Enerji sektorunda arzuolunmaz durum: hasilat və qiymət azalır, xərclər yüksəlir
Ölçü:

Ən böyük neft yatağı olan “Azəri-Çıraq-Günəşli”də (AÇG) ötən il neft hasilatı 8,4 faiz azalıb, xərclər 23 faiz artıb.

Koordinat.az xəbər verir ki, son 10 gündə isə dünya bazarında “Azəri Light” markalı neftin qiyməti 20 faizə qədər ucuzlaşıb. Ən böyük qaz yatağı olan "Şahdəniz"də qaz hasilatı keçən 1 ildə 46,1 faiz artıb, dünya bazarında qazın qiyməti isə 31 faiz azalıb.

Enerji bazarında sözgedən tendensiyalara diqqət çəkən iqtisadçı alim Qubad İbadoğlu bildirib ki, hazırda dünya bazarlarında xammal qiymətlərinin ucuzlaşması davam edir. Ekspert hesab edir ki, Azərbaycan üçün durum daha ağırdır: “Çünki bir tərəfdən neft hasilatı azalır, digər tərəfdən istehsal xərcləri artır, yəni həm miqdar, həm xərc və həm də qiymət faktoru Azərbaycanın əleyhinə işləyır”.

Təbii qaza gəlincə, Q.İbadoğlu qeyd edir ki, hasilat artsa da qiymətin kəskin ucuzlaşması miqdar faktorunun effektini azaldır, ona görə də qaz ixracatından ciddi gəlirlər gözlənilmir:“Diqqət edin, 31 iyul 2019-cu il tarixinə, 2001-ci ildən etibarən AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 143 milyard 366 milyon dollar olduğu halda 2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər 2 milyard 703 milyon dollar olub”.

Ekspert hesab edir ki, büdcədə qənaət rejiminə start verilməli, dövlət vəsaitlərinin istifadəsi üzərində Hesablama Palatasının nəzarəti artırılmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, şəffaflıq və hesabatlılıq artırılmalıdır.


08.02.2020 16:34:00
Oxuma sayı: 188