Cəbrayıl İcra Hakimiyyəti Cocuq Mərcanlıya niyə köçmür?
Ölçü:


Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Cəbrayılın Cocuq Mərcanlı kəndində aparılan işlərin nəticəsi artıq göz qabağındadır. Ölkə başçısının 15 iyun tarixli sərəncamı ilə Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb. Bütün bunlar dövlət səviyyəsində Cocuq Mərcanlıda işlərin aparıdlığının nümunəsidir.

Bəs, Cəbrayılın İcra Hakimiyyəti Cocuq Mərcanlıya köçürüləcəkmi? Əslində İcra hakimiyyətlərinin binası harada yerləşməlidir?

Koordinat.az xəbər verir ki, Femida.az bununla bağlı araşdırma aparıb. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin I hissəsinə uyğun olaraq yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Fərhad Mehdiyev qanunun tələblərindən bəhs edib. Azərbaycan Respublikası yerli icra hakimiyyəti haqqında qanunda icra hakimiyyətlərinin təşkili və vəzifələrindən bəhs olunur. Qanunun bəndlərinə əsasən yerli icra hakimiyyətlərinin inzibati binası məhz xidmət göstərdiyi ərazidə yerləşməlidir.

Hüquqşünas icra hakimiyyətlərinin yerləşdiyi məkanla bağlı danışarkən qeyd edib ki, onlar dövlətin yerlərdə olan nümayəndəsi olduqları üçün dövlət mülkiyyətinin balansında olan binada yerləşməlidir. İcra hakimiyyətləri xidmət sahəsi olduğu üçün xidmət göstərdikləri məkanda olmalıdır.

Hüquqşünas Fərhad Mehdiyev mövcud durumda Cəbrayılın İcra Hakimiyyətinin binasının Cocuq Mərcanlıya köçürülməsinə də münasibət bildirib. Onun sözlərinə görə, əgər orada icra hakimiyyəti nümayəndələrinin normal fəaliyyəti üçün şərait varsa, inzibati bina oraya köçürülməlidir. Çünki Cocuq Mərcanlı işğal altında olan Cəbrayılın bizdə olan yeganə ərazisidir. Məntiqi cəhətdən yanaşsaq, Cəbrayılın icra hakimiyyətinin inzibati binasının Cocuq Mərcanlıya köçürülməsi məqsədə uyğundur.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Qalib Quliyev bildirib ki, icra hakimiyyətinin binasının Cocuq Mərcanlıya köçürülməsi məsələsi hələ gündəmdə deyil.

"Bəs, icra hakimiyyətinin Cocuq Mərcanlıda yerli nümayəndəliyi olacaqmı?" sualına Qalib Quliyev cavab verərkən bildirib ki, bunun üçün orada inzibati bina hələ hazır deyil. Ola bilər ki, bu məsələlər daha sonra öz həllini tapsın.

Xatırladaq ki, Cəbrayıl rayonu 25 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu tərəfindən işğal olunub. Bu səbəbdən də Cəbrayılın İcra hakimiyyətinin binası Biləsuvarda yerləşir.
19.06.2017 11:41:43
Oxuma sayı: 185