Dənizkənarı Milli Parka giriş iyunun 20-dən 26-dək bağlı olacaq
Ölçü:



Bakıda keçiriləcək "Formula 1” yarışları ilə əlaqədar olaraq Dənizkənarı Milli Park ərazisinin bir hissəsinə giriş qadağan olunacaq.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya bildirib ki, ümumi ərazisi 14 km olan Dənizkənarı Milli Parkın yalnız 3 km-dən bir qədər az – “köhnə bulvar” olan hissəsi bağlanacaq.

Onun sözlərinə görə, bu il də keçən il olduğu kimi Neftçilər prospekti boyunca olan bulvar hissəsi şəhər sakinləri, yarışa bileti olmayanlar və qonaqlar üçün bağlı olacaq. N.Məcidov qeyd edib ki, yarış günlərində "Azneft meydanı"ndan Dəniz Vağzalına qədər olan bulvar ərazisi bağlanacaq: “Həmin əraziyə yalnız xüsusi buraxılışı olan insanlar daxil ola biləcək. Yarışlar bilet alan insanlar da həmin günlərdə bulvar ərazisinə daxil ola biləcək. Çünki biletlərin özü buraxılış hesab olunur. Onlar həmin ərazilərdə həm əylənə, həm dincələ, həm də yarışları izləyə biləcəklər".

N.Məcidov vurğulayıb ki, bulvarın digər hissələri – “Ağ şəhər bulvarı”, “Bayıl bulvarı” və parkın “Yeni bulvar” adlanan hissəsi 24 saat şəhər sakinlərinin və qonaqların üzünə açıqdır. Onun sözlərinə görə, bulvarın həmin hissələrində müəyyən əyləncə və istirahət yerləri olsa da “köhnə bulvar” hissəsinə nisbətən azdır: “Bu qadağalar keçən il də olub. Yəqin ki, şəhər sakinlərinin müəyyən məlumatı var. Çünki ilk dəfə deyil belə qadağa tətbiq olunur. Bu da "Formula 1" yarışlarının qaydalarına əsasən, həyata keçirilir. Yarışların keçirildiyi günlərdə bulvarda çalışan əməkdaşlar üçün xüsusi buraxılış verilib. Parkın ərazisi gündə bir neçə dəfə təmizlənməlidir, bundan başqa, orada müəyyən kommunal xidmətlərlə məşğul olanlar, ağaclara, güllərə kollara qulluq edənlər var. Ona görə də bulvar işçilərinə də "Formula 1" təşkilatçılarıı tərəfindən xüsusi buraxılışlar verilib və onlar həmin müddətdə işləri ilə məşğul olacaqlar".

Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə APA-ya bildirib ki, bulvar ərazisi “Formula 1”in əyləncə zonası olduğu üçün iyunun 20-dən 26-dək bağlı olacaq.

Onun sözlərinə görə, həmin əraziyə yalnız “Formula 1” bileti olanlar daxil ola biləcəklər: “İyunun 22-dən bileti olan insanlar üçün bulvar ərazisinə giriş açıq olacaq və onlar parka daxil ola biləcəklər”.

19.06.2017 15:00:00
Oxuma sayı: 106