Vaqif Əsədov da jurnalistlərin binasından ev almaq istəyir
Ölçü:


Son zamanlar sosial şəbəkələrdə ən çox müzakirə obyektinə çevrilən şəxs Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovdur.

Koordinat.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Vaqif Əsədovun jurnalistlərin binasından mənzil almaq iddiasını ortaya qoymasını müsbət qarşılamır. Onlar yazırlar ki, polkovnik bir neçə mülk, mənzil və villa sahibi olsa da, jurnalistlər üçün inşa edilmiş binandan mənzil almaq üçün KİVDF-də yaradılmış müvafiq komissiyaya müraciət edib.

Vaqif Əsədov gununsesi.info-ya açıqlamasında bunu inkar etməyib. O, bildirib ki, haqqında yazılan onu gözü götürməyənlərin növbəti qarayaxmalarıdır: “Əvvəla, mənim evim yoxdur. Ailə üzvlərim isə çoxdur. Siz heç bilirsiniz , mənim nə qədər ailə üzvlərim var? Kimin nə yazdığından asılı olmayaraq, Allah alnımıza nə yazıbsa, o da olacaq. Sosial şəbəkələrdə haqqımda yazılanlar ürək bulandırmadan, paxıllıqdan başqa bir şey deyil. Mənzil almaq üçün müraciət etmişəm, ya etməmişəm  ondan kimə nə? Əgər yazırlarsa ki, Vaqif Əsədovun villası filanı var, yenə deyirəm, bu ancaq  paxılıq hissidir, onlar haqq-ədalət hissini unudublar. Əgər haqqımda yazılanlar həqiqətən varsa,  onda başqaları buna niyə kədərlənir, niyə paxıllıq hissini ortaya qoyurlar?  Tutaq ki, evim var, yenə də ev istəyirəm. Bunun kimə nə aidiyyatı var, heç bilirlər mən hansı şəraitdə yaşayıram? Ən azından məni mətbuat nümayəndəsi kimi qəbul edənlər, necə olur ki, ev üçün müraciətimə belə reaksiya verirlər. Belə çıxır ki, mən sizdən deyiləm? Evi olan, ya olmayan müraciət edir, bu onların düşüncəsidir. Haqqımda yazılanlar cəfəngiyyatdır. Bu cür yazanlar fəaliyyətimə paxıllıq edənlər, yaxşı işlərimi gözü götürməyənlərdir”.
19.06.2017 12:07:16
Oxuma sayı: 149