşahidəçi ölkə üzrə müşahidə aparıb: “Biz ölkənin üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə əməl etməsini qiymətləndiririk, onun iqtisadiyyatını və siyasətini qiymətləndirmirik. Müşahidələr ölkənin bu sahədə fəaliyyətini yaxşılaşdırmalıdır”.

Gerasimov Azərbaycanın ərazisinin bir hissəsinin 25 ildir, işğal altında olduğunu deyib. O, bildirib ki, Ermənistanla münaqişənin Azərbaycanda seçkilərin təşkilinə təsirini yaxşı bilir. Məcburi köçkünlərin seçkilərdə iştirakını təmin etmək üçün göstərilən səyləri yüksək qiymətləndirən A. Gerasimov qeyd edib ki, bununla bərabər bütün siyasi aktyorların vəzifəsi demokratiyanı inkişaf etdirməkdir və bunun əsasında yaxşı seçkilərin keçirilməsini təşkil etmək lazımdır.

O qeyd edib ki, seçkidə çoxlu sayda namizədin iştirak etməsinə baxmayaraq, bəzi perspektivli namizədlərə iştirak imkanı verilməyib: “Namizədlərin qeydiyyatı inklüziv olub. Seçicilər məlumatları sosial mediadan alıblar, lakin bu, ənənəvi mətbuatın rolunu əvəz etmir. Mərkəzi Seçki Komissiyası şəffaf fəaliyyət göstərmək üçün çalışıb. Bununla belə, bəzi prosedur qaydalar pozulub”.

A.Gerasimov eyni zamanda qeyd edib ki, seçicilərə öz məlumatını yoxlamaq üçün imkanlar yaradılıb.

ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Elena Hoca-Qjebrea isə bildirib ki, onların 57 müşahidəçisi Gəncə, Sumqayıt, İsmayıllı, Bakı və digər rayonlarda müşahidə aparıb: “Müşahidəçilərimizə xoş münasibət vardı. Mən, həmçinin, yerli müşahidəçilərin öz işlərinə sadiqliyini də vurğulamalıyam”.

O qeyd edib ki, köçkünlərin səs verdiyi məntəqələrdə çoxlu sayda müşahidəçi olub: “Onlar öz öhdəliklərini yaxşı başa düşürdülər. Bu demokratiyanın inkişafına yönəlib”.

E.Hoca-Qjebrea qadınların və gənclərin seçkidə iştirakına da toxunub. Missiya rəhbəri ölkədəki 55 siyasi partiyanın heç birində qadın rəhbərinin olmamasından təəssüfləndiyini söyləyib: “Parlamentin komitələrində cəmi 15 qadın təmsil olunur. Biz Azərbaycanı siyasi həyatda qadınların aktiv iştirakını təmin etməyə çağırırıq. O cümlədən gənclərin demokratik proseslərdə aktiv iştirakının vacib olduğunu qeyd edirik”.

O, davamlı səylər və əməkdaşlığın fundamental məsələlərin həllinə şərait yaradacağını da sözlərinə əlavə edib.

10.02.2020 16:35:00
Oxuma sayı: 86